Şrift:
Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür
14.02.2017 [10:30] - İdman
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Qitənin ən nüfuzlu klub turniri 2 aylıq fasilədən sonra pley-off matçları ilə davam etdiriləcək.
İlk oyun günündə 2 matç keçiriləcək. Fransada PSJ “Barselona”nı, Portuqaliyada isə “Benfika” Dortmund “Borussiya”sını qəbul edəcək.
PSJ ilə “Barselona” turnirin keçirildiyi ilk 57 il ərzində yalnız bir dəfə bir-birlərinə rəqib olublar. Lakin son illər bu kollektivlərin yolları tez-tez kəsişir. Son 5 ildə Fransa və İspaniya təmsilçiləri 8 dəfə üz-üzə gəliblər. Həmin matçların hamısı kifayət qədər maraqlı alınsa da, qalib həmişə “Barselona” olub.
PSJ ardıcıl 4 mövsüm 1/4 finala qədər irəliləyə bilib. Fransa təmsilçisi İspaniya klublarına qarşı keçirdiyi 13 ev oyunundan ikisində uduzub. Paris klubu 2014/15 mövsümündə 1/4 finalda “Barselona”ya (1:3) və 2000/01 mövsümünün qrup mərhələsində “Deportivo”ya boyun əyib.
“Barselona”ya məğlubiyyət həm də son 42 avrokubok oyununda yeganə yenilgidir (26 qələbə, 15 heç-heçə).
“Barselona” ardıcıl 13 mövsümdür ki, 1/8 finala çıxıb. Kataloniya təmsilçisi 1/4-ə yüksələcəyi təqdirdə, bu, rekord olacaq: ardıcıl 10-cu mövsüm.
Edison Kavani son 12 oyunda “Barselona”nın Messi-Suares-Neymar triosundan daha çox qol vurub. Bakı “İnter”inin sabiq forvardı Valter Quqlemonun qardaşının hesabında 14 dəqiq zərbə var.
PSJ-də Tyaqo Motta cəzalı, Tyaqo Silva isə zədəlidir. “Barselona”nın düşərgəsində cəzalı olmasa da, 3 nəfər – Arda Turan, Aleş Vidal və Xavyer Maskerano meydana çıxacaq durumda deyil.
Bu kollektivlər daha öncə 9 dəfə qarşılaşıblar. Bunlardan 2-də fransızlar, 4-də isə ispanlar qalib gəlib.
Dortmund “Borussiya”sı qrup mərhələsində 21 qol vuraraq yeni rekord müəyyənləşdirməklə yanaşı, qrup mərhələsində yarışın son qalibi Madrid “Real”ını qabaqlayıb. “Benfika” isə 1/8 finala vəsiqə qazanan komandalar arasında ən az xal toplayanıdır (8 xal). Lakin Lissabon təmsilçisi alman klublarına qarşı keçirdiyi 20 ev oyunundan yalnız 2-də uduzub ki, bu da yaxşı göstəricidir.
“Benfika”nın heyətində Andriya Jivkoviç cəzalı, Lisandro Lopes zədəlidir. Jonasın durumu isə sual altındadır. “Borussiya”da cəzalı olmasa da, Mario Götze və Sven Benderin zədə üzündən meydana çıxa bilməyəcəkləri dəqiqdir. Nuri Şahinlə Sebastyan Rodenin durumuna isə matç saatında aydınlıq gələcək.
“Benfika” ilə “Borussiya” indiyə qədər ÇL-də 2 dəfə üz-üzə gəliblər və hərəyə 1 qələbələri var.
Portuqaliya klubu son 6 ildə 3-cü dəfə 1/4 finala vəsiqə qazanmağa cəhd edəcək. 1997-ci ildə turnirin qalibi olan “Borussiya” isə son 10 ildə 3-cü dəfə1/4-ə can atır.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
14 fevral
23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Lissabon. “Eştadiu du Benfika”
23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Paris. “Park-de-Prens”
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed