Şrift:
Fərəc Quliyev: -Ermənilərin narazılığı sözlərimizin hədəfə çatdığını göstərdi - MÜSAHİBƏ
08.04.2012 [17:00] - Müsahibə, Fərəc Quliyev
Avronest Parlament Assambleyasının ölkəmizdə keçirilən ikinci sessiyası başa çatdı. Erməni dedputatların aqressivliyi və həqiqətlərlə üzləşə bilməməkləri sessiyanın ən çox müzakirə olunan mövzularından biri oldu. Lakin orada baş verənləri və ümumiyyətlə, beynəlxalq səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini məhz Azərbaycan nümayəndə heyətinin üzvündən soruşduq. SəsTV-də yayımlanan "Həftəyə baxış" verilişinin bugünkü qonağı Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndəliyinin idarə heyətinin üzvü, millət vəkili Fərəc Quliyev olub.

- Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsinin ölkəmiz üçün əsas əhəmiyyəti nə idi?

- İlk olaraq nəzərinizə çatırım ki tarixdə ilk dəfə idi ki, Avronestin plenar iclası Avropa İttifaqı divarlarından kənarda keçirilirdi. Bu məkanın Azərbaycan olması isə, təbii ki, beynəlxalq aləmin Azərbaycana mövqeyinin göstəricisi idi. Yəni Azərbaycana göstərilən etimad burada daha əminliklə ifadə olundu. Azərbaycan isə bu fürsəti layiqincə dəyərləndirdi və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün tam hazırlıqlı dövlət olduğunu bir daha sübut etmiş oldu. Bəlkə bunu özümüz özümüz haqda desəydik qəribə olardı, amma bunu bütün Avropadan gələn qonaqlar dedilər. Həm təşkilatçılıq səviyyəsinə, həm qonaqaların qarşılanması və münasibətlər, komitələrin imzaladığı sənədlərdə iştirak səviyyəmizə görə biz ölkə olaraq özümüzü təstiqlədik. Üstəlik biz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün uzun illərdən bəri müxtəlif mübarizələr aparırıq. Bu tədbir də həqiqətlərimizin dünyaya bəyan edilməsi baxımından çox əhəmiyyətli oldu. Azərbaycan müxalifətindən, qeyri-hökumət təşkilatlarından nümayəndələr iclasda çıxışlar etdilər. Bütün Avropa ölkələri də ölkəmizdəki demokratik mühitin şahidi oldular. Söz azadlığının pozulması, insan haqqlarının pozulması haqda yaratmağa çalışdıqları imic tamamilə məhv edildi. Xüsusi bir məqamı qeyd edim ki, tədbirdə erməni deputatlardan biri Azərbaycanda söz, insan azadlıqlarının pozulması haqda bizə söz vurmağa çalışdı. Mən isə cavabında bildirdim ki, necə olur ki sizin prezidentiniz “Ağdam mənim vətənim deyil” dediyi halda orada erməni orduları saxlayır? Əgər sənin vətənin deyilsə, ordunun orada nə işi var? Üstəlik bu ordulara görə 100 minlərlə insanın hüquqları pozularaq yurdlarından didərgin salınıblar. Yüz minlərlə insanın haqqlarını pozan bir dövlətin nümayəndələrinin gəlib Avronest Parlament Assambleyasında insan haqqlarından danışmağa haqqı yoxdur. Bu sözdən sonra onlar səslərini kəsdilər. Yəni bu cür məsələlər və erməni nümayəndələrin iştirakı bizim üçün çox əhəmiyyətli oldu. Onlar gəlib Azərbaycandakı inkişafı, bütün sahələrdəki irəliləyişləri gördülər və öz ölkələrinə bitkin təəssüratlarla geri qayıtdılar.


- Dövlət başçımızın sessiyadakı çıxışı haqda nə deyə bilərsiniz?

- Ümumiyyətlə, ölkə prezidentinin çıxışı xüsusi önəm daşıyırdı. Olduqca səmimi, arqumentləşdirilmiş və Avropaya hesablanmış çıxış idi. Ermənilər öz mətbuatlarında prezidentin çıxışını sərt formada tənqid ediblər. Əslində bu bizim üçün xoş hal, müsbət nəticədir. Çünki ermənilərin prezidentin çıxışını pisləməsi deyilənlərin tam hədəfə toxunduğunu göstərdi. Çıxış zamanı beynəlxalq qanunlarla Azərbaycan həqiqətləri qarşılaşdırıldı, Qarabağ məsələsi və digər problemlərlə bağlı açıq formada fikirlər bildirildi.


- Fərəc müəllim, siz İrəvanda Avronestin komitə iclasında beynəlxalq hüquqa söykənən çıxışlar etdiniz. Lakin erməni nümayəndə heyəti isə bunun əksini sərgilədi. Bu nədən doğurdu?

- Ümumiyyətlə, Ermənistan prezidenti Serj Sarkisyanla görüşümüzün mətbuat tərəfindən izlənməsinə icazə vermədilər. Lakin mən orada yaşanan çox sadə bir məqamı diqqətə çatdırmaq istəyirəm. Bizim deputatlardan Azay Quliyev çıxışı zamanı bildirdi ki, “Mən Sisyanda doğulmuşam, lakin atamın məzarını ziyarət edə bilmirəm. Mənim kimi minlərlə insan var. Sizinkilərdən də məzarı Azərbaycanda olanlar var. Ona görə də gediş-gəliş yaratmaq lazımdır”. Hətta bu sözlərdən sonra Rövşən Rzayev də icmalar arasında görüş keçirilməsi təklifini irəli sürdü. Bu çox sadə bir təklif və fikir idi. Lakin bunun qarşılığında Ermənistan prezidenti kəskin aqressiya ilə cavab verdi ki, “Belə bir görüş və danışıq ola bilməz. Qarabağ dövləti var, Azərbaycan dövləti var, Azərbaycan isə beynəlxalq qanunları pozur”. Mən isə ermənisayağı yox, əsl azərbaycanlıya yaraşan tərzdə beynəlxalq qanunlara əsaslanaraq cavab verdim. Cavabımda bildirdim ki, Azərbaycan dövlətinin, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmasından və Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərimizdən erməni qoşunları çıxdıqdan sonra erməni əsilli Azərbaycan vətəndaşlarının bütün hüquqlarını tam surətdə qorumağa hazırdır və bununla bağlı dəfələrlə rəsmi bəyanatlar verilib. Bütün bunları deməkdə məqsədim ermənilərin Azərbaycanda etdiklərini daha dəqiqliklə və müqayisəli şəkildə çatdıra bilməkdir. Ermənilər iclasda özlərinə yaraşan formada aqressiv çıxışlar etdilər. Təhsil nazirimiz Misir Mərdanovun sözünü kəsdilər, atmacalarla öz mədəniyyətlərini də, düşüncə tərzlərini də, hüquq normalarına olan hörmətlərini də göstərdilər. Bilirsiniz, ermənilərin öz ipləri heç öz əllərində deyil. Bizim taktikamız ermənilərin bu iclasda iştirakını təmin etmək və iç üzlərini Avropaya göstərmək idi və buna da nail olduq.

- Ermənistanın baş nazirinin "Azərbaycan qəbul etmədiyi halda RLS-in Ermənistanda tikintisinə icazə verəcəyik" deyə bildirməsinin arxasında nə dayanır?

- RLS-lə bağlı çəkişmələr uzun müddətdir davam edir. Ümumiyyətlə, Qəbələ RLS-in istismarı qəti şəkildə dayandırılmalıdır. Çünki bizim buna ehtiyacımız yoxdur və çox böyük ərazini əhatə edir. İşin iqtisadi tərəfinə baxdıqda isə, bəzən ruslar bizə deyirlər ki, 300 milyon tələb edirsiniz və bu məbləğ çoxdur. Lakin ərazidəki torpağın hər sotunu 15-20 dollardan hesablasaq 300 milyondan da çox olur. Üstəlik bölgədəki şüalanma əhalinin səhhətinə ciddi təsir edir. Əslində məsələnin başqa bir tərəfi də var. Belə ki, Rusiya ilə hansı dövlətin savaşı olsa bizim də bu müharibədə iştirakımız reallaşa bilər. Ona görə də, mən öz şəxsi mövqeyimi dəfələrlə bildirmişəm ki, RLS-in kiməsə verilməsi yox, ümumiyyətlə istismarı dayandırılmalıdır.

- Sizcə, ATƏT-in Minsk qrupunun həmsərlərindən olan Fransa Avropa ittifaqı ilə əvəz oluna bilərmi? Bu məsələ Dağlıq Qarabağ münaqişəsinə necə təsir edər?

- ATƏT-in sadəcə forma rolu oynadığı bütün dünyaya məlumdur. Mən özüm də bu təklifi irəli sürmüşəm ki, Dağlıq Qarabağ məsələsini Avropa İttifaqı öz üzərinə götürsün. Çünki İttifaqın bu məslələrdəki təcrübəsi məlumdur. Məsələn, Gürcüstan-Rusiya məsələsi zamanı Avropa İttifaqı məsələyə qarışdı və faktaraşdırıcı missiya işə salındı. Daha sonra isə barışdırıcı missiya başlandı və konkret tədbirlərlə məsələ həll olundu. Avropa İttifaqının bu məsələyə qarışması bizim xeyrimizə olar. Çünki bölgədə təsir və təzyiq imkanlarına malik olan Avropa İttifaqı rahatlıqla ədalət prinsipləri çərçivəsində status-kvonu bərpa edə bilər. Avropa İttifaqının əsas missiyanı üzərinə götürməsi məqsədəuyğundur. Lakin bu ATƏT-in Minsk qrupunun kənarlaşdırılması demək deyil. Minsk qrupu da öz növbəsində informativ missiyanı həyata keçirərək ikinci rola keçirilə bilər. Bütün bunlar üçün də güc toplamalı, sözümüzü yeritməyi bacarmalıyıq.


Günay Məmmədova
Bu xəbər oxucular tərəfindən 1856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed