Şrift:
Partiyalar dövlət büdcəsindən maliyyələşməni necə qarşılayır ?- Rəylər
10.04.2012 [18:26] - Gündəm
Xəbər verdiyimiz kimi artıq Milli Məclisə siyasi partiyaların maliyyələşməsini nəzərdə tutan qanun layihəsi daxil olub. “Qafqazinfo”nun məlumatına görə, bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunacaq sözügedən sənədin, yəni “Siyasi Partiyalar haqqında” qanuna dəyişikliklərin məğzi də artıq məlumdür.

Belə ki, sənəddə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin kriteriyaları öz əksini tapıb. Layihəyə əsasən Siyasi Partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi Partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Siyasi Partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi Partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2 maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.

Bu qanunun 17-1.1 maddəsinə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti tərəfindən bu Qanunun 17-1.2 ci və 17-1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür.

Siyasi Partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait dövlət büdcəsinə qaytarılır.

“Müsahibat uçotu haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq illik maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilir.

Maraqlıdır ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bu qanun layihəsi haqqında nə düşünür. “Qafqazinfo” dünəndən başlayaraq partiyaların mövqeyini dərc edir. Bu gün də digər partiyaların mövqeyi daxil olmaqla, ölkənin siyasi qüvvələrinin dövlət büdcəsindən maliyyələşmə ilə bağlı münasibətlərini təqdim edirik.

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, bu ədalətsiz layihədir: “Mənim bu qanun layihəsinə münasibətim çox mənfidir. Bu layihə gerçək müxalifəti kənarda qomaq üçün hazırlanıb. Bu yolla YAP-ı rahat maliyyələşdirmək istəyirlər”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə söyləyib ki, 20 ildən sonra siyasi partiyalar haqqında qanunun hazırlanmasını alqışlayır: “İstənilən halda bu layihə partiyaların institut kimi formalaşmasına kömək edən layihə kimi təqdirə layiqdir. Əlbəttə, bizim təkliflərimiz olacaq. Qanuna əlavələr və dəyişikliklər edilməlidir. Bərabər şəkildə partiyalar maliyyələşdirilməlidir”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli: “Qanunun əlavə və dəyişiklər edilmiş digər maddələri ciddi müzakirə predmetinə çevrilməsə belə partiyaların maliyyələşməsini nəzərdə tutan müddəa çox ciddi fikir ayrılığı yaradacaq. Mən, xüsusilə Milli Məclisdə təmsil oluna bilməyən, lakin davamlı olaraq bütün seçkilərdə iştirak edən qurumlarla bağlı müddəanı nəzərdə tuturam. Qanunda göstərilir ki, MM-ə seçkilərdə seçicilərin səsinin azı 3%-ni qazanmış partiyalara aralarıda bərabər şəkildə bölünməklə 10% vəsait veriləcək. Seçicilərin 3%-i təxminən 150 min səs deməkdir. Siyasi partiyanın 150 min səs yığıb parlamentdən kənarda qalması faktı bir qədər reallıq təsiri bağışlamır. Həm də bunun qanunda təsbit edilməsi məqsədəuyğun sayıla bilməz. Çünki bu halda seçki sisteminin qüsurlu olduğu üzə çıxır, onu görə ki, 150 min səs böyük güc deməkdir. Bunun isə MM-dən kənarda saxlanılması düzgün deyıl. Seçicilərin 1% səsini toplamış və MM-də təmsil olunmayan partiyalar üçün bu vəsaitin nəzərdə tutulması daha məqsədəuyğun olardı ki, Milli Məclisə seçkidə iştirak faizi nəzərə alınmaqla bu da təxminən 40-50 min seçici səsi edir. Dövlət qeydiyyatına alınmış partiyaların heç olmasa mərkəzi ofislə təmin olunması məsələsi də Qanunda nəzərdə tutulardısa, bu da çox yaxşı olardı. Amma təəssüf ki, mövcud layihədə bu nəzərə alınmayıb”.

AXCP-nin sədr müavini Razi Nurullayev: “Milli Məclisdə müzakirəsi və qəbulu gözlənilən “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik ədalətli hesab oluna bilməz. Bu qanunda nəzərdə tutulan müddəalar Azərbaycanın siyasi reallığını, güclər nisbətini və bəlkə də demokratik inkişafa təkan verəcək məsələləri özündə ehtiva etmir. Çünki, bu qanun Azərbaycanın əsas müxalifət partiyalarının maraqlarını qətiyyən nəzərə almır. Belə çıxır ki, əsas güc mərkəzi olan partiyalar arasında 10% dövlət vəsaiti bölünəcək. 90%-i isə digərləri. Bu ədalətli bölgü deyil. Venesiya Komissiyası da bu qanuna mənfi rəy verib və bu şəkildə qanunun qəbul edilməsi Azərbaycanla beynəlxalq təşkilatlar arasında gərginliyi daha da artıracaq. ATƏT də bu qanundan razı deyil və onlar da müxalifət kimi bizim narazı mövqeyimizdən xəbərdardırlar. Ümidliyik ki, ATƏT-in bu qanunun müzakirəsi ilə bağlı yaxında təşkil edəcəyi müzakirələrdə hər iki tərəfi qane edən ortam tapılacaq və ölkənin siyasi spektrini real əks etdirən və bütün zümrələri razı sala bilən qanun şəklində təsdiqlənəcəkdir” .

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: ““Siyasi partiyalar haqqında” qanununa dəyişikliklərin edilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, partiyaları xalqın formalaşdırdığı büdcə ilə maliyyələşdirmək daha doğru adımdır. Yeni qanun layihəsində güman edirəm ki, partiyaların maliyyələşməsinə kifayət qədər maliyyə ayrılacaq. Parlamentdə təmsil olunan partiyalara ayrılan 40%-in artırılmasının tərəfdarıyam. İnanıram ki, yeni dəyişikliklərin edilməsi cəmiyyətdə partiyaların nüfuzunun artmasına xidmət edəcək” .

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Gülər Əhmədova: “Milli Məclisə belə bir sənədin daxil olması təqdirə layiqdir. Uzun illər idi ki, bu məsələ ölkədə ciddi müzakirə mövzusuna çevrilmişdi. Bu ilk növbədə Azərbaycan dövlətinin qüdrətindən xəbər verir. Artıq dövlətimiz kifayət qədər güclənib. Digər tərəfdən də bu yeni bir siyasi müstəvi deməkdir. Layihədə nəzərdə tutulan şərtlərin də ədalətli olduğunu, dünya təcrübəsinə uyğun hazırlandığını düşünürəm. Sənəd müzakirə olunanda dəstəkləyəcəm” .

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə: “Bu qanun Venesiya Komissiyası tərəfindən Azərbaycan hakimiyyətinə təklif olunub. Amma Milli Məclis bu qanun layihəsini Venesiya Komissiyasının təklif etdiyi formada deyil, öz istədiyi dəyişiklikləri edib, qəbul edəcək. Hakimiyyət 2010-cu ildə parlament seçkilərində böyük müxalifət partiyalarını görmək istəmirdi və bu partiyalar seçkidə kənarda qaldılar. Bu qanun layihəsində də bizi kənarda qoyacaqlar. Amma başa düşmürlər ki, müxalifət düşmən deyil, alternativ fikrin daşıyıcısıdır” .


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: ““Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər içində ən aktual məsəllərdən biri də siyasi partiyaların maliyyələşməsini nəzərdə tutan müddəalardır. Son illər bu məsələ parlamentdə də, KİV-də də müzakirə olunur. Məncə, bu ədalətli yanaşmadır və demokratik ölkələrin təcrübəsinə əsaslanır. Bu qanun layihəsi Azərbaycan ictimaiyyətində əhəmiyyətli rol oynayan partiyaların fəaliyyətini stimullaşdıracaq” .

Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli bildirib ki, Azərbaycan Respublikasında siyasi partiyalar mütləq şəkildə dövlət büdcəsindən maliyyələşməlidir. Siyasi partiyalar hər hansı bir başqa dövlətin maliyyəsi və qrantları hesabına fəaliyyət göstərirsə, o zaman həmin partiyalar öz dövləti və millətinə yox, maliyyələşdiyi dövlətin maraqlarına xidmət etmək məcburiyyətində qalacaq: “Bütün demokratik dövlətlərdə siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşsə o zaman öz dövlətçiliyinə və milli mənafeyinə daha səmərəli xidmət etməyə çalışacaq”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: “Bu məsələ parlamentin komitə iclasında müzakirə olundu və mən çıxışımda bildirdim ki, siyasi partiyalarla bağlı bu dəyişiklik mühüm hadisədir. Partiyaların dövlət tərəfindən maliyyələşməsi siyasi partiyalara dəstəkdir və siyasi mühitin formalaşmasına kömək edəcək. Bizim qanunvericilikdə seçkilərlə bağlı qanuna da dəyişikliklər edilməlidir. Ümid edirəm ki, hər iki məsələ parlamentdə müzakirə olunacaq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, mövcud partiyaların dövlətdən maliyyələşmələri məsələsi artıq mütləq mənada nəzərə alınmalı olan zərurətə çevrilib. Təəssüf ki, hakimiyyətin hazırladığı və artıq Milli Məclisin komissiyası səviyyəsində müzakirəyə çıxardığı siyasi partiyalar haqqında qanunun yeni layihəsi müxalifət partiyalarının büdcədən maliyyələşmədən kənarda saxlanması məqsədinə xidmət edir. Dəqiq desək, hakimiyyətin bu təşəbbüsü konkret olaraq, geniş maliyyə imkanlarına malik Yeni Azərbaycan Partiyasının maddi baxımdan daha da güclənməsinə, müxalifətin isə yenə maddi çətinliklər içərisində sıxılıb qalmasına hesablanıb. Bu, çox yanlış yanaşmadır və hakimiyyət bu mövqeyinə yenidən baxmalıdır.

Fikrimcə, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsində bir neçə meyar əsas götürülə bilər. Bu meyarları ardıcıllıqla belə sıralamaq olar: Partiyaların dövlət qeydiyyatı; Ölkənin inzibati ərazi vahidlərində təşkilati mövcudluq; Rəsmi fəaliyyəti dövründə keçirilmiş seçkilərdə iştirak; Milli Məclisdə təmsilçilik; Son parlament seçkilərində topladığı seçici səslərinin miqdarı. Hesab edirəm ki, partiyalara dövlət büdcəsindən ayrılacaq vəsait məhz bu meyarların ümumiləşdirilmiş nisbəti əsasında müəyyənləşməlidir”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, partiyaların layihədə təqdim olunan formada maliyyələşməsi böyük ədalətsizlikdir: “Əli Əhmədov deməsindən belə anlaşılır ki, partiyalar üçün ayrılan pulun hamısı YAP-a verilməlidir. Amma biz hesab edirik ki, maliyyə qeydiyyatdan keçmiş və fəaliyyətdə olan partiyaların hamısına ayrılmalıdır. Biz sonuncu parlament seçkilərində 80 namizəd irəli sürmüşük. Onların bir hissəsinin namizədliyi qeydə alınmayıb, seçkidə iştirak edib qazanların da səsləri oğurlanıb. Bu gün MMP YAP qədər siyasi çəkisi olan bir partiyadır. Əgər qanun indiki təklif olunan formada qəbul edilsə biz buna qarşı çıxacağıq. Kimlərinsə sifarişi ilə deputat təyin olunanların sayına görə maliyyə ayırmaq böyük ədalətsizlikdir. Mən düşünürəm ki, maliyyə YAP-ın diktəsi ilə ayrılmamlıdır”.

Digər partiyaların mövqeyi daxil olduqca təqdim edəcəcəyik.

Sədan
Bu xəbər oxucular tərəfindən 1494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed