Şrift:
Atatürk həyatda olsaydı, İkinci Cahan Hərbi olmazdı - Əbdürrəhman Düdənginski yazır
10.02.2017 [11:29] - Xəbərlər, DAVAMın yazıları
Bu yazını Azərbaycan legionerlərinin rəhbəri Əbdürrəhman Fətəlibəyli-Düdənginski Almaniyada nəşr olunan “Azərbaycan” jurnalının 1951-ci ildə çıxan birinci sayında “Yaşasın Atatürk” başlığı ilə yazıb. Olduqca maraqlı və oxunmalı bir yazıdır. Enter.News həmin yazını təqdim edir:

Yaşasın Atatürk!

On üç ildən bəridir ki, Atatürkün yalnız mənəvi varlığı ilə hamımız birlikdə yaşayırıq.

Sabahkı nəsillər də yox olmayacaq, nuru getdikcə artacaq, hər bir mənəvi varlıqla yaşayacaq, irəliləyəcəklər.

İyirminci yüz ilin ən böyük inqilabçısı və ən böyük qurucusu Atatürkü öymək, məziyyətlərini saymaq əzmində deyiləm.

1942-ci ilin oktyabrında “Çortovi Vorota-Şeytan Qapısı” hüdudunda qızıllara qarşı döyüşürdük, həm də Azərbaycanın bağımsızlığı uğrunda vuruşurduq. Axşama qədər atəş altında savaşı idarə edən mayor - dr. Qloqer çox yorulmuşdu. Heç gözlənilmədən mənə müraciət edərək dedi: “Atatürk həyatda olsaydı, İkinci Cahan Hərbi olmazdı”. Bu sözlər mənim qəlbimi sevinclərlə doldurdu. Atatürkün qüdrətini bütün varlığımla, tam yaxından bir daha hiss etdim. Həqiqətən, Atatürk elə bir Türkiyə yaratdı ki, İkinci Cahan hərbinin gedişinə və sonuna dərin təsir etdi. Əgər 1939-da Stalinin istəklərini qəbul edib, Türkiyə Stalin-Hitler İttifaqına qoşulsaydı necə olardı?.. Bunun mənasını hər kəsdən yaxşı anlayan Çörçil o zaman Türkiyə-İngiltərə andlaşmasının imzalanmasını çılğın sevinclərlə bildirmişdi.

Hərbdən sonra sovetlərlə üz-üzə, təkbaşına buraxılan Türkiyə hərbi göz önünə alaraq sovetlərin tələblərini rədd etdi. Həm də kimsədən yardım gəlməyəcəyini bilərək, lazım olarsa, yalnız savaşacağını bildirdi. Hansı dövlət o zaman sovetlərin təzyiqinə dayana bilirdi?

Əgər 1945-47-də Türkiyə sovetlərin tələblərini qəbul etsəydi, Azad dünyanın halı bu gün nə olurdu, əcəba?

Bütün humanistlər, Türk vətəninin toxunmazlığı uğrunda sevə-sevə ölümə hazır olan, Koreyada insanlığın səadəti üçün tərəddüd etmədən, qanını əsigəməyən, böyük iç inqilabları isə bir damla qan axıtmadan yapmaq qüdrətinə sahib olan Türk millətinə heyrandırlar.

Türkiyəni ən böyük təhlükədən qurtaran, sonra isə vətəndaş savaşına soxmadan, mütləqiyyətdən cümhuriyyətə, birpartiyalı sistemdən tam demokratiyaya çatdıran Atatürkün yaradıcılığı olmuşdur.

Mən Atatürkün yaradıcı qüdrəti önündə baş əyirəm, həm də sərhəd bilməz sevgi və sayğılarımla baş əyirəm.

İstəyərək böyük fədakarlıqlara qatlanan Azad Dünyanın sarsılmaz qalası olan Türkiyənin önündə baş əyirəm..

Sevinirəm ki, Azərbaycan Türküyəm, Türkiyənin qardaşıyam mən!

“Azərbaycan” jurnalı, Münhen,

1951-ci il, № 1

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed