Şrift:
Türkiyə mətbuatında ölkəmizin turizm imkanları haqqında məqalələr dərc olunub
22.02.2017 [14:03] - İqtisadiyyat
Türkiyə mətbuatında Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyi olan “Gateway” şirkətinin təşəbbüsü ilə ölkəmizin turizm potensialını əks etdirən məqalələr dərc edilib.

Nazirlikdən bildirilib ki, qardaş ölkənin məşhur “Akşam” qəzetində və “Şamdan plus” internet dərgisində ölkəmizlə bağlı təəssürat yazıları yer alıb. “Xam neftdən gələn şəfa”, “Bir kətan, bir yağlı boya olsa...” başlıqlı yazılarda Naftalan nefti, Qəbələ haqqında məlumatlar diqqətə çatdırılır.

“Xam neftdən gələn şəfa” başlıqlı yazıda (http://www.aksam.com.tr/cumartesi/ham-petrolden-gelen-sifa/haber-597236) müəllif Emine Bıyık Naftalan şəhərindəki beşulduzlu hotellər və burada göstərilən xidmətlərdən söz açır. Naftalan neftinin faydalarından danışan müəllif bu möcüzəvi məkana dünyanın bir çox ölkəsindən, xüsusilə də Türkiyə, Avropa ölkələri və Rusiyadan turistlərin gəldiyini qeyd edir. Bildirir ki, İstanbuldan Gəncəyə təyyarə ilə 2 saata gəldikdən sonra 45 dəqiqə avtomobillə yol qət etməklə Naftalana çatmaq olar: “Burada sizi təkcə müalicə deyil, böyük təbiət mənzərələri, unudulmaz təəssüratlar gözləyir. Təbii gözəlliklər məskəni olan Azərbaycanla bağlı səyahət xatirələriniz sizi uzun zaman tərk etməyəcək”.

“Şamdan plus” jurnalında yer alan “Bu il türklər harada istirahət edəcəklər?” başlıqlı məqalədə isə məşhur səyahət istiqamətləri üzrə Azərbaycan 5-ci yerdə qərarlaşıb. Yazıda bildirilir ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, istirahət və əyləncə mərkəzləri, həmçinin bir sıra ölkələrin vətəndaşları üçün viza sisteminin sadələşdirilməsi, elektron turist viza sisteminin tətbiqi ölkəmizə gələn xarici turistlərin sayının artmasına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed