Şrift:
Ermənilərin öldürdüyü 8 yaşlı azərbaycanlı haqqında film
13.04.2012 [12:16] - Hadisə
Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə ANS Televiziyası tərəfindən çəkilmiş film ötən il martın 8-də Azərbaycanın Ağdam rayonu ərazisində erməni snayperi tərəfindən qətlə yetirilmiş 8 yaşlı Fariz Bədəlovun xatirəsinə həsr olunub.

Filmin təqdimatında millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər və QHT nümayəndələri iştirak ediblər. Filmin müəllifi, rejissoru və ssenari müəllifi Zəminə Əliyeva, ideya müəllifi millət vəkili Gülər Əhmədovadır.

Film Dağlıq Qarabağ münaqişəsi zamanı və atəşkəs dövründə cəbhə xətti bölgələrində erməni tərəfinin atəşkəsi pozması nəticəsində həlak olmuş azyaşlı uşaqlardan bəhs edir, erməni tərəfinin snayperlərinin uşaqları qətlə yetirməsi hadisələrinin ümumiləşdirilmiş süjetini canlandırır.

Filmin süjet xətti də diqqət çəkəndir. Belə ki, filmdə eyni zamanda iki ananın – fransız və azərbaycanlı ananın fikirləri əks olunur. Hər iki ana körpələrinin dünyaya gəlməsindən, uşaqlıq çağlarından və tərbiyəsindən bəhs edir. Fransız ana öz övladını rahat şəraitdə, Avropada böyüdüb boya-başa çatdırdığı bir vaxtda onun azərbaycanlı həmkarı erməni gülləsinin qorxusu altında dünyaya uşaq gətirir və ona can verir. Tam fərqli şəraitdə dünyaya gələn, böyüyən uşaqların yaşadığı mühit də fərqlidir. Fransız uşaq həyatını firavan sürdüyü vaxt 8 yaşlı Farizin həyatına qəfil son qoyulur. Filmin əsas ideyası və süjet xətti də məhz bundan sonra başlayır. İki həmyaşıdı bir-birindən fərqləndirən cəhət də məhz bu nöqtədə üzə çıxır. Müharibənin bəşəriyyətə vurduğu zərbələr çılpaqlığı ilə göstərilir. Azərbaycanın uzun illər ərzində bu bəladan əziyyət çəkməsi bütün dünyaya mesaj olaraq çatdırılır.

Filmin ideya müəllifi Gülər Əhmədova çıxış edərək bildirib ki, 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yüzlərlə uşaqların həlak olub. Rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə ölkə daxili, habelə xaricdə də intensiv təbliğat apardığını bildirən Gülər Əhmədova “Uşaqları öldürməyin!” beynəlxalq kampaniyasının məhz bu zərurətdən meydana gəldiyini bildirib.

Çıxışlardan sonra “Ana haqqı” filminin nümayişi keçirilib. Film rus və ingilis dillərinə tərcümə olunaraq , bir çox xarici ölkələrin televiziyalarında yayımlanacaq.
Filmin təqdimatında Ağdam rayonu icra hakimiyyətinin nümayəndələri, 8 yaşlı Fariz Bədəlovun ailə üzvləri də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed