Şrift:
Psixoloq: “Övladınız siqaret çəkirsə…”
02.03.2017 [10:22] - Gündəm, Sağlıq
Yeniyetmələrdə zərərli vərdişlər müxtəlif problemlərlə müşahidə olunur. Bura nəinki siqaret, hətta “Topaz” kimi qumar oyunları da daxildir.
Turkustan.info bildirir ki, bu sözləri psixoloq Narınc Rüstəmova siqaret çəkən yeniyetmələrin sayında müşahidə olunan artımla bağlı Axar.az-a danışarkən deyib. O, yeniyetmələrin sosial status qazanmaq istədikləri üçün bu yola baş vurduqlarını bildirib:
“Bu məsələni ancaq ailə ilə bağlamaq olmaz. Elə ailələr var ki, siqaretdən ümumiyyətlə istifadə etmir, amma uşaq siqaret aludəçisi olur. Yaxud da, ata və ya ana alkoqolikdir, siqaretdən istifadə edir, lakin uşaqları siqaretdən imtina edir. Burada sosial faktorlarla bərabər, yeniyetmənin özünü təsdiqetmə arzusu var. Yeniyetmələr bu dönəmdə sosial status qazanmaq arzusunda olurlar. Məsələn, sinfin ən güclü oğlanı, sinfin diqqətçəkən oğlanı olmaq istəyi onlarda siqaretə meyilliliyi artırır. Bunu isə göstəriş naminə edirlər. Siqaret çəkən zaman hər hansı bir şəkil çəkib sosial şəbəkələrdə paylaşırlar. Bununla da özlərini daha düzgün göstərmiş hesab edirlər. Bu dönəmdə isə daha çox təhsildən yayınmalar müşahidə olunur.
Sübut olunub ki, ana südüylə böyüməmiş uşaqlarda siqaretə meyillilik daha çoxdur. Bu, gələcəkdə onlarda qələm çeynəmək, dırnaq yemək, siqaret çəkmək kimi pis vərdişlər yaradır. Buna görə valideynlər daha diqqətli olmalıdırlar. Həmçinin hər bir valideyn uşağının ətrafı, kiminlə dostluq etməsi ilə yaxından maraqlanmalıdır. Yeniyetməlik dövründə hər bir valideyn övladına qarşı daha diqqətli olmalı, onunla dostluq etməlidir. Amma qətiyyən övlada təzyiq göstərmək olmaz. Valideyn unutmamalıdır ki, nəzarətlə təzyiq arasında fərq çoxdur”.
Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Tofiq Musayev isə tütünlə bağlı cərimələrin yeniyetmələrə də şamil olunmasının vacibliyini vurğulayıb:
“2016-cı ildə dünyada 122 yeniyetmənin iştirakı ilə 13-15 yaşlılar arasında araşdırma aparılıb. Nəticədə məlum olub ki, əsasən yeniyetmə oğlanların 10,3%-i siqaretdən istifadə edir. Azərbaycanda aparılan araşdırmalar nəticəsində isə bu rəqəmin 7,3% olduğu müəyyənləşib. Azərbaycan İnzibati xətalar məcəlləsində tütünlə bağlı cərimə tədbirləri çox güclüdür. Düşünürəm ki, bu cərimələr yeniyetmələrə də şamil olunsa, yeniyetmələrin siqaretdən istifadə etməsinin qarşısını qismən də olsa, almaq olar”.
Qeyd edək ki, siqaretə qarşı mübarizə bütün dünya ölkələrində davam etdirilir. Buna baxmayaraq, dünyada siqaret çəkənlərin sayı getdikcə artmaqdadır.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed