Şrift:
Babək hərəkatının adı - “Xürrəm” nə deməkdir?
17.02.2017 [11:13] - Xəbərlər, Türkün şanlı tarixi
Babəkin həyatı, yaşayışı, inancı və mübarizəsi ilə bağlı müxtəlif fərziyyələr var. İstər elm adamlarımız, istərsə də həvəskar tarixçilər bu məsələyə fərqli baxışlar sərgiləyirlər. Ancaq əslində necədir? Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün Enter.News tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının ""Xürrəm” nə deməkdir?" yazısını tədim edir:

Son yüzillikdə Babək hərəkatının adı ilə bağlı fərziyyələr müxtəlif səviyyələrdə araşdırılıb və çeşidli izah variantları ortaya qoyulub. Hürrəmilərin adı barədə öz düşüncəmizi təqdim etməzdən öncə mövcud izah variant­larına nəzər salmaq gərəkdir.

Bir qism tədqiqatçılar “Xürrəm” sözünün Ərdəbil yaxınlığındakı Xürrəm kəndinin adından götürüldüyü versi­yasını irəli sürürlər. Bu versiyanın ciddi qəbul edilməsini əngəlləyən odur ki, Azərbaycan türklərinin bütün təbəqələrini və Azərbaycanın bütün bölgələrini əhatə etmiş bu nəhəng hərəkatın isminin hansısa kiçik bir kəndin adından götürülməsi ağlabatan deyil. Çünki əvvəla, Ərdəbil yaxınlığındakı həmin Xürrəm kəndi Azərbaycan türkünün qadim dövr tarixində nəzərəçarpacaq əlahiddə rol oyna­mayıb, həmçinin, həmin kənddən də hürrəmilər üçün fövqəladə önəm daşıyan bir kimsənin çıxdığı tarixə məlum deyil. Babəkin doğulduğu yer, bildiyimiz kimi, Ərdəbil yaxınlığındakı Bilalabad kəndi idi. Belə olduğu halda, Hürrəmiyyənin öz ismini bu kəndin adından götürməsi versiyası məntiqlə izah - oluna bilmir. Olsa-olsa, həmin kənddə hürrəmilər hərəkatı dağıldıqdan sonra hürrəmiliyə mənsub insanların yaşamasının və kəndə də sonradan məhz hərəkatın ismini vermələrini təxmin etmək olar.

Dünənəcən ağlasığmaz bir iddia ilə “hürrəm” sözünü farsca “şad-xürrəm” sözü ilə eyniləşdirməyə cəhd ediblər, halbuki sözügedən izah variantı sovet tarixçilərinin Babək hərəkatının yaranma səbəbləri ilə bağlı irəli sürdükləri versiyalarla heç cürə uyğun gəlmir. “Xürrəm”/ “Hürrəm” sözünün farsca “şad-xürrəm” sözü ilə əlaqələndirilməsi bir sıra ərəb müəlliflərinin yanlış düşüncələrə uymasından qaynaqlanır. Əbü-l-fərəc ibn əl-Cövzi “Nəqd-əl-elm və-l- üləma ov təlbisin iblisin” adlı əsərdə yazır: “Hürrəmiyan” və “xürrəm” sözü yabançı sözdür. O, insanı cəzb edən ləzzətli və maraqlı şeylər haqqında işlədilir”. Yaqut əl-Həməvi “Möcəm-əl-büldan” adlı əsərində “hürrəmi” sözünün mənasım bu cür qeyd edir. “Fars dilində bu sözün mənası şadlıq deməkdir. Bu ad altında Ərdəbildə bir kənd də var”.

Əgər doğrudan da bu hərəkat məhz ərəblərin İslam adı altında Azərbaycanı işğal etməsi, bizləri guya qırıbçatması və soyqırımına məruz qoyması səbəbindən yaranıbsa, bu “qətliama”, “külli-qırğına” qarşı çıxanların özlərini şən, gülərüzlü insanlar kimi tanıtmalarına heç bir əsas yoxdur. Axı hansı məntiqlə qisas hissi ilə alışıb-yanan üsyançılar kütləvi şəkildə deyib-gülüb, şənlənməli idilər? Hansı günlərinə sevinməli idilər? Gördüyümüz kimi, bir sıra qədim dövr mənbələrinin məntiqdən kənar və əsaslandırılmamış fikirləri əsasında tarixçilər “xürrəm” sözünün “şadlıq, şadya­nalıq” mənasını verdiyini qeyd etmişlər. Sonra da bu fərziy­yəni götürüb Abbasilərin saray siyasətinə xidmət edən tarix yazarlarının hürrəmilər haqda yazdıqları iftira və böhtanlarla calaq edərək hürrəmiləri kafir, yolunu sapmış, başıpozuq kütlə kimi təqdim etmişlər. Bir sıra tarixçilər də həmin məlumatlar əsasında Babək hərəkatının adı barədə “elmi” müddəa söyləməyə çalışmışdır. Ziya Bünyadov “xürrəm” sözünün bu kimi izahlarına aşağıdakı kimi münasibət bildi­rir: “Bu termin haqqında, həmçinin hürrəmilər dini barəsində mövcud olan bütün nöqteyi-nəzərləri ətraflı təhlil edərkən bu nəticəyə gəldik ki, “xürrəm” terminini Q.Vayl, Y.A.Manandyan, Q.Flyugel, V.Myur, Q. van Floten, İ.Velhauzen və digər tədqiqat­çıların əsərlərində olduğu kimi izah etmək olmaz. Həmin tədqi­qatçılar hürrəmiləri hər cür qəbahət və əxlaqsızlıqda təqsirlənd­irərək, “xürrəm” terminini istədikləri kimi izah etmiş, onun tarixi və etimoloji köklərini araşdırmamışlar”.

Bəzi tarix yazarları “hürrəmi” sözünün Məzdəkin qızı Xorrəmənin adından götürüldüyünü bildirirlər. Nizamülmülkdə bu haqda yazılıb: “Belə məlum oldu ki, Məzdəkin arvadı Fadənin qızı Xorrəmə iki adamla Mədaindən qaçıb Rey yaxınlığına gəldi və camaatı ərinin məzhəbinə dəvət etməyə başladı. Gəbrlərdən bəziləri onun məzhəbini qəbul etdi. Camaat onlara “xorrəmdinlər” ləqəbi verdilər”.

Ümumiyyətlə, Babək və hürrəmiyyənin dini-ideoloji baxımdan Məzdəklə əlaqələndirilməsində müəyyən həqiqət payı vardır, lakin Məzdəkin özünün dini görüşləri bu günümüzə yalnız təhrif olunmuş formada gəlib çıxdığına görə bu haqda yazılmış mənbə məlumatlarına inanmaq çətindir. Bununla yanaşı, onun barəsində yazılan digər iftiralar və böhtanlar (guya dünya qadınlarını kişilər üçün ana-bacı, ailə üzvü demədən halal etməsini, əxlaqsızlıq yaymasını, xalqa və Sasani şahına yalan danışması və s.) kimi, onun arvadının qızı (yəqin ki Məzdəkin ögey qızı) Xorrəmənin atasının ölümündən sonra Rey (indiki Tehran) civarına gəlib insanları öz ərinin (?) məzhəbinə dəvət etməsi və hürrəmilərin də öz məzhəblərinin adını guya bu qızın adından götürmələri barədə yazılanlarda da böyük bir təhrifin olduğu açıq şəkildə hiss olunmaqdadır. Çünki farsların Sasani imperiyası məhv olduqdan sonra bölgədə yaşayan bütün dinlərin mənsublarına (bütpərəstlik istisna olmaqla) dözümlə yanaşan İslam xilafəti onlardan dövlət xəzinəsinə vergi (qeyri-müsəlmanlardan alınan cizyə nəzərdə tutulur) toplamaq üçün onları öyrənir və nəzarətdə saxlamağa çalışırdı, İslamın bölgəyə ilk gəldiyi VII əsrin 40-50-ci illərində, eləcə də sonrakı onilliklərdə Azərbaycanda, Arranda, İran yaylasında “xorrəmdin” adlı ayrıca bir dinin olduğunu təsdiqləyən məlumat yoxdur.
Azərbaycan tarixşünaslığında “hürrəmi” sözünün mənşəyi ilə bağlı özünə yer eləmiş fərzyyələrdən biri də hürrəmilərin atəşpərəst hesab olunmaları ilə bağlıdır. Bu haqda “Azərbaycan tarixi” kitabı bunlan bildirir: “Məzdəkilərin və hürrəmilərin atəşpərəst olması haqqında orta əsr müəlliflərinin əksəriyyətinin fikri yekdildir. Ona görə də akad.Z.Bünyadov “xürrəm” sözünü pəhləvi dilində “xür” - od və “xvar” - günəş anlamında mənalandırmışdı”. Z.Bünyadov özü bu haqda bunları yazır: “F.Engelsin fikirlərinə, həmçinin, A.Müllerin və N.V.Piqulevskayanın müşahi­dələrinə əsasən biz belə bir nəticəyə gəldik ki, “xürrəm” terminini qədim fars və qədim erməni sözü olan “xur”, “xvar” - “günəş”, “gözə görünməyən, mücərrəd atəş” sözləri ilə əlaqəli surətdə izah etmək bəlkə də daha doğrudur. Bu haqda N.Emin və N.Nemətov da öz əsərlərində yazırlar” . Gördüyümüz kimi, Z.Bünyadov adını çəkdiyi digər tədqiqatçılar kimi, zamanın və ictimai quruluşun tələblərindən irəli gələrək kommunizm ideologiyasının banilərindən biri olan Fridrix Engelsin “cilalanmamış” fikirlərini əsas götürməklə hürrəmilər hərə­katının ismini fars-erməni dillərinin lüğət bazası ilə açıq­lamağa çalışmışdır, yaxud buna məcbur olmuşdur. “Çalışmış­dır” sözünü bu yerdə ona görə işlətdim ki, bu versiyanın həqiqətəuyğun olmasına Z.Bünyadovun özündə də bir şübhə var, əks təqdirdə o, bu haqda fikrə “bəlkə də daha doğru olardı” ifadəsini əlavə etməzdi. İndi, əski sovet islamofobiyasının tarixə gömüldüyü bir vaxtda, həm məzdəkilərin, həm də hürrəmilərin atəşpərəst olmadığını isbatlayacaq dəlillər sadalanaraq ortaya qoyulduqdan sonra “hürrəmi” sözünün pəhləvi dilində yaxud erməni-hay dilində yozulan məna versiyalarının özünü əsla doğrultmadığını söyləyə bilərik. Tamamilə məntiqdən uzaq versiyalara illər uzunu insanları inandırmağa çalışıblar. Guya Abbasilər xilafətinə qarşı 22 il dirəniş göstərmiş və Dərbənddən Qarsa, Həmədana, İsfahana və Xorasana qədər ucsuz-bucaqsız əraziləri əhatə etmiş Hürrəmilər hərəkatı Ərdəbil yaxınlığındakı hansısa kiçik bir kəndin yaxud bir qadının adından götürülübmüş. Və yaxud bu cərəyanın mənsubları “şad-xürrəm” olduqlarına görə onlara hürrəmilər deyilibmiş. Guya hürrəmi sözü insan azadlığını ifadə edən “hürrəm” (azadam, özgürəm) sözündən yaranıbmış.

Bunu xüsusilə bildirməkdə fayda vardır ki, həm Səid Nəfisidə, həm də Z.Bünyadovun əsərində bir sıra ərəb tarixçilərinin bu hərəkatın ismini “X” yox, “H” hərfi ilə (yəni ərəb əlifbasında nöqtəsiz “ha” ilə) – “Hürrəmilik” / “Hürrəmiyyə” şəklində yazdığı göstərilməkdədir, bu səbəbdən də adını çəkdiyimiz tədqiqatçı-alimlər, kitabın müxtəlif yerlə­rində verdiyimiz sitatlardan da göründüyü kimi, həmin sözləri “H” hərfi ilə qeyd etmişlər.

“Hürrəm” sözünü “özgürəm, azadam” şəklində də yorumlayan tədqiqatçılar var, lakin belə olan tərzdə də ortaya maraqlı sual çıxır: onda niyə babalarımız daha qəddar düşmənimiz olan Sasanilərə qarşı eyni formada - ən radikal bir şəkildə üsyana qalxmayıblar? Niyə ərəblərdən qat-qat zalım olan, bizləri açıq-aşkar əritmək və fiziki cəhətdən qırıb məhv etmək xətti tutan Sasanilərin 400 illik hakimiyyət dönəmi hansısa Babək (Həsən) kimi türk sərkərdəsinin ortaya çıxmasına və ya bu nəhəng bölgədə Hürrəmilər kimi nəhəng bir hərəkatın alovlanmasına gətirib çıxarmayıb? Axı bunun üçün hər cür əsas var idi. Biz istisna etmirik, batini təriqətlərin hər birində ismin ilkin hərfi mənası və dərində yatan batini məna çalarları var idi, ola bilər ki, “Hürrəmi” təriqət isminin adının ilkin hərfi məna yozumu “hürr (azad) olmağı” ifadə edirdi, lakin yalnız bu məna yozumuna aldanıb bu sözün batini məna çalarlarını diqqətdən kənarda qoymaq da olmaz.

Hürrəmi (Hürrəmi) hərəkatının adı heç də göydən götürülməyib. Bu adda elə dərin və mühüm mətləblər gizlənir ki, onları tam şəkildə açmaq Azərbaycanın milli düşüncə tərzinə sahib hər bir tarixçisinin boynunun borcu olmalıdır.

Əvvəla, bunu bildirmək olar ki, Hürrəmilər öz təriqət­lərinin ismini “Hürrəmiyyə” kimi qeyd etməklə əslində İslamda “təqiyyə” adlanan gizlətmə üsulundan istifadə etmişlər, hər halda, ərəb dilində “hürr” (cəmdə “əhrar”) sözünün “azad” mənasında işlənməsi bunu söyləmək üçün əsas verir. Belə ki, İslamın batinilər qolu ilə birbaşa əlaqəli olan Hürrəmiyyə təriqəti “azad insanlar” məna yozumu ilə öz batini görüşlərini qorumağa çalışmışlar. Məhz bu səbəbdən ərəb müəllifləri Hürrəmiyyənin ideya mahiyyətini aça bilməyib “azad insanlar” fikrindən yapışaraq onları “sapıq”, “haramları halal bilənlər”, “başıpozuqlar”, yəni bu günkü terminologiya ilə ifadə etsək, “anarxistlər” kimi qələmə vermişlər.

“Hürrəm” sözünün yeni etimoloji izahları arasında iki versiya daha çox diqqəti çəkir. Və deməliyik ki, bu iki versiya mahiyyət etibarilə bir-birini təkzib də etmir. Bu izahlardan biri həmin sözün məhz “Hürrəm” kimi oxunmasmı vacib edir. Bu versiyaya görə, söz “HÜRR + əm” (sonuncu hissəcik dilimizdə I şəxs üzrə fel sonluğudur) şəklində oxunmalıdır.

Əcəba Babəkin (Həsənin) özünə “hürrəm” (oxu: “Mən Hürrəm”) deməsi nə ilə əlaqədar ola bilər? Kimdir Hürr adlı şəxsiyyət? Hürr Kərbəla düzündə şəhadətə qovuşmuş üçüncü imam Hüseynin ən yaxın silahdaşı olub gözünü qırpmadan özünü haqqın yolunda fəda etmiş igid bir müsəlman döyüşçüsüdür. Babəkin tərəfdarlarının özlərini Hürrə bənzətmələri Kərbəla faciəsinin mühüm əhəmiyyətini görməzlikdən gələn Abbasilərin yürütdüyü səhv siyasətə bir cavab idi. Babəkin atəşpərəst yox, məhz müsəlman olmasını hərəkatın adı ilə bağlı söylənən versiyadan da görmək müm­kündür. Sovetlərin atəşpərəst yapdığı Babəkin “Hürrəm” adlı hərəkata rəhbərlik etməsini anlamaq heç cür mümkün deyil, ancaq müsəlman Babəkin bu ada nədən müraciət etməsi tamamilə anlaşılandır. Məhz bu mənada mən Şah İsmayılın Hürrəm hərəkatından altı əsr sonra Kərbəlada məhz Hürrün qəbrini açdırması hadisəsini heç də təsadüfi hesab etmirəm. Hürrəm hərəkatının cəfəri-qızılbaş mahiyyətinin açılması öz- özlüyündə sonrakı Qızılbaşlıq hərəkatının tarixi köklərə sahib olmasını və heç də Osmanlı tarixçilərinin iddia etdiyi kimi, “islamda səhv yol” olmadığını bir daha tutarlı dəlillərlə sübut etməyə imkan verir.

“Xürrəm” və ya “Hürrəm” adının yozumu ilə bağlı digər həqiqətəuyğun versiya bu sözə ərəb əlifbasında yazılan tərzdə, yəni hərəkəsiz “XRRM” / “HRRM” formasında yanaşma tələb edir. Sözün bu məna yozumu miladdan öncəki Qam görüşləri və qədim astroloji bilgilərlə sıx bağlıdır. Bu haqda düşüncələri bölüşmək üçün əvvəlcə dilçiliyin ümumi qanunauyğunluqlarına nəzər salmaq lazımdır.

Dilçilik elminə görə, hər dilin özünəməxsus söz yaratma metodları vardır (məs., bizim dildə hecaların təkrar olunması yolu ilə “nənə”, “baba”, “bibi”, “dədə” və s. sadə sözlər yaranıb). Bu kimi ilkin söz yaratma metodlarına sözün güzgü üsulu ilə, yəni tərsinə oxunaraq məna verməsi də daxildir. Təsadüfi deyil ki, bir çox hallarda sözün gizli qalan əsl mahiyyəti onun tərsinə oxunması yolu ilə üzə çıxır (məsələn, ilkin olaraq insan mənasında işlənmiş “kişi” sözünün tərsinə “işik” / “ışık” kimi oxunması bəşəriyyətin işıqdan, nurdan yaranması haqda qədim fəlsəfi dünyagörüşü ilə tam səsləşir).

“Xürrəm / Hürrəm” (XRRM) sözünün məna yozu­munda həmin metoda müraciət etsək, miladdan öncəki minillik Oğuzlarının (Skuzların və Şkuzların) müharibə-savaş simgəsi sayılan Mars planetinin adı ilə (MƏRRİX) üzləşirik. Tədqiqatçıların bildirdiyinə görə, Babək hərəkatının 21 mart tarixində, yəni astroloji cəhətdən Mərrix planetinin təsiri altında olan Qoç bürcünün göy qübbəsinə hakim olduğu gün başlanması heç də təsadüfə oxşamır (xatırlayaq ki, Qoç bürcünün özünün də latınca adı qədim Skiflərin / Şkuzların Mars qılıncı hesab edilən “Aries” qılıncının adı ilə eynidir). Novruz (Ulus Günü) axşamı – “yeni aypara doğan gecə” başlanan bu hərəkat, göründüyünə görə, özündə təkcə dərin dini-fəlsəfi baxışları əks etdirməmiş, eyni zamanda, gizlin astroloji biliklərə sahib olan qədim Qamlarımızın dünyagörü­şünü, Tanrıya yönəlik batini inanclarını da ehtiva etmişdir. Üstəlik, bir inkaredilməz fakt da var - astrologiyada Mars (Mərrix) planetinin rəngi kimi məhz Al (qırmızı) rəng göstərilir ki, hürrəmilərin də üsyan bayrağı məhz bu rəngdə olmuşdur. Yəni Babək hərəkatı mahiyyət etibarilə qədim tarixi keçmişimizin bir çox hadisələrinin, babalarımızın müxtəlif dövrlərdə apardıqları mübarizələrin bir-birinə bağ­landığı vahid zəncirin bir halqası hesab edilə bilər. “Xürrəm” sözünün “Hürrəm” və “Mərrix” məna yozumları təkcə Babək hərəkatına sovet tarixşünaslığının hakim və ənənəvi baxış­larını alt-üst etmir, həm də Babək şəxsiyyətinin və Hürrəmiliyin gizlində qalan əsl mahiyyətini açıb millətə göstər­məyə imkan verir.
Bu xəbər oxucular tərəfindən 1936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed