Şrift:
Azərbaycanlılar niyə ölüm ayağında həkimə gedirlər...
13.02.2017 [11:19] - Sağlıq
Məşhur lətifədə deyildiyi kimi, digər ölkə nümayəndələrindən fərqli olaraq azərbaycanlılar həkimə müraciət edibsə, dərhal əməliyyat masasını hazırlamaq lazımdır. Çünki biz hansısa orqanımız olduğunu yalnız ağrı hiss edəndə xatırlayırıq. Kimisi bunu maddi durumun aşağı olması, kimisi də düşüncə tərzi ilə əlaqələndirir. Amma istənilən halda həkimlər, sürətli şəkildə inkişaf edən xəstəliklərin vaxtında aşkarlanması üçün il ərzində ən azı 2 dəfə müayinədən keçməyi məsləhət görür. Müasir dövrün ən üstün müayinə üsulu isə “chek-up”dır.

“Check-up” konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir. Çünki heç də hər bir xəstəlik özünü bu və ya digər şikayətlərlə biruzə vermir. “Check-up” həmçinin gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində də mühüm əhəmiyyət daşıyır. “Check-up” müayinəsinə getməzdən əvvəl bəzi məsələlərə diqqət yetirmək lazımdır. Müayinə səhər vaxtı və acqarına aparılır. Son 3 gün ərzində dəmir və vitamin C olan dərman vasitələri və çox miqdarda qida məhsulları (məsələn, qırmızı ət, ispanaq, çuğundur, turp və s.) qəbul etmək olmaz. Qadınlar üçün check-up menstruasiya dövründə həyata keçirilmir.

Qeyd edək ki, “chek-up” müayinəsi müxtəlif klinikalarda böyüklər və kiçiklər üçün olmaqla aparılır. Qiymətləri klinikaya görə 50-400 manat arasında dəyişir.

Azərbaycanlıların chek-up müayinəsinə az müraciət etməsinin səbəbləri barədə tanınmış həkim, professor Adil Qeybulla danışıb.

O bildirib ki, bu məsələdə Azərbaycanı xarici ölkələrlə müqayisə etmək doğru deyil:

“Xaricdə bu cür müayinələr icbari tibbi sığortanın hesabına həyata keçirilir. Bizdə isə icbari tibbi sığorta yoxdur. Vətəndaş “chek-up” müayinəyə getmək istəsə, öz cibindən pul ödəməlidir. Problem bundadır. Əgər icbari tibbi sığorta paketi olsa və mühüm müayinələr onun tərkibinə daxil edilsə, vətəndaşların da həkimə getməsi, öz sağlamlığının qeydinə qalması asanlaşar. Təəssüflər olsun ki, insanların imkanları o qədər çox deyil ki, onu hər tərəfə səpələyə bilsinlər. Belə olan təqdirdə mühüm məsələlər ön plana çıxır. Azərbaycan insanı xəstələndiyi halda, ağrıdığı, məcburiyyət yarandığı halda həkimə müraciət edir və imkanlarını səfərbər edir. Qalan hallarda isə yox. Ona görə də bizim xaricilərlə müqayisə aparmağımız uğurlu deyil. Müqayisə üçün şərtlər eyni olmalıdır. Bizdə isə sistemlər ciddi bir şəkildə fərqlənir”.

Professor azərbaycanlıların həkimə yalnız zərurət yarandığı vaxt müraciət etməsini sosial vəziyyətlə əlaqələndirib:

“Bu gün azərbaycanlılardan kim ən azı ildə bir dəfə həkim müayinəsindən keçir? Heç kim. Biz həkimə yalnız hansısa yerimiz ağrıyanda, hansısa patologiya baş verəndə gedirik. İcbari tibbi sığorta olanda bu problemlər olmur. Xaricdə ailə həkimləri, sığorta həkimləri var. Vətəndaşlar da bundan uğurla istifadə edirlər. “Chek-up” müayinələri Azərbaycan reallığında bahalı deyil. Bizdə tibbi xidmətlər dünya ilə müqayisədə çox ucuzdur. Sadəcə vətəndaşların əmək haqları aşağıdır deyə bu prosedurlar və qiymətlər bizə qabarıq görünür. Amma reallıq başqadır. Məsələn, xaricdə öd kisəsi əməliyyatı 8 min dollara başa gəlirsə, Azərbaycanda bu rəqəm 800 manatdır. Tibbi sığorta tətbiq ediləcəyi təqdirdə bu problemlər ortadan qalxacaq. İnsan insandır. Biz öz insanımızı şüur səviyyəsinə görə ittiham edə bilmərik. İnsanlar imkan daxilində bu işə gedirlər”.


Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed