Şrift:
Məhəmməd Hadinin gizlicə tərk etdiyi ev – Abdulla Şaiqin mənzil muzeyindən reportaj
22.02.2017 [10:34] - Mədəniyyət
Tələsik addımlarla Abdulla Şaiqin ev muzeyinə doğru irəliləyirəm. Xəyalımsa başqa yerlərdədir. Yol boyu fikirləşirəm ki, görəsən Mikayıl Müşfiq, Hüseyn Cavid, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Abbas Səhhət, Səməd Vurğun bu yoldan keçərkən hansı düşüncələrdə olmuşlar. Xəyallar aləmindən ayıldığımda özümü 3 mərtəbəli binanın qarşısında tapıram. Əvvəllər Yuxarı Dağlıq adlanan bu küçə Abdulla Şaiqin 100 illik yubileyindən sonra onun adını daşıyır. İndi həmin qapının qarşısında dayanmışam, Azərbaycanın XX əsrdə ən məşhur, istedadlı və dahi insanlarının daxil olduğu qapıdan içəri girirəm. Mənə elə gəlir ki, o illərə-XX əsrin əvvəllərinə qayıdıram. İçimdə qəribə bir həyəcan var, elə bilirəm indicə pilləkənlərlə aşağı enən Mikayıl Müşfiqlə qarşılaşacağam, ya da ağır-ağır yanımdan ötən Hüseyn Cavidlə salamlaşacağam... ...məni bələdçi xanım qarşılayır. Vaxt itirmədən muzeylə tanış olmağa qalxırıq.

Abdulla Şaiqin yaşadığı mənzilin binası 1905-ci ildə inşa olunmuşdur. 1916-cı ildə A.Şaiq anası və qardaşı ilə bərabər bu mənzilə köçərək ailə qurmuş və 1957-ci ilin dekabrına kimi burada yaşayıb yaratmışdır. Muzeyi A.Şaiqin böyük oğlu, məşhur ədəbiyyatşünas, Şaiq yaradıcılığının, irsinin tədqiqatçısı, akademik Kamal Talıbzadə yaradıb. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan muzey 1991-ci ilin dekabrında fəaliyyətə başlayıb və ədibin 120 illik yubileyi ərəfəsində 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyası açılmışdır.

Şaiqanə yad et!

Mənzil 4 otaqdan ibarətdir. I otaqda A.Şaiqin dünya şöhrətini görmək olar: Bir vaxtlar mətbəx kimi istifadə olunan bu otaqda indi Şaiqin müxtəlif dillərə tərcümə olunan kitabları, eləcə də, başqa dildən etdiyi tərcümələr nümayiş etdirilir. Nəzərimi divardan asılmış böyük afişa çəkir: Şekspirin "Maqbet" və Abdulla Şaiqin Nizamini tərcümə etdikdən sonra təsirlənərək yazdığı "Fitnə" tamaşasının elanları.

Çoxları Abdulla Şaiqi uşaq ədəbiyyatının banisi kimi tanısa da, o, əslində yaradıcılığa qəzəl və tərcüməylə başlamışdı. Çoxu da iddialı tərcümə əsərləriylə: Danel Defonun "Robinzon Kruzo", Conatan Sviftin "Qulliverin səyahəti. Lilliputlarda", Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"sini, Nizami Gəncəvinin "Şərəfnamə"sini, Əbülqasim Firdovsinin "Şahnaməsini", Şekspirin "Maqbet"ini, eləcə də Lermantovun, Nekrasovun, Puşkinin, Krılovun əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Burada həmçinin, Alman dilinə tərcümə olunmuş toplu, alman dilində "Tıq-tıq xanım", "Tülkü həccə gedir" Liliane Grimmin tərcüməsidir. Onu da qeyd edək ki, həmin bu kitabın təqdimatı bu muzeydə olmuş, burda həmin təqdimatda foto da var. 2010-cu ildə Almaniyanın Köln şəhərində dünya ölkələrinin nağıllar festivalı keçirilmişdir və tədbirlərin birində Liliane Qrimmin tərcümə etdiyi "Tıq-tıq xanım" nağılı alman dilində səslənmişdir.

Otağın bir divarında Abdulla Şaiqin rəssam Teymur Kərimzadə tərəfindən yağlı boya ilə çəkilmiş böyük portreti asılıb. Portretin altındakı vitrində isə Şaiqin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar aparmış alimlərin - Vəli Osmanlı, Əziz Mirəhmədov, Mithət Ağamirov, Əflatun Saraclı, Minaxanım Əsədlinin - kitabları, monoqrafiyaları toplanıb.

Divar boyu həmçinin, şairin adını daşıyan 54 nömrəli məktəbin, Kukla teatrının, eləcə də uşaq kitabxanasının şəkilləri də asılmışdır.

"Həpimiz bir günəşin zərrəsiyiz"

Eksponatda diqqət çəkən kitablardan biri də "Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat - 1995" kitabıdır. Bu kitabda BMT-nin İnsan inkişafı proqramının Azərbaycandakı sabiq təşkilatçısı Paulo Lembo A.Şaiqin 1910-cu ildə yazdığı "Həpimiz bir günəşin zərrəsiyiz" şeirini ingilis dilində epiqraf kimi vermişdir. Bu kitabın 1996-cı ildə Nizami adına Ədəbiyyat muzeyində təqdimat mərasimi keçirilib. Paulo Lembo demişdir ki, A.Şaiqin şeiri sanki BMT-nin fəaliyyətinin proqramını ifadə edir. Mahnı ruhunda yazılmış bu şeirdə insanlığa səmimi bir yanaşma var. Şaiqin fikrincə bəşər əhli əslən bir-birinə qardaş yaranmışdır. İnsanlar sanki hamısı bir günəşin şüasından əmələ gəlmiş, eyni ananın, təbiətin qoynunda böyümüşlər. Dil, din, məkan, dövlət, ixtisas, düşmənçilik insanlar arasında onların özləri tərəfindən sonradan yaranmışdır. Onlar bir-birilə mehriban, dost olsunlar, həmişə bir-birinə kömək etsinlər və bu bəşəri qardaşlıq onları səadətə aparacaq.

Otaqda həmçinin, şairin ailəsinin istifadə etdiyi mis qablar da sərgilənir ki, bunlar da Borçalı mahalından gətirilmişdir. Şairin ailəsinə məxsus güzgü il yanaşı ailə üzvlərinə, xüsusi ilə oğlu Kamal Talıbzadəyə məxsus əşyalar da nümayiş olunur.

"Şairlər masası"

Növbəti otaqda A.Şaiqin anadan olduğu Borçalı mahalı, ədibin nəsil şəcərəsi, şəxsi həyatı, valideynləri, ailəsi barədə məlumatlar vardır.

Diqqəti ilk çəkən otağın mərkəzindəki masadır. İnsanların qəribə taleyi olduğu, məncə, əşyaların da qəribə taleləri olur. Bu otaqdakı hər əşyanın özünəməxsus tarixçəsi, əhvalatı var sanki. Bir zamanlar qonaq otağı kimi istifadə olunan otağın düz mərkəzində yerləşən masa çəkir diqqətimi. Bələdçi xanımı dinləyə-dinləyə masanın ətrafına fırlanaraq həmin dövrü, insanları gözümün önündə canlandırmağa çalışıram. Kamal Talıbzadə xatirələrində deyirdi ki, o vaxtlar işıq olmadığı üçün atam öz şair və yazıçı dostlarıyla şam işığında bu masa arxasında toplaşar, müzakirələr aparar, şeirlər oxuyar və ən məşhur əsərlərini yazardılar. Səhərin açılmasını isə yalnız pəncərədən düşən günəş işığından hiss edərdilər.

Bu otaq həm də bir neçə məşhur ədəbiyyat adamının şad günlərinə də şahidlik etmişdir. Abdulla şaiq oğulluğa götürdüyü folkorçu Hümmət Əlizadənin toyunu edir. Toya dövrün bir çox tanınmış adamları dəvətliydilər. Mikayıl Müşfiq Məşhur "Oxu Tar" şeirini də ilk dəfə burada səsləndirmişdir. Həmçinin Abdulla Şaiqlə bacanaq olan Səməd Vurğunun da toyu burada olmuşdur. Belə ki, elə Hümmət Əlizadənin toyunda Şahzadə xanımın bacısı Xavər xanımı görüb bəyənən Səməd ona elçi düşür. 1934-cü ildə onlar ailə həyatı qururlar.

Lakin bu şən, maraqlı günlərlə qorxulu, kölgəli və uğursuz günlərin xatirəsi qucaqlaşıb sanki. Otağın bir divarında Abdula Şaiq həyata gözlərini yumandan sonra oğlu Kamal tərəfindən vaxtı dayandırılan saat da var. A.Şaiq 1959-cu il iyulun 24-də səhər saat 9-a 20 dəqiqə qalmış vəfat etmişdir. Saatın əqrəbləri sonralar şairin vəfat etdiyi zamana uyğun dayandırılmışdır.

Saatın aşağı hissəsində ailənin nəsil ağacının rəsmi yerləşir.

Şəcərəni ədibin oğlu Kamal Talıbzadə tərtib etmişdir, rəssamı isə Əli Zeynalovdur. Bu nəslin şəcərə tarixi çox-çox qədimlərə gedib çıxır. "Axund uşağı" adı ilə tanınan bu nəslin ulu babası Mustafa kişi olmuşdur. Sonra Axund Talıb, daha sonra Molla Süleyman və nəhayət, A.Şaiqin atası Axund Mustafa Talıbzadə bu nəsli davam etdirmişlər. Bu nəslin Talıbzadə soyadı da A.Şaiqin atası Axund Mustafanın babası Axund Talıbdan götürülmüşdür. Onların nəsli öz ziyalılığı, saflığı, savadları ilə fərqlənirdi. Şaiqin babası Axund Süleyman isə dövrünün tanınmış ziyalılarından olmuş, məşhur xəttat kimi bir sıra əsərləri, o cümlədən, Sədinin "Gülüstan"ını əllə köçürmüşdür. Divardan asılmış fotolarda Axund Mustafanın Tiflisdə yaşadığı ev (II mərtəbədə) və dərs dediyi "Rüşdiyyə" məktəbi (I mərtəbədə) əks olunmuşdur. A.Şaiq ilk təhsilini 1889-1893-cü illərdə 6 sinifli həmin bu müsəlman məktəbində almışdır. O hələ uşaq yaşlarından elmə böyük həvəs göstərmiş, dərslərini yaxşı oxumuşdur. Digər divarda isə A.Şaiqin anası Mehri xanım və Xorasanın ümumi görüntüsü təsvir edilmişdir. A.Şaiq istər xatirələrində, istərsə də yaradıcılığında ana mövzusuna çox toxunmuşdur. O, anasını ağbəniz, açıq alənlı bir qadın kimi təsvir edirdi. Onun ən gözəl şeirlərində, "Ana" pyesində ana, qadın böyük məhəbbətlə təsvir olunmuşdur. 1893-cu ildə anası Mehri xanım qulluqçusu Pəri xanımı və uşaqlarını götürüb İrana-Xorasana gedir. O burada övladlarının təhsili ilə ciddi məşğul olmuş və ərinin çağırışına baxmayaraq, bir müddət orada yaşamışdır. Getməyinin əsas səbəbi isə çoxdan arzusunda olduğu İmam Rzanın qəbrini ziyarət etmək idi. Mustafa kişi əvvəl buna razı olmurdu. Onun rədd cavabına baxmayara, Mehri xanım öz fikrindən dönmür, gecə-gündüz ağlayıb onu razı salır. A.Şaiqin atası onu gələcəkdə din xadimi görmək arzusunda idi. Ona görə bu səfərə o qədər də qarşı çıxmırdı. A.Şaiq qardaşı Yusiflə birlikdə 1894-1899-cu illərdə təhsilini Xorasanda Mirzə Yusifin yeni üsulla açılmış məktəbində davam etdirir. Atası Axund Mustafa məktub yazaraq uşaqları məktəbin müdiri Mirzə Yusifə tapşırır. Ərəb və fars dillərini mükəmməl öyrənən Abdulla dini təhsil alsa da, dünyəvi elm və biliklərə, xüsusən, klassik ədəbiyyata ciddi maraq göstərir. A.Şaiq 16 yaşında ikən Məhəmməd Füzuli qəzəllərinin təsiri altında qəzəllər yazmışdı. Həmin qəzəllər Şaiqin ilk qəzəl dəftərində toplanmışdı.

Burada, həmçinin, şairin şəxsi əşyalarına və oğlu tərəfindən kəsilib saxlanmış saçını da görə bilərik.

Bəxtsiz rəfiqə və vəfalı həyat yoldaşı

Çoxları Şahzadə xanımın Abdulla Şaiqin birinci həyat yoldaşı olduğunu bilsə də, əslində, şair uğursuz bir ailə həyatı yaşamışdı. Bakıya gəldiyi ilk illərdə Raziyə adlı xanımla ailə həyatı qursa da, bir il tamam olmamış həyat yoldaşını itirir. Bu münasibətlə Raziyə xanıma həsr etdiyi "Bəxtsiz rəfiqəmə" adlı şeir və Raziyə xanımın şəkli divarda yanaşı asılmışdır.

Bir dumanlı sabah idi ürəyim,

Çırpınırdı qəm ilə həmdəm idim.

Eşqlə çırpınan könül diyarı,

Məni çəkmişdi bir məzarə sarı.

Ağlayırdım yanıqlı həsrət ilə,

Dərdləşirdim o nazlı afət ilə.

Şahzadə xanım isə Abdulla Şaiqin həyatında müstəsna rol oynayan bir xanım idi.

Şahzadə xanım 1920-ci ildə Dərbənddə Denikin vuruşmalarından sonra qaçqın düşüb Bakıya gəlmiş çox ziyalı və tərbiyəli məşhur Mirzəbəyovlar ailəsinin qızı idi. Onlar Abdulla Şaiqin yaşadığı binanın birinci mərtəbəsində yaşayırdılar. Burda şair Şahzadə xanımı görmüş, ona elçi düşmüşdü. Otaqda Şahzadə xanımın yağlı boya ilə işlənmiş portreti nümayiş olunur. A.Şaiq öz xatirələrində Şahzadə xanımın çox tərbiyəli və yüksək əxlaqa malik, qayğıkeş bir insan olduğunu yazır və özünün ailədə çox xoşbəxt olduğundan bəhs edir.

Otağın bir küncündə rəssam Teymur Kərimzadə tərəfindən yağlı boya ilə çəkilmiş Yusif Ziya Talıbzadənin portreti asılıb. Portretin aşağısındakı vitrində isə onun həyat və yaradıcılığını əks etdirən əşyalar, kitablar, həmçinin atasına yazdığı məktubu, İslam dininin təbliği məqsədilə yazılmış "Təlimi əl-şəriət" və "Həqiqəti islam", "Ərmanusə" kimi əsərləri nümayiş olunur.

O, 1877-ci il yanvarın 22-də Borçalı mahalının Şarban kəndində anadan olmuşdur. İlk təhsilini Rüşdiyyə məktəbində almış, türk, ərəb, fars dillərini öyrənmişdir. 1894-cü ildə, əvvəl qeyd etdiyimiz kimi, ailəsi ilə Xorasana köçmüşdür. Burada o, qardaşı Abdulla ilə Mirzə Yusif Ziyanın məktəbində oxumuş, müəllimi Yusif Ziyaya yüksək məhəbbətindən özünə Ziya ləqəbini götürmüşdür. Yusif Ziya Xorasanda təhsil alanda atası ona belə bir məktub yazır: "Madam ki, orada qalmalı oldunuz, qoy Abdulla həmin məktəbdə oxusun, sənsə mədrəsədə yaxşı bir alimdən şəriət dərsi alarsan. Heç olmasa mənim ixtisasımı al". Atasının tapşırığı Yusif Ziya bu məktəbi tərk edir və Mirzə Cəfər mədrəsəsinə daxil olur. Məktəbi bitirir və Axund rütbəsini alır. Dini təhsilini Bağdadda tamamladıqdan sonra 1899-cu ildə Bakıya gəlir.

Yusif Ziya "Həyat", "İrşad", "Füyuzat" və s. kimi mətbu orqanlarda müxtəlif mövzulu məqalələrlə çıxış etmiş və o zaman üçün gərəkli olan Azərbaycan dilinin qrammatikasına aid kitablar nəşr etdirmişdir. Bundan başqa, ilk dəfə olaraq İslam dünyası xəritəsini o özü tərtib etmişdir. Həmin xəritə Əlyazmalar fondunda və M.F.Axundov adına kitabxanada "Həyat" qəzeti komplektində qorunub saxlanılır. Yusif Ziya 1911-ci ildə Müsavat partiyasının yaranmasında fəal iştirak etmiş, 1912-ci ildə Türkiyəyə köçərək hərbi təhsil alıb tez bir zamanda Türk ordusunun minbaşısı vəzifəsinə yüksəlmişdir. O, "İttihadi-İslam" cəmiyyətinin (Azadlıq cəmiyyəti) sədri, eyni zamanda Ənvər Paşanın I müavini və etibar etdiyi insanlardan idi. 1918-ci ildə Bakı qırğınları zamanı Türk ordusu ilə birgə doğma vətəninə gəlir, torpaqlarımızın düşmənlərdən azad edilməsində fəal iştirak edir. Lakin buradan Türküstana yola düşərkən ruslara və ermənilərə qarşı vuruşmada Amu-Dərya çayını keçərkən şəhid olur. Çox güman ki, o güllələnərək öldürmüşdü, çünki üzərindən qanlı quran tapılmışdı ki, bu da həmin vitrində nümayiş olunur.

"Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr edirəm".

Dahilərdən biri deyir: "mən o müəllimi sevirəm ki, o mənə fikirləri yox, fikirləşməyi öyrətsin". Abdulla Şaiq də məhz belə müəllimlərdən olub. O, həyatının 34 ilini fasiləsiz olaraq pedaqoji fəaliyyətə həsr edib. O, sözün əsl mənasında, müəllimlik adına layiq olmağa çalışır - müxtəlif dərsliklər ("Uşaq gözlüyü", "Gülzar", "Türk çələngi", "Milli qiraət kitabı", "Ədəbiyyat dərsləri", "Gülşəni ədəbiyyat" (fars dilində), "Qiraət kitabı") yazır, uşaqlar üçün xarici dillərdən tərcümələr edirdi. Dərs dediyi şagirdlər xatirələrində onu hər zaman qayğıkeş müəllim kimi xatırlayırlar. Bu da təsadüfi deyildi. 1900-cü ildə Xorasanda təhsilini tamamlayıb Tiflisə qayıtdıqdan sonra atasında maddi cəhətdən dəstək olmaq məqsədilə yenidən Bakıya yola düşür. Burada müəllimlik etmək üçün imtahan verən Şaiqə Nəriman Nərimanov dəstək olur. O, tezliklə müəllimlik fəaliyyətinə başlayaraq əvvəl-əvvəl xəstə olan müəllimləri əvəz edirdi. Şaiqin pedaqoji fəaliyyətilə bağlı təqdir olunacaq xatirələrdən biri də onun tədrisdə ana dilinə üstünlük verməsi idi. Belə ki, həmin dövrdə rus dilində dərs deyən müəllimlər 20 manat maaş alırdılarsa, Azərbaycan dilində dərs deyən müəllimlər isə 5 manat alırdılar. Lakin, Şaiq buna baxmayaraq yenə də ana dilində tədrisi seçirdi, hətta o bir-bir şagirdlərin valideynləri ilə görüşüb uşaqlarını ana dilində oxutmaq üçün onları razı salmağa çalışırdı. Beləcə Şaiqin səyləri nəticəsində ilk anadilli sinif yaranmış olur. o, tez-tez şagirdlərini evinə çağırır, onlara əlavə dərslər verir, müxtəlif mövzularda müzakirələr aparırdı. Təsadüfi deyildir ki, onun istedadlı tələbələrindən olan Cəfər Cabbarlı müəllimini sevgiylə anır və "mənim tərcümeyi-halımla maraqlananlar müəllimimdən soruşsun" deyirdi. 1923-cü ildə Abdulla Şaiqin pedaqoji fəaliyyətinin 20 illik yubileyi keçirilərkən tələbələri onu "Şaiq nümunə məktəbi"nə çiyinlərində aparmışdılar. Tələbələrinin müəllimə olan sevgisi onu represiya dəhşətindən də xilas edir. Kamal Talıbzadə xatirələrində qeyd edir ki, atam daim həyəcan içində yaşayırdı ki, indicə qara volqalılar gəlib məni aparacaqlar. Buna görə də özünə balaca bir boğça hazırlamışdı, buraya ən vacib əşyalarını toplamışdı və hər zaman yatağının yanında saxlayırdı. Lakin həmin illərdə o tələbələri tərəfindən bir kənd məktəbində müəllimlik etmək üçün Qarabağa göndərilir. Beləcə nəzərlərdən yayınmış olur.

Ekspozisiyanın digər bölməsi A.Şaiqin dramaturgiyası, dram əsərlərinin səhnə taleyinə həsr olunmuşdur. A.Şaiq 1910-cu ildən dram əsərləri yazmağa başlamışdır. Ədib 1910-cu ildə yazdığı "Gözəl bahar" əsəri ilə Azərbaycanda uşaq dramaturgiyasının əsasını qoymuşdur. Əsər yazıldığı illərdə A.Şaiqin şagirdləri tərəfindən ədibin öz rəhbərliyi ilə tamaşaya qoyulmuşdur. Belə ki, personajların kostyumunu da rəngli kağızlardan özü düzəltmişdi. Əsərin ilk rejissoru, musiqi tərtibatçısı, rəssamı özü olmuşdur. Sonradan "Gözəl bahar" pyesi Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdu. Bundan sonra o, bir-birinin ardınca "Danışan kukla", "Çoban", "Bir saatlıq xəlifə", "Ürək tikmək, yaxud qurban bayramı", "Kimdir haqlı?", "Qafqaz çiçəkləri", "Yazıya pozu yoxdur" və s. kimi pyeslər yazmışdır.

Burada həmçinin Şaiq ailəsinin vaxtilə istifadə etdiyi mebellər və digər əşyalar da nümayiş olunur.

İş otağı

Bu otaq vaxtilə Abdulla Şaiqin iş otağı olmuşdur. Hal-hazırda isə burada ədibin iş masası, bəzi mebelləri, paltar və kitab şkafı və digər əşyalar yerləşir. Abdulla Şaiqin yazı masası ilə bağlı maraqlı xatirəsi var. Belə ki, evdəki əşyaların köhnəməsindən şikayət edən Şahzadə xanım dəyişiklik etmək istəyir. Abdulla Şaiqə yazı masasını yeniləməyi təklif edir. Həyat yoldaşının razılaşmayan şair, yüzlərlə şeir, pyes, tərcümə əsərlərini, elmi məqalələrini yazdığı masasıyla vidalaşmaq üçün "Masama" adlı mənsur şeirini yazır. Şerdə uzun illərin dostuna - masasına müraciətlə belə yazmışdır: "Qəlbimdə sənət eşqi hələ sönməmişdir. Bundan sonra səninlə yenə baş-başa verib mühitimdən aldığım qüvvət, eşqimdən aldığım hərarətlə yeni əsərlər yaratmaq ən böyük əməlidir. Qırx ildir bərabər çalışırıq... Hər halda son əsərimi də sənin, ancaq sənin üzərində yazacağam". Bu sətirləri oxuyan Şahzadə xanım fikrindən daşınır.

Mələyə bənzər insan

Bələdçi xanım tez-tez Şaiqin mələk xasiyyətli olmasından danışır. Şairin mələyə bənzədilməsi onun yaxın dostu və rəğbət bəslədiyi İsmayıl Hikmətdən gəlir. O Abdulla Şaiqin yaradıcılığını yüksək qiymətləndirməklə bərabər, həm onun xasiyyətini, xarakterini mələklərlə müqayisə edirdi:

Nə diyorlar bəşərlə Firdovsə

Dönəcəkmiş, deyilmi dünyamız?!

Biri: "İnsan mələk olurmu?" -desə,

Bən derim: Bir misali var bakınız,

Bu təbii şüari-munislə,

Bəncə: Şaiq nümunədir mələkə!

Bələdçi xanım İsmayıl Hikmətin bu sətirlərini təsdiqləmək üçün Abdulla Şaiqin mələk xasiyyətindən danışmağa başlayır. Oğulluğa götürdüyü Hümmət Əlizadəyə evində toy etməsi, çətin günlərində xəstə və çarəsiz olan Məhəmməd Hadini bir aydan çox öz evində saxlaması, iki dəfə deputat seçilməsinə baxmayaraq sadə həyat yaşaması onun nə qədər həssas bir ürəyə malik olmasından xəbər verir. Məhəmməd Hadi xeyirxahı Şaiqə getmək istədiyini desə, bilir ki, icazə verməyəcək, ona görə də məktub yazaraq getməli olduğunu bildirir və gizlicə evi tərk edir. Deyilənə görə, Şahzadə xanım hər gün qapı-qapı gəzərək ət satan adamı alış-veriş edən zaman çox "incidərmiş". Bunu dəfələrlə müşahidə edən Abdulla Şaiq ətsatan adamın halına acıyıb bir gün özü tezdən - Şahzadə xanımdan əvvəl oyanaraq satıcını çox çək-çevirə salmadan alış-veriş edib razı halda yola salır. Şahzadə xanım onun bu hərəkətinin səbəbini öyrənmək istədiyində isə şair: Yazıqdır, istəmirəm onu incidəsən" - deyir.

A.Şaiqin ən çox sevdiyi məşğuliyyəti şübhəsiz ki, mütaliə idi. Onun çox zəngin kitabxanası vardı və onlardan bir qismini ev muzeyində görmək mümkündür. Buradakı kitab şkafında rus, ərəbdilli kitablara rast gəlmək olar. Xüsusilə Qorkinin və Nekrasovun əsərləri daha çoxdur. Kitab şkafının üzərindəki kuzənin də maraqlı tarixçəsi var. Borçalı mahalından Abdulla Şaiqə bu kuzədə daima şərab göndərərmişlər. O da bu münasibətlə "Kuzə" şerini yazıb onu kuzənin üzərinə öz əlləri ilə köçürmüşdür.

Bu kuzənin torpağı alınmış el bağından,

Bəlkə də o yapılmış gözəllər torpağından.

Bu torpaqlar altında yaqut dodaqlar yatır,

O nəfəsi duyuram kuzənin dodağından.

Dünyada bəxtiyardır əkdiyini biçənlər,

Bu həyat səhnəsindən vicdan ilə köçənlər.

Biz hər zaman içərkən keçmişi yad eylədik,

Bizi də yad eyləsin bizdən sonra içənlər.


Hazırladı: Cahan Seyidzadə
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed