Şrift:
Xalqı qəzəbləndirən deputatların susdurmağın qanuni yolu tapılıb
31.01.2017 [10:55] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
“Deputatların etik davranış qaydaları haqqında” qanun hazırlanır; müxalifət funksioneri: “İnsanların heysiyyəti ilə oynayan...”

Ölkədə əhalinin qiymət artımlarından narazılığının artdığı, məcburi köçkünlərin son günlər etirazlarının müşahidə edildiyi bir dövrdə bir sıra iqtidar deputatları çıxışlarında xalqda narazılığı daha da artıran ifadələrə yol verirlər. Məsələn, biri deyir “işdən sonra fəhləlik edin”, biri deyir “ayağınızı yorğanınza görə uzadın”, o biri deyir “hər il bir paltar almayın, hər toya getməyin”, bir başqası etiraz aksiyası keçirən məcburi köçkünləri “narkoman” adlandırır.


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bu məsələdə “rekordçudur”.

Demək olar ki, ayda bir dəfə ya Milli Məclisdə çıxışında, ya da mediaya açıqlamasında elə ifadələr, cümlələr işlədir ki, ölkə bir-birinə dəyir, insanlar onu və onun simasında bütöv hökuməti qınayır. Hadı Rəcəblinin son belə açıqlaması keçən həftə məcburi köçkünlər barədə oldu. Məcburi köçkünlərin yataqxanalardakı otaqlarında “plitika”nı yandırıb pəncərəni açıq qoyduqlarını bildirdi və onların bir qisminin güzəştlərdən məhrum edilməsinə haqq qazandırdı. Deputatın belə bir qıcıq yaradan açıqlamasına etirazlar bütün sosial şəbəkəni, medianı bürüdü və narazılıqlar hələ də davam edir. Çoxları Hadı Rəcəblinin cəzalandırılmasını Milli Məclisin sədrindən xahiş edir. Qeyd edilir ki, bu cür deputatlar və məmurlar komfort şəraitdə oturub arxayın şəkildə nə gəldi danışırlar. İnsanların əsəblərini tarıma çəkən, əhalini dövlətdən narazı salan, qıcıqlandıran çıxışlar edirlər. İqtidara əslində daha çox təhlükə məhz bu cür ifadələrinə diqqət edə bilməyən deputatlardan gəlir. Belə ki, onların hansısa bir düşünülməmiş açıqlaması insanların qəzəbinə səbəb olur. .

Görünür, elə bu səbəbdəndir ki, Azərbaycanda “Deputatların etik davranış qaydalar haqqında” qanun hazırlanır. Qanun Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq və böyük ehtimalla qəbul ediləcək. Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq. Bəlkə bundan sonra danışığını bilməyən, hər dəfə ağzını açanda ictimai narazılıq yaradan deputatlar sözlərinə çəki-düzən verəcəklər.


Deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deputatlar seçilmiş insanlardır, amma o da faktdır bəzən bəzi deputatlar gerçəkdən tutduğu məqama yaraşmayan bəyanatlarla, fikirlərlə çıxış edirlər, xoşagəlməz hallara yol verirlər və bütün bunlar da ictimaiyyətdə ciddi narazılıq yaradır. Ona görə də “Deputatların etik davranış qaydaları” adlı qanun layihəsinin ortaya çıxması zərurətdən doğub.

AMİP katibi Elşən Mustafayev isə bu barədə açıqlamasında bildirdi ki, neftin qiyməti düşəndən sonra yaranan iqtisadi böhran və maliyyə problemləri, xüsusən də Tarif Şurasının son qərarları göstərdi ki, hökumətdə və parlamentdə yarıtmaz insanlar kifayət qədərdir. Məhz belə məmurlar və deputatlar yanlış addımları, çıxışları ilə narazılığı körükləyirlər: “Artıq sübuta yetib ki, parlament üzvlərinin bir çoxu deputat mandatı daşımağa layiq deyillər. Hələ bu günə kimi heç bir qurum tərəfindən bu çətinlikdən çıxmaq üçün nəinki real iqtisadi təkliflər paketi ortaya qoyulub, heç vəziyyətə uyğun adi işlər belə görülməyib. Azərbaycanın bugünkü duruma düşməsinin birinci günahkarları məhz elə bu cür deputatlar və məmurlardır. Təsəvvür edin ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri insanların sosial problemlərinin həlli ilə bağlı təkliflər vermək əvəzinə, sosial narazılıq yaradan açıqlamalar verir. Deputatları insanların heysiyyəti ilə oynayan açıqlamalar verməkdən çəkindirmək üçün addımlar atılmalıdır”.
Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə bildirdi ki, bir sıra deputatlar və məmurlar var ki, gerçəkdən də həm xalq, həm də bu hakimiyyətin özü üçün təhlükədirlər. Belə deputatlar və məmurlar hakimiyyətin də ciddi probleminə çevrilməkdədir: “Hökumətə normal təkliflər vermək, hökumətdən yaranmış vəziyyətin səbəbini tələb etmək, əslində bununla həm də hakimiyyətə də kömək etmək əvəzinə, xalqda narazılığı artıran açıqlamalar verirlər.

Həqiqətən də son zamanlar ölkədə baş verən sosial-iqtisadi vəziyyətin ağırlaşdığı şəraitdə deputatların, məmurların əhalinin bu sahədə məlumatlandırması əvəzinə, əhalidə daha da qıcıq yaradacaq fikirlər səsləndirməsi təəssüf doğurur.

Bu millət vəkilləri o şəxslərdir ki, özləri dediklərinin əksinə bir həyat tərzi yaşayır, əvəzində xalqı daha çətin şəraitdə yaşamağa, onsuz da kasıb olan cəmiyyəti nədəsə qənaət etməyə çağırır. Bu isə haqlı olaraq əhalidə ciddi narahatlıq və narazılıq yaradır. Bu cür deputatların açıqlamaları bütöv müxalifət partiyalarının bəlkə də aylarla hakimiyyət lehinə apardıqları təbliğatdan daha ciddi anti-hakimiyyət ovqatı yaradır cəmiyyətdə. İnsanları aşağılayan açıqlamalar verən deputatların cəzalandırılması mexanizmi qanunvericilikdə əksini tapmalıdır".

E.SEYİDAĞA
Bu xəbər oxucular tərəfindən 1361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed