Şrift:
Lapşin presedenti ermənilər üçün böyük zərbə oldu
13.02.2017 [11:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İcazəsiz şəkildə Azərbaycan ərazilərinə gəlmək istəyənlərin xeyli hissəsi olaydan dərs götürəcək”

Asim Mollazadə: “Azərbaycanın hərbi, onun ardınca siyasi, diplomatik sahədə əldə etdiyi uğurlar Ermənistanın iflasını daha da sürətləndirir”

Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Lapşinin ekstradisiyası fonunda demək olarmı ki, Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir?

Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, Lapşinin ekstradisiyası ilə Ermənistanın dünya birliyi qarşısında ifşa və iflası daha da sürətlənəcək: “Məsələ ondadır ki, ekstradisiya olunan Lapşin bir nəfərdir, amma əslində, mahiyyətcə həmin hadisə fonunda bir ənənə formalaşacaq. Hər halda icazəsiz şəkildə Azərbaycan ərazilərinə gəlmək istəyənlərin xeyli hissəsi olaydan dərs götürəcək. Üstəlik işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi qanunsuz olaraq istismar edən xarici şirkətlər var. Onlar da artıq başa düşəcək ki, belə davranışları uzun sürə bilməyəcək və onlar həmin əməllərinə görə əvvəl-axır, cavab verməli olacaqlar. Bu əsasda işğal olunmuş ərazilərimizə Azərbaycanın icazəsi olmadan artıq yeniləri də gələ bilməyəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanat verərək bildirmişdi ki, Qarabağ münaqiəşsi Azərbaycanın daxili işi deyil. Onlara da başa saldıq ki, bunlar Azərbaycanın daxili işidir. Həm də Xocalı soyqırımı ərəfəsində həmin ekstradisiya məsələsi bir örənək oldu ki, günün birində başqa cinayətkarlar da harda olmalarından asılı olmayaraq, etdikləri hərəkətlərinə görə, mütləq ədalət məhkəməsinə çəkiləcəklər. Bunlar çox mühüm məsələlərdir. Azərbaycan Ordusunun aprel savaşında əldə etdiyi uğurdan sonra şərtlər xeyli dərəcədə dəyişib. Diplomatik masada Azərbaycanın mövqeyi möhkəmlənib. İndidən belə hüquq müstəvisi və digər sahələrdə də Azərbaycanın mövqeyi güclənəcək. Bu mənada Lapşinin ekstradisiyası məsələsi Azərbaycanın uğuru, Ermənistanın isə dünya ictimaiyyəti qarşısında daha da ifşa olunması baxımından çox ciddi hadisədir”.


Milli Məclisin deputatı Asim Mollazadənin də fikrincə, Azərbaycanın hərbi, onun ardınca siyasi, diplomatik sahədə əldə etdiyi uğurlar Ermənistanın iflasını daha da sürətləndirir: “Lapşinin ölkəmizə ekstradisiya olunması hadisəsi Azərbaycanın beynəlxalq hüquq normalarından istifadə etməsilə bağlıdır. Biz cinayətkarı beynəlxalq hüquqi proseduralardan istifadə edərək öz əməllərinə görə ədalətin qarşısında cavab verməsi üçün gətirmişik. Təbii olaraq da Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə heç kəsin ziyarət etməsinə imkan vermirik. Bu zaman da Azərbaycan məhz beynəlxalq hüquq normalarına arxalanır.

Bu fonda Ermənistanın dünya ictimaiyyəti tərəfindən ifşa edilməsinə gəldikdə, bu istiqamətdə çoxşaxəli işlər aparılır və aparılacaq. Azərbaycan hər bir fürsətdən istifadə edərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, onun törətdiyi hərbi cinayətlərinin cəzaya layiq görülməsi yönündə mübarizəsini davam etdirəcək və ərazilərimiz işğaldan azad olunacaq”.

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed