Şrift:
Tbilisidə keçirilən UEFA-nın inkişaf sammitində Azərbaycan nümayəndə heyəti də iştirak edib
01.03.2017 [14:25] - İdman
Martın 1-də Tbilisidə “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində “Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” mövzusunda sammit işə başlayıb. Tədbirdə kütləvi futbolun inkişaf perspektivləri müzakirə olunub.

Sammitdə Azərbaycanı AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və “Grassroots” proqramının əlaqələndiricisi Cahangir Həsənzadədən ibarət nümayəndə heyəti təmsil edir. Tədbirdə, həmçinin idman mütəxəssisləri, UEFA-nın nümayəndələri ilə yanaşı, Şərqi Avropa ölkələrinin dövlət və hökumət rəsmiləri də iştirak edirlər.

UEFA-nın marketinq üzrə meneceri Noel Muni tədbiri açaraq, dünyada və Avropada idmanın inkişafı, kütləvi futbolun, eləcə də UEFA-nın inkişaf proqramının əhəmiyyəti barədə məlumat verib.

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze çıxışında ölkəsində idmanın inkişafı sahəsində görülən işlərdən danışıb.

Sammitdə bildirilib ki, Avropanın ali futbol qurumu üç il əvvəl “UEFA GROW 2020” pilot layihəsinin icrasına başlayıb. Avropanın 55 ölkəsinin qoşulduğu bu layihəyə əsasən, futbolun inkişafı ilə bağlı dörd istiqamət - kütləvi futbolun inkişafı, futbol əlaqələrinin idarə olunması, rəqəmsal idarəetmə, iştirak və kommersiya müəyyən edilib.

Qeyd olunub ki, bu gün Qərbi Avropa ölkələrində kütləvi futbolun inkişafı bütün təbəqələri əhatə edir. Müxtəlif ölkələrdə dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, ailələr də bu işə fəal qoşulublar. Şərqi Avropa ölkələrində isə kütləvi futbolun inkişafı ilə əsasən federasiyalar məşğul olur. Sammitə dövlət və hökumət nümayəndələrinin dəvət olunması Şərqi Avropada kütləvi futbolun inkişafına dövlət strukturlarının marağını artırmaqdır.

Tədbirdə kütləvi futbolun inkişafı sahəsində Qərbi Avropa ölkələrinin təcrübəsi və onun tətbiqi ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sammitdə Elxan Məmmədov AFFA-nın “GROW 2020” inkişaf proqramına dair təqdimatla çıxış edib. Baş katib AFFA-nın beş illik fəaliyyət strategiyası, habelə kütləvi futbolun inkişafı ilə əlaqədar Şərqi və Qərbi Avropa ölkələrinin fərqli xüsusiyyətləri, onların kütləvi futbolda üzləşdiyi əsas problemlər barədə məlumat verib.

Xatırladaq ki, Azərbaycanda “UEFA GROW” əməkdaşlıq proqramının icrasına iki il əvvəl başlanılıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed