Şrift:
Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək
12.10.2011 [16:19] - Gündəm
“Bakı Dövlət Universitetinin paytaxtdan kənara köçürülməsi ilə bağlı heç bir müzakirə və qərar yoxdur. Fikrimcə, bu, ara söhbətləridir. Ancaq universitetin yataqxana sisteminin bərpa olunması ilə bağlı ölkə prezidentinin göstərişinə uyğun uğurlu addımlar atılır”. Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.
Məhərrəmov bildirdi ki, hər bir tələbə üçün universitet həyatı yataqxanalarsız həm olduqca əziyyətli , həm də maraqsızdır. “Özüm uzun illər yataqxanada qalmışam. Bəziləri buna mənfi baxsa da, mən müsbət yanaşıram. Həyatımın formalaşmasında yataqxananın izlərini bu gün də hiss edirəm.. Yataqxana həyatı insanları bir-birinə yaxınlaşdırır. Məlum səbəblərə görə, BDU-nun yataqxanasında qaçqın və məcburi köçkünlər məskunlaşıb. Buna baxmayaraq, universitetlərin reytinqi müəyyənləşdirərkən dünyanın 20 min ali məktəb arasında Bakı Dövlət Universiteti 608-ci yeri tutub. Sual olunur ki, bizim yataqxanamız olsa, neçənci yerdə olardıq? Tam əminəm ki, biz ilk 500 yerin içərisində olmalıyıq”.

A. Məhərrəmov onu da bildirdi ki, ölkə prezidentinin göstərişi ilə BDU-nun tələbə yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər yaxın zamanlarda Masazırda tikilməkdə olan yeni qəsəbəyə köçürüləcəklər”.
Rektor hazırkı yataqxanaların yenisi ilə əvəzlənəcəyini də deyib: “Universitetin hazırkı yataqxanalarının vəziyyətini nəzərə alaraq, onlar söküləcək, yerində hündür mərtəbəli yataqxana binaları inşa ediləcək. Bunun tikintisi isə çox intensiv aparılacaq. Hazırda bir neçə layihə var. Sonda layihələrin birinin üzərində dayanacağıq”.
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed