Şrift:
Jirinovski Putinin sözünü deyir?
09.02.2017 [10:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski son sayıqlamaları ilə gündəmə gəlib.

O, SSRİ-nin bərpası ilə bağlı məsələyə toxunaraq, bunun reallaşacağı halda Azərbaycan və Ermənistanın yalnız paytaxtlarından ibarət quberniyalar olacağını dilə gətirib. Jirinovski hətta Qarabağ münaqişəsinin həllinin mümkünsüzlüyündən danışıb, Azərbaycan və Ermənistan arasında daim müharibənin olacağını bildirib.
Ötən il ölkəmizə səfər edən və yüksək səviyyədə qarşılanan, hətta ölkə başçısı ilə görüşən Rusiya Dumasının deputatının bu açıqlamaları hiddət doğurub. İndiyə qədər hökumət səviyyəsində onun dediklərinə kəskin reaksiyaların olmaması suallar doğurur. Ekspertlər hesab edirlər ki, bir deputatın sayıqlamalarına dövlət səviyyəsində reaksiya vermək doğru deyil və ona daha çox azərbaycanlı deputatlar cavab verməlidir.


Politoloq Elxan Şahinoğlu bildirdi ki, Jirinovski Kremlin danışan dilidir: “15 il öncə deyirdi ki, Krım Rusiyaya keçəcək, amma ona heç kim əhəmiyyət vermirdi. Lakin onun dediklərinin həyata keçdiyinin şahidi olduq. Bəzi açıqlamalarını görürük ki, bir müddətdən sonra Rusiya hakimiyyəti həyata keçirir. Bəzi vaxtlarda da ağlına gələni danışır. Amma yəqin ki, yenə də onu danışdırırlar. Ümumiyyətlə, bu şəxs siyasəti biznesə çevirib. Kim ona pul verirsə, onu da idarə edir. İndi də yəqin haradansa sifariş alıb. Bunun əsasında da Azərbaycanla bağlı bu cür fikirlər dilə gətirir. Halbuki bir müddət əvvəl ölkəmizə gəlmişdi, buradan da Türkiyəyə getmişdi. Öz ölkəsinə qayıtdıqdan sonra isə hər iki ölkə ilə bağlı müsbət fikirlər səsləndirirdi. Görünür, indi də nəyisə çatmır, ona görə də bu cür açıqlamalar verir. Hətta düşünürəm ki, bir müddətdən sonra Türkiyənin də əleyhinə çıxış edəcək. Kimlərdənsə maliyyə qoparmaq üçün hər şeyi edir. İstənilən halda bu məsələlərə ciddi yanaşmalıyıq. Düşünürəm ki, onun cavabı sərt şəkildə verilməlidir. Amma hökumət, Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildirməyin əhəmiyyəti yoxdur. Deputatlar onun cavabını verməlidir. Amerikalı bir konqresmen desəydi, indi Azərbaycanın siyasi dairələrinin içinə vəlvələ düşmüşdü və onlarla siyasi bəyanatlar verilirdi. Lapşin məsələsində Rusiyaya qarşı ciddi mövqe sərgiləndi. Hesab edirəm ki, burada da elə olmalıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Jirinovskinin fikirlərinin Rusiyanın utopik ideyalarından qaynaqlandığını düşünür: “Rusiyanın istəkləri ilə gücü bərabər deyil. Çox pis vəziyyətdədir. Jirinovskinin İrəvan quberniyasi ifadəsi ona əsas verir ki, Azərbaycan ”Türkmənçay" müqaviləsini gündəmə gətirə, eyni zamanda torpaqlarımız hesabına qondarma bir erməni dövlətinin yaradıldığını müzakirəyə çıxara bilər. Rusiya tarix boyu bizimlə düşmənçilik edib. Nə qədər Rusiyaya qarşı xoş münasibətdə olsaq da, onlar öz siyasətlərindən əl çəkməyəcəklər. Amma Rusiya təklənmiş bir müttəfiqsiz ölkəyə çevrilib. Yaxın zamanda Rusiya özünün iç problemləri ilə üz-üzə qalacaq. Ona görə də Jirinovski əziyyət çəkib, sərsəm açıqlamalarını Putinin cəhənnəmə döndərdiyi Rusiya haqqında söyləsin. Azərbaycanın taleyinə Rusiya heç bir təsir edə bilməz. Azərbaycan ehtiyat etməli deyil".

Siyasi ekspert Sahib Kərimli rus deputatın dediklərinin arxasında duran mətləblərə toxundu: “Rusiya və İranın Azərbaycanda siyasi proseslərə müdaxilələr etməyə başlaması aydın sezilir. Ciddi mərkəzlər tərəfindən tezislərin hazırlanması, ictimai rəylərin formalaşdırılması, Türkiyə və Qərbin mövqelərinin sıxışdırılması aşkar görüntüdür. Araz Əlizadənin, Hacı Əbdülün açıqlamaları təsadüf deyil. Onlara verilən çeşidli cavablar, müxtəlif səviyyəli mövqelərin ümumi məzmunu Rusiya üçün ürəkaçan olmadığı üçün, Jirinovskini danışdırmaq zərurəti hiss etdilər. Və ya onun dili ilə Azərbaycanı təhdid etdilər. Hökumətin daha cəsarətli və təmkini saxlamaq şərtilə cavab vermə zərurəti var. Bütövlükdə Azərbaycan cəmiyyətinin reaksiyası isə normaldır. Zatən Jirinovskinin dili ilə aqressiv tonun seçilməsinə səbəb cəmiyyətin mövqeyi oldu. Rusiyanın Azərbaycan cəmiyyəti ilə işləməsi, öz lehinə ictimai rəy formalaşdırması üçün mexanizmlər məhduddur. Milli, dini və dil birliyimiz, mədəni yaxınlığımız baxımından çətinlikləri var. Təbii ki, əllərində başqa mexanizmlər, bizim zəif tərəflərimiz kimi xarakterizə oluna biləcək boşluqlar az deyil. Bütün hallarda dövlət və cəmiyyət həssasiyyətindən uzaqlaşmamalı, hamı məsuliyyətli olmalıdır. Susmaq lazım gələndə susmağı, danışmaq lazım gələndə danışmağı bacarmalıdır. Və ya danışmalı olanın yerinə bir başqası danışmalıdır. Əsas məsələ odur ki, Müstəqil Azərbaycan onu istəməyənlərə və ərazimizi öz coğrafiyası kimi görənlərə rəğmən var və yaşayır. Onu müstəqil və ədalətli Azərbaycan etməliyik ki, daha təhlükəsiz olsun.

Ədalət cəmiyyətin potensialının böyük çoxluğunu, yəni əslində bütün ölkəni vətəndaşın və dövlətin gücünə çevirir. Ölkəmiz güclənir və kənar təsirlərə qarşı daha müqavimətli olur".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed