Şrift:
Bakıda Azərbaycan-Türkiyə beyin mərkəzlərinin əlaqələri müzakirə olundu
14.04.2012 [11:34] - Türk dünyası-Turan
“Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu" adlı elmi-praktik konfrans keçirilib.

Konfransda millət vəkili Qənirə Paşayeva, Jalə Əliyeva, Rövşən Rzayev, Asəf Hacıyev, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov, Azərbaycan media qurumlarının, QHT-lərin rəhbərləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri, "EkoAVRASYA" dərgisinin sahibi Hikmət Eren iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasında yüksəksəviyyəli əlaqələrin kifayət qədər inkişaf etdiyi bir vaxtda iki ölkə QHT-ləri arasında birgə işin qənaətbəxş olmadığını bildirib. Onun sözlərinə görə, iki ölkənin ictimai təşkilatları arasında geniş iş birliyi qurulmalı, birgə layihələr həyata keçirilməli, iş birliyi koordinasiya olunmalıdı.

Deputat həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bildirib ki, bu problem hər iki ölkənin (Azərbaycan-Türkiyə) ortaq məsələsidir.

Q. Paşayeva onuda bildirib ki, aprelin 15-də Türkiyədən gələn deputatlarla birgə Xocavənd rayonunda “Qondarma erməni soyqırımı iddia və yalanlarının qarşısının alınmasında QHT-in və KİV-in rolu, vəzifələri” konfrans keçiriləcək.

Daha sonra Türkiyəli deputat İsmail Safi konfransın təşkilatçılarına, başda Qənirə Paşayevaya öz təşəkkürünü bildirib.

İ.Safi çıxışında ictimai birliklərin cəmiyyətə və dünyada gedən proseslərə təsir gücünün böyük olduğunu bildirib. O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə QHT-lərin imkanlarından kifayət qədər yararlanmalıdır.

Azərbaycanın QDİƏT PA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev isə bildirib ki, hər iki ölkə ictimaiyyətinin əsas məqsədi bu birliyi real prosesə çevirmək olmalıdır. Deputat türk əxlaqı və zəngin türk mədəniyyətindən söz açaraq bunların ən ali dəyərlər olduğunu deyib.

Konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək bldirib ki, Azərbaycan və Türkiyənin QHT-ləri və KİV nümayəndələri Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışmalıdırlar.

Tədbirdə çıxış edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, bu istiqamətdə keçirilən toplantılar ermənilərlə mübarizədə müdafiə mövqeyindən hücuma keçməyimizin əsasını qoya bilər.
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed