Şrift:
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir
22.02.2017 [14:18] - İqtisadiyyat
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanılıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizellə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edir. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov fevralın 22-də İsveçrənin “InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verib.

QSC-də keçirilən görüşdə C.Qurbanov, həmçinin dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra Astara (Azərbaycan) – Astara (İran) və Bakı-Tbilisi-Qars layihələri üzrə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Prezident İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Astara stansiyasından İran sərhədinədək 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür.

“InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhard hər iki layihənin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed