Şrift:
Bakıda keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatında Tokio Olimpiadasına vəsiqə qazanmaq mümkün olacaq
08.02.2017 [11:20] - İdman
Gələn il Bakıda batut gimnastikası üzrə Avropa çempionatı təşkil ediləcək. 2007-ci, 2009-cu və 2014-cü illərdə paytaxtımızda bədii gimnastika üzrə Avropa çempionatları keçirilib. Bu dəfə isə Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında 2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatının Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Beləliklə, həmin mötəbər yarışı keçirmək ölkəmizə həvalə olunub. Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, qitə çempionatlarında da Tokio Olimpiadasına vəsiqə qazanmaq imkanı olacaq. Odur ki, bu fakt Azərbaycanda keçiriləcək Avropa çempionatının xüsusi əhəmiyyətini daha da artırır.

Bu fikirləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov federasiyanın nailiyyətləri və gələcək planları barədə məlumat verərkən deyib.

F.Qayıbov bildirib ki, son illərdə inkişaf etmiş idman növlərindən biri də bədii gimnastikadır. Artıq federasiya gimnastikanın altı növünün hamısını da inkişaf etdirməyə çalışır. Bu altı gimnastika növündən dördü Olimpiya növləridir. Ümumiyyətlə, hər il gimnastikanın dörd Olimpiya növü üzrə dünya kubokları yarışları Azərbaycanda təşkil edilir. Bundan başqa, Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyasının üzv olduğu yeganə federasiyadır ki, 2019-2020-ci illərdə Olimpiya Oyunlarına lisenziya xarakterli bütün dünya kubokları yarışlarının keçirilməsi ona həvalə edilib.

Baş katib əlavə edib ki, son illər kişi idman gimnastikası növündə də inkişaf müşahidə edilir. Bunun ən yaxşı göstəricisi ilk Avropa Oyunlarıdır. Atletlərimizin bu Oyunlarda qazandıqları yeddi medaldan beşi məhz həmin gimnastika növü üzrə idi. Komandamızın lideri, ötən il idman gimnastikası üzrə dünya kubokunun qalibi Oleq Stepkonun adını xüsusi qeyd etmək olar.

“2016-cı ildə Azərbaycanın yeniyetmələrdən ibarət gimnastika üzrə komandası ilk dəfə Avropa çempionatında iştirak etmişdi. Avropa çempionatının formatına görə yeniyetmə gimnastlar qitə çempionatında iki ildən bir qatıla bilərlər. Bu il qitə çempionatında yalnız böyüklər iştirak edəcəksə, 2018-ci ildə böyüklərlə yanaşı, yeniyetmələr də iştirak edə biləcəklər. 2020-ci ildə Bakıda təşkil olunacaq kişi idman gimnastikası üzrə Avropa çempionatına Azərbaycanın yeniyetmə gimnastları da qatılacaqlar. Ümidvaram ki, onlar yaxşı nəticələr əldə edəcəklər”, - deyə AGF-nin baş katibi vurğulayıb.

Bakıda keçirilən kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarından danışan F.Qayıbov qeyd edib ki, bu kurslar ilk dəfə paytaxtımızda 10 il əvvəl keçirilib və artıq ikinci dəfə təşkil edilən kurslarda iştirakçıların sayı daha çoxdur. Kurslarda Azərbaycanı altı nəfər təmsil edir. Kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarında adətən yeni hakimlərin kateqoriya almasına və ya onların dərəcələrini artırmasına imkan yaradılır. Bu kurslar Azərbaycanın digər hakimlərinin də beynəlxalq status almaları baxımından önəmlidir. Hazırda Beynəlxalq Gimnastika Federasiyasının ən yüksək hakimlik kateqoriyası olan birinci kateqoriyaya malik hakimimiz var. Bu, Rza Əliyevdir. İnanıram ki, hakimlərimiz imtahanları müvəffəqiyyətlə verəcək və ölkəmizdə beynəlxalq dərəcəli hakimlərin sayı daha da artacaq.

AGF-nin bu il fevralın 18-19-da Milli Gimnastika Arenasında keçirəcəyi batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına hazırlıq barədə məlumat verən baş katib deyib: “Bakı beynəlxalq miqyaslı turnirlərin keçirilməsi üçün müasir gimnastika arenasına malikdir. Belə bir arenada biz demək olar ki, hər gün beynəlxalq turnirlər keçirə bilərik. Hər yarışda olduğu kimi, biz bu yarışlarda da tamaşaçıların qarşısına yeniliklərlə çıxacağıq. Bu yarışlar marağa səbəb olur və yarışı izləməyə gələn tamaşaçıların sayı getdikcə daha da çoxalır. Batut gimnastikası üzrə dünya kuboku yarışlarını artıq ikinci dəfə keçiririk. Ötən il yarışları izləməyə gələn tamaşaçıların əksəriyyəti gənclər idi və bu yarışlar onlar üçün maraqlıdır. İnanıram ki, önümüzdəki həftəsonu keçiriləcək növbəti dünya kuboku yarışlarında da tamaşaçıların sayı daha da artacaq”.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed