Şrift:
Güney Azərbaycanda mədəni soyqırımın ilk addımları-Elçin HATƏMİ
12.04.2012 [18:55] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İranda Məşrutə inqilabından sonra Rza şah 1925-ci ildən başlayaraq müxtəlif yollarla hakimiyyətə gəldi. Elə o zamandan başlayaraq İranda Azərbaycan türklərinə qarşı sistemli şəkildə vandalizm və mənfi assimliyasiya, mədəni soyqırım siyasəti həyata keçirilməyə başladı.
Bütün resurslar fars dilini və mədəniyyətini, xüsusilə də Azərbaycan türkcəsinə və mədəniyyətinə qarşı qorumaq üçün sərf edildi, Azərbaycan türkləri də daxil olmaqla digər millətlərin dili və mədəniyyəti talan edilməyə başlanıldı. Qeyd etmək lazımdır ki, bu siyasətin təməli ari irqi məsələsinə dayanır. Avropada təhsil alan bir çox fars və başqa millətlərə mənsub ziyalılar elə düşünürlər ki, aridən üstün irq yoxdur. Halbuki bu iddianın heç bir elmi əsası yoxdur. Əllərində heç bir dəlil olmayan farslar məqsədlərinə digər millətlərin, o cümlədən də Azərbaycan türklərinin tarixini, dilini və mədəniyyətini məhv etməklə nail olmaq istədilər.


Tarixin saxtalaşdırılması:
fars təhqirinə məruz qalan türk həqiqətləri


Demək olar ki, Pəhləvi sülaləsinin hakimiyyət illərindən başlayaraq Azərbaycan türklərinə aid olan bütün kitabxanalar yandırıldı, tarixi əsərlər və abidələr məhv edildi. Türk dilində oxuyub-yazmaq qadağan olundu, Azərbaycanın tarixi təhrif olundu. Məsələn, Azərbaycan türkcəsini fars dilinin əski bir ləhcəsi olaraq cəmiyyətə təqdim etməyə başladılar. Hətta “siz türk deyildiniz, monqollar gəlib sizi türkləşdirdilər” kimi tarixi təhrif etməkdən də çəkinmədilər. Məktəblərdə tədris edilən tarix dərsliklərində türklər vəhşi millət kimi təsvir olundu, türklərin soyu monqol olaraq yazıldı. Hətta tarixi saxtalaşdırıb millətimizi təhqir edənlər Azərbaycan türkləri haqqında “bu vəhşı millət İrana gəlib fars mədəniyyətinin təsiri ilə özlərinə mədəniyyət yaradıblar” yazmaqdan da çəkinmədilər. Demək olar ki, Rza şahın hakimiyyəti ilə ölkədə digər millətlərə qarşı mədəni soyqırım başladı. İranda bu irqçi ideologiyanın təməli vahid millət, dil və ari soyuna dayandı. Bu vandalizmi və mədəni soyqırımı 1946-cı ildə İran ordusunun Güney Azərbaycanı işğalı zamanı da görmək olar. 30 minə yaxın ziyalı və mübariz qətlə yetirildi, türk dilində təhsil verən məktəblər bağlandı, evlərdən ana dilində qucaq-qucaq kitablar toplanaraq Təbrizin mərkəzində yandırıldı. 70 mindən çox ziyalı və Milli Hökumətə mənsub siyasətçilər Sovet İttifaqına sürgün edildi. Fars və digər millətlərə mənsub manqurtlaşmış akademiklər, şairlər, ziyalılar, mollalar, xanlar, feodallar və s. Pəhləvi sülaləsinin bu cinayətinə dəstək olaraq onlara qolçomaqlıq etdilər.


Yeni adla köhnə siyasət:
Pəhləvidən Xomeyniyə bir addım


Lakin Pəhləvi sülaləsi devrildikdən sonra Xomeyni birlik və bərabərlik şüarı ilə hakimiyyətə gəlsə də, söylənilən şüarlar kağız üstündə və dildə qaldı. Əməli nəticəsi isə olmadı. Yeni qurulan hakimiyyət Pəhləvil sülaləsinin daha çox irqçi siyasətinə üstünlük verdi. Şiəçilik ideologiyası fars irqçiliyinin dirçəlişində istifadə edildi. Şiəçilik İranda fars şovinizminin bir ünsürü kimi qeyri-rəsmi olaraq irqçi ideolgiyaya xidmət etməyə başladı. Bu siyasət indiyədək də davam edir. İranda dövlət məmurları, hakim elita, irqçi alimlər və bütün hakim güclər yaxşı bilirlər ki, bir dilin təhsili və tədrisi ona bağlılığı artırır, dilin inkişafına, qorunub saxlanılmasına xidmət edir. İranda son 90 ildə fars dilinin, tarixinin, mədəniyyətinin təhsil sistemində tədrisi, eləcə də yerli medianın bu dildə fəaliyyəti Azərbaycan türklərinin dilinin və mədəniyyətinin talan edilməsində böyük oynadı.


Yalnız dillərdə və ürəklərdə yaşayan məhkum Azərbaycan türkcəsi:
təsbehə dolaşaraq əbayla sürünən fars dili


İran rəsmiləri hər zaman, məsələn, ana dili və ya poeziya günlərində televiziyada çıxış edərkən fars dilini və ədəbiyyatını bütün iranlıların milli kimlik rəmzi adlandırır və ölkədə vəhdət amilini vurğulayırlar. Hətta İran prezidenti Mahmud Əhmədinejad “Fəcr” adlı şeir gecəsində demişdi ki, fars dili insanlıq və hünər dilidir. İranın sabiq prezidenti Məhəmməd Xatəmi isə fars dilini İranın kimliyini daşıyan bütün insanların kimlik rəmzi adlandırıb. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi də hər zaman fars dilini müdafiə edərək bu dilin inkişafı üçün əmrlər verib. Məsələn, fars dili və mədəniyyəti mərkəzlərinin üzvləri ilə görüşərkən bu dilin inkişafını təkidlə dəstəkləyərək hər il mərkəz üzvlərini mükafatlandırır. Ayətulla Xamneyi hər zaman özünü fars dilinin vurğunu və aşiqi kimi təqdim edib. Hər il İran dövlət rəsmilərinin qərarı ilə yüz minlərlə cild fars dilində yeni kitablar dərc edilir, Tacikistanda və Əfqanistanda pulsuz paylanılır.


Güney Azərbaycanın mədəni soyqırımına yönələn zərbələr:
türk mədəniyyətini və dilini kəsməyə çalışan qanlı əllər


İranda 90 ilə yaxındır hökumət, QHT-lər və rejimə xidmət edən şəxslər tərəfindən bütün maddi-mənəvi resurslar Azərbaycan türklərinin mədəni soyqırımına səfr olunur. Sistemli şəkildə yürüdülən bu siyasəti bir neçə amillə göstərmək olar:
- Azərbaycan coğrafiyasına mənsub olan tarixi əsərlərin, abidələrin qorunması üçün dövlət tərəfindən vəsaitin ayrılmaması;
- Rəsmi və ictimai yerlərdə, hətta uşaq bağçalarında Azərbaycan türkcəsində yazıb-oxumağın qadağan edlməsi;
- Bütün şəhərlərin, kəndlərin, çayların, dağların, meşələrin, yolların, bölgələrin və s. adlarının dəyişdirilərək farslaşdırılması;
- Uşaqlara türk dilində ad qoyulmasının qadağan edilməsi, fars şahlarının, şəxsiyyətlərinin, imamların adlarının zorla verilməsi;
- Hər il milyonlarla cild fars dilində fars mədəniyyətinə aid kitablar dərc edildiyi halda, türk dilində nəşrlərə qadağa qoyulması;
- Milli düşüncəli şəxsiyyətlərin, alimlərin, ziyalıların, mübarizlərin, musiqiçilərin həbs edilməsi, işgəncə verilməsi və fəaliyyətlərinin qadağan edilməsi;
- Azərbaycan türklərinə mənsub milli fəalların həbs edilməsi, işgəncə verilməsi, sistemli şəkildə sürgün edilməsi
- Qeyri-fars millətlərinə mənsub idmançıların, alimlərin, tarixi qəhrəmanların, şairlərin, musiqiçilərin fars kimi qələmə verilməsi;
- Bütün KİV-lərdə Azərbaycan türklərinin təhqir edilməsi, aşağı statuslu insanlar kimi təqdim edilməsi. Məsələn, 2006-cı ildə İranın rəsmi dövlət qəzetində Azərbaycan türkləri “tarakan”a bənzədilərək bir daha təhqir edildi. Buna etiraz edənlərdən qətlə yetirilənlər oldu, minlərlə milli fəal həbs edildi, işgəncəyə məruz qaldı.
- Güney Azərbaycanın müxtəlif adlarla kiçik bölgələrə bölünməsi. Məsələn, Həmədan, Zəncan, Qəzvin və Ərdəbil adlı vilayətlərə bölüb bu yolla da Azərbaycanın adının coğrafiyadan tamamilə silinməsinə çalışmaq;
- Güney Azərbaycanda ekoloji böhranın yaradılması. Məsələn, Urmiya gölünü məqsədli şəkildə qurutmaqla minlərlə soydaşımızı ata-baba torpaqlarından didərgin salıb assimilyasiya siyasətinə məruz qoymaq;
- Fars bölgələrində iqtisadi sektorların yaradılması, yeni iş yerlərinin açılması, dövlət tərəfindən sahibkarlara dəstək verilməsi. Nəticədə Pəhləvi hakimiyyətindən indiyədək türklər məcbur qalıb fars bölgələrinə köçməli olurlar.
- Uşaq bağçalarında uşaqlardan fars dilində danışmağın tələb edilməsi və fars dilini bilməyənlərin ağır şəkildə tənbeh və təhqir edilməsi.


Beynəlxalq qanunlar, cəzasız qalan cinayətlər:
Dünya Güney Azərbaycandakı mədəni soyqırıma hələ də susur


Avtoritar irqçi - fars mədəniyyətinə və ari soyuna dayanan rejimin uzun illər yürütdüyü bu siyasəti Azərbaycan türklərinə çox ağır mənəvi və maddi zərbələr vurub. Statistika göstərir ki, Məşrutə dönəmində Azərbaycan türklərinin sayı farslarla müqayisədə iki dəfə çox olub. Halbuki indiki statistikaya görə türklərin sayı azdır. Bu göstərici rejimin yürütdüyü siyasətin nəticəsidir. İran rejiminin Azərbaycan türklərinə qarşı bu siyasəti və saxtakarlığı misilsizdir və dünyanın demək olar heç yerində bunun bənzərinə rast gəlmək olmaz. Azərbaycan türklərini təfəkkürür, beyin istismarına məruz qoyaraq fars maraqlarına xidmət edən şəkildə istifadə ediblər. Bu zehni istismar sayəsində XX əsrin əvvəlindən başlayaraq bir çox Azərbaycan türkü manqurtlaşdırılıb, öz mənfəətini nəzərə alaraq farsın marağına qulluq edib. İndi də Güney Azərbaycanda bu cür manqurtların sayı az deyil. XX əsrin əvvəlində İranda hakim olan avtoritar, irqçi hökumətlər Almaniyada meydana gələn nasizmdən, İtaliyadakı faşizmdən, Fransadakı şovinizmdən illam alaraq bunları Azərbaycan türklərinə tətbiq etməyə çalışıblar. Soyqırım tək fiziki deyil, həm də mənəvi olur. Bir millətin dilini, mədəniyyətini, iqtisadi varlığını, fərdi təhlükəsizliyini məhv etməyə çalışanlar soyqırım törədənlərdir. Bu da vandalizm cinayəti və mədəni soyqırım kimi qeydə alınır. Ümumdünya İnsan Haqları Bəyannaməsi (1948), BMT-nin hər cür irqçiliyə son qoyulması barədə müqaviləsi (1965), Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması müqaviləsi (1948), Müstəmləkə altında olan xalqlara azadlıq verilməsi müqaviləsi (1960), Ümumdünya Dil Haqları Bəyannaməsi (1996), Milli və etnik qrupların haqlarına dair Bəyannamə (1993), İqtisadi, mədəni və siyasi haqlara dair müqavilə (1966) göstərir ki, İran rejiminin Azərbaycan türklərinə qarşı yürütdüyü siyasət beynəlxalq hüquqa və insan haqları normalarına ziddir. 1998-ci il tarixində yaradılan və 2002-ci ildən fəaliyyətə başlayan Beynəlxalq Cəza Məhkəməsi İran hökumətinin insanlığa yaraşmayan siyasətini cinayətkarlıq kimi tanıda bilər.


Azadlığın ayaq səsi:
oyanışın əzəmətli hayqırışı


İranda mövcud hökumətin Güney Azərbaycan türklərinə qarşı ədalətsizliyinə və irqçi siyasətinə etiraz olaraq dinc və sivil yollarla mübarizə aparan milli fəallar, o cümlədən də GAMH üzvləri irqçi hökumətin və onun qulluqçularının bütün hədəflərini puça çıxartdı. Rejimin mədəni soyqırıma yönələn siyasəti bu gün də davam edir. Azərbaycanın mədəni, siyasi fəalları, ziyalıları amansız siyasətin qarşısında dayanaraq millətimizin oğurlanmış varlığını özünə qaytarmağa çalışırlar. Son on ildə Güney Azərbaycanda Milli Hərəkatın fəaliyyəti həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində sürətlə inkişaf edir. Etiraz aksıyalarında on minlərlə Azərbaycan gənci rejimin üzünə bağıraraq “Haray, haray, mən türkəm!” hayqırır. Getdikcə xalq öz keçmişinə qayıdır və milli dəyərlərinə sahib çıxır. Milli Hərəkatın bütün qrupları, dərnəkləri, cəmiyyətləri bir cəbhədə vahid hədəfə doğru irəliləyərək öz müqəddəratlarını təyin etməyə bir addım da yaxınlaşırlar.

Yaxındadır, lap yaxında:
üçrəngli bayraq Savalanda dalğalanır


Əgər Güney Azərbaycanda siyasi fəaliyyət bu şəkildə davam edərsə, gözlənilən və arzu olunan gələcək yaxındır. Güney Azərbaycan türkləri də öz milli, mədəni və siyasi haqlarına nail olaraq milli mübarizənin qələbə ilə sona çatan nəticəsinə qovuşacaqlar. Bununla da İranda fars irqçiliyinə bağlı rejimin uzun illər davam edən soyqırım və assimilyasiya siyasətinə birdəfəlik son qoyulacaq!

Elçin HATƏMİ
Bu xəbər oxucular tərəfindən 1691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed