Şrift:
"Yaşar Böyükanıt, İlkər Başbuğ kimi insanlar bu gün "Ergenekon" əməliyyatı nəticəsində həbsdədir".
14.04.2012 [16:44] - Türk dünyası-Turan
Atilla Kaya: “Türkiyədə çevriliş planlarını ortaya çıxartmaqla sanki ölkəni başqa bir məcraya yönəltmək istəyirlər"
Üzeyir Cəfərov: “Onların əksəriyyəti uydurma ittihamlarla həbs olunub və bu, siyasi qərardır"


Türkiyədə generallara qarşı yeni həbs dalğası başlayıb. Ankara Cümhuriyyət Prokurorluğunun sanksiyası əsasında Nəcməddin Ərbakanın hökumətində Baş Qərargah rəisi olmuş Çevik Bir, istefada olan briqada generalları İdris Koralp, Ünal Akbulut və digərləri də daxil olmaqla 9 nəfər həbs olunub. Qeyd edək ki, qardaş ölkədə həbs edilən hərbçilərin sayı yüzlərlədir ki, onların sırasında 100-ə yaxın general var.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan istanbullu millət vəkili Atilla Kaya açıqlamasında dedi ki, iki gün öncə TBMM-də həbsləri araşdıracaq komissiya yaradılması barədə qərar qəbul edilib: “Bu komissiyada bir sıra partiyaların təmsilçiləri, o cümlədən MHP iki üzvü ilə təmsil olunacaq. Komissiyanın məqsədi çevriliş planları ilə bağlı araşdırma aparmaq, cavabdehləri ortaya çıxartmaqdı. Türkiyədə 1950-ci ildən başlayan demokratikləşmə prosesi içərisində 1960, 1970 olayları, 1980-ci ildəki hərbi çevrilişi, həmçinin 28 fevral, daha sonra 27 aprel çevrilişləri də araşdırılacaq. Türkiyədə "Ergenekon" adı altında neçə müddətdir istintaq aparılır. Amma biz partiya olaraq bu istintaqdan çox narahatıq. Zaman-zaman çevrilişlərdə kadrlarımız dağıdılıb, 1980-ci il çevrilişindən sonra dəyərli başbuğumuz 4 il yarım həbsdə qalıb. Bu çevrilişləri təbii ki, biz də araşdırmaq istəyirik. Ancaq mənim fikrimcə, çevrilişləri araşdıracağam deyə, sanki qisas almaq anlayışı ilə məsələlərə yanaşmaq doğru deyil. Yəni “keçmişdə bunlar belə etmişdi, biz də bunu edək” məntiqi son dərəcə yanlışdır. Hər şey hüququn içərisində, qanunlar çərçivəsində olmalıdır. İnsanlarda artıq məhkəmənin doğru qərar çıxartmasına çox ciddi bir şübhə var. Türkiyədə çevriliş planlarını ortaya çıxartmaqla sanki ölkəni başqa bir məcraya yönəltmək istəyirlər".
NATO ölkəsi olan Türkiyənin Silahlı Qüvvələrinin Azərbaycan ordusuna təsiri danılmazdır. Müstəqillik əldə etdikdən sonra hərbi kadrlarımızın yetişməsində, əsgərlərimizin hərbi biliklər qazanmasında öz sözünü deyən Türkiyə ordusunda yaşananların ordumuza neqativ təsirləri də qaçılmazdır. Azərbaycan ordusunu məhz Türkiyə üzərindən NATO standartlarına uyğun şəkildə qurduğu üçün son zamanlar qardaş ölkədə yaşananların mənfi təsirləri danılmazdır.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Türkiyədəki həbslərin ordumuza dolayısı ilə təsiri var: “Türkiyədə həbs olunan bir neçə general vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin indiki və keçmiş komandirlərinə xeyli köməklik göstərib, bilik və bacarıqlarını əsirgəməyib. Biz özümüzə Silahlı Qüvvələri formalaşmasında Türkiyə modeli seçmişiksə, orda baş verənlər bizə də təsir edir. Böyük əminliklə deyirəm ki, onların əksəriyyəti uydurma ittihamlarla həbs olunub və bu, siyasi qərardır.Türk ordusunun formalaşmasında zəhməti olan generallar, Yaşar Böyükanıt, İlkər Başbuğ kimi insanlar bu gün "Ergenekon" əməliyyatı nəticəsində həbsdədir".
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirdi ki, baş verənlər Türkiyənin daxili işi olduğundan həyata keçirilən həbslərlə bağlı şərh vermək niyyətində deyil.

E.PAŞASOY
Bu xəbər oxucular tərəfindən 1628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed