Şrift:
"Petkim" STAR-dakı payını artırır
13.02.2017 [11:15] - İqtisadiyyat
"Petkim Petrokimya Holding A.Ş." "STAR Rafineri"nin səhmlərinin bir qismini almaq üçün qarşı tərəflə danışıqlar aparır.Bu barədə holdinqin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, "Petkim" STAR-dakı payını 12-14%-ə çatdırmaq niyyətindədir: "Ortaq səhmdarımız olan "SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərliyi altında danışıqlar müsbət məcrada davam edir".

"Petkim" Türkiyə hökumətinin tərəfindən 3 aprel 1965-ci ildə yaradılıb və Türkiyə yeganə neft-kimya istehsalçısıdır. 2008-ci ildə SOCAR "Petkim" obyektlərinin sahibi olan "Petkim Petrokimya Holding A.Ş."-də səhm nəzarət paketini (51%) əldə edib. "Petkim" 1,9 mln. ton ümumi əsas istehsal gücü ilə əsas və yarımfabrikat neft-kimya xammalı istehsal edir. "Petkim" kompleksi aşağı sıxlıqlı polietilen zavodu, polipropilen zavodu, ətirli karbohidrogenlərin istehsalı üzrə zavod, etilen zavodu, vinil xlorid monomer və polivinil xlorid zavodu, xüsusi tullantı suları zavodu, enerji istehsalı sexi, xüsusi port və 150 mln. kubmetr saxlama həcminə malik Güzzel Hisar anbarı daxil olmaqla, 14 böyük neft-kimya zavoduna malikdir.

SOCAR Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 mln. ton neft təşkil edən neft emalı zavodunun inşasına başlayıb. 2011-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə layihənin tikinti-hazırlıq mərhələsinin təməli qoyulub. Zavod ildə 10 mln. ton xam neft (sutkada 214,000 barel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın "Petkim" üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını təchiz edəcəyi nəzərdə tutulub.

Zavodun qurulmasında əsas məqsəd "Petkim"in xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ildə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5,6 mlrd. dollar təşkil edir. 2014-cü ili may ayında 23 beynəlxalq, eləcə də Türk bankları ilə 3,29 mlrd. dollar kredit müqavilələri imzalanıb: bu kreditlərin 2,7 mlrd. dolları 18 il, 600 mln. dolları isə 15 il müddətinə imzalanıb.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed