Şrift:
Gizli Moskva-İrəvan planlarının üstü açıldı
10.04.2012 [13:41] - Siyasət
Lavrovun səfərinin şok pərdəarxası
İsrail kəşfiyyatının məlumatına görə, Rusiya Ermənistan ərazisində radar kompleksi yerləşdirərək, İrana qarşı mümkün hərbi əməliyyatların qarşısını almağa hazırlaşır


İsrailin xüsusi xidmət və hərbi çevrələrinə bağlılığı ilə tanınan “DEBKA” saytı Rusiyanın Ermənistanla gizli işbirliyi planları barədə sensasion material dərc edib. Material Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana son səfərinin pərdəarxası ilə bağlı bəzi ilginc məqamları açır. Bildirilir ki, Rusiya Ermənistan ərazisində radar kompleksi yerləşdirib oradan İsrailin İrana qarşı hərbi əməliyyatlarının qarşısını almağa hazırlaşır.

Portal qeyd edir ki, Moskva ABŞ prezidenti Barak Obamanın başının ikinci müddətə prezident seçilməyə qarışmasından istifadə edərək, regionda yaranmış vakkumu doldurmaq üçün hərəkətə keçib: “Qərbin və bir sıra ərəb ölkələrinin Suriyaya hərbi müdaxiləsini əngəllədikdən sonra Rusiya öz xarici işlər nazirini ötən həftə Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan paytaxtlarına ezam etdi. Sayta hərbi-kəşfiyyat mənbələrindən daxil olan məlumatlarda deyilir ki, bu səfərin məqsədi Amerika və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarında bu ölkənin şimal-şərq qonşularının iştirakının qarşısını almaq, onları xəbərdar etmək idi”.
Məlumatda deyildiyinə görə, Lavrovun Moskvaya qayıtmasından sonra məlum oldu ki, Rusiya ordusu Kalininqradda S-400 raketləri yerləşdirib. İsrail saytı yazır ki, Lavrovun səfərinin ardınca Ermənistan öz ərazisində Azərbaycan ərazisindəki Qəbələ RLS-ə alternativ radar stansiyası yerləşdirməyə hazır olduğunu açıqlayıb. İsrail mənbələrinə məlum olub ki, Rusiyanın Ermənistan ərazisində yerləşdirməyə hazırlaşdığı radar NATO-nun Türkiyənin Kürəcik qəsəbəsi yaxınlığında yerləşdirdiyi, İran raketlərini izləmək üçün nəzərdə tutulan ballistik raket əleyhinə radara qarşı yönələcək. Belə ki, Rusiya radar stansiyası İsrail və ya Amerika təyyarələrinin, raketlərinin uçuşu barədə məlumatları Tehrana ötürəcək. Saytın məlumatına görə, İsrail hökuməti Obama administrasiyasının fəaliyyətsizliyindən istifadə edərək Rusiyanın İranı qorumağa yönələn hərbi planlarını genişləndirməsini narahatlıqla izləyir.
Xatırladaq ki, Azərbaycan ərazisindəki Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə danışıqlarda mürəkkəb vəziyyət yaranıb. Rəsmi Bakı hərbi obyektin icarəsi üçün ildə 300 milyon dollar tələb edir. Rusiya bu məbləğlə razı deyil. Lavrovun səfəri zamanı bu məsələ ilə bağlı danışıqlar olsa da tərəflərin mövqeləri dəyişməyib. Ardınca Ermənistanın baş naziri Tiqran Sərkisyan bildirib ki, Rusiya Azərbaycanla anlaşa bilməsə onun ölkəsində radar yerləşdirə bilər. Ekspertlər bunu Rusiyanın Azərbaycana qarşı erməni kartını işə salması kimi dəyərləndiriblər. Belə görünür ki, Rusiyanın daha uzağa gedən planları var və bölgədə İranla Ermənistanı da öz içərisinə alan yeni hərbi ittifaqı formalaşdırmaq yönündə iş gedir.
Bu xəbər oxucular tərəfindən 1513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed