Şrift:
Azərbaycan şərabı Bolqarıstanda keçirilən müsabiqənin gümüş qalibi olub
01.03.2017 [15:01] - Gündəm, İqtisadiyyat
Azərbaycan istehsalı olan şərab Bolqarıstanın aparıcı sərgilərindən olan “VİNARİA” çərçivəsində baş tutmuş müsabiqənin gümüş qalibi olub.

Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

“Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliği məqsədilə cari ilin 22-26 fevral tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş “Winery 2017” şərab müsabiqəsində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan istehsalı olan konyak və şərabların iştirakı təmin edilib. “Gəncə şərab 2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərab müsabiqənin qırmızı şərablar kateqoriyası üzrə gümüş medala və sertifikata layıq görülüb.

Müsabiqədə 360 çox spirtli içki brendləri təmsil olunmuşdur ki, bunun da 300 çoxu şərab markalarının payına düşür. İçkilər 24 tanınmış dequstatordan ibarət jüri tərəfindən qiymətləndirilib. “Winery 2017” müsabiqəsində Bolqarıstan, Azərbaycan, Fransa, Moldova, Makedoniya, Cənubi Afrika, Rusiya və Türkiyə istehsalçıları daxil olmaqla 50 şərab istehsalçısı iştirak edib.

Qeyd olunmalıdır ki, hər il baş tutan VİNARİA” - 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi şərabçılıq sahəsində Cənub-Şərqi Avropanın ən nüfuzlu tədbirlərindəndir və Bolqarıstan Milli Üzümçülük və Şərabçılıq Palatasının tərəfdaşlığı və Bolqarıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında keçirilir.

Azərbaycan şərabı Bolqarıstanda keçirilən müsabiqənin gümüş qalibi olub
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed