Şrift:
Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
03.03.2017 [10:56] - Gündəm, İdman
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sənəd Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq ölkədə olimpiya hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədi ilə imzalanıb.
Sərəncamda bildirilir ki, 2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur.
Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etmiş və olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakıda Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdman Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır.
Mötəbər beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. 2015 ci ildə Bakıda I Avropa Oyunlarının müvəffəqiyyətlə baş tutması və 2016-cı ildə Rio de Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medala layiq görülməsi ilə dövlət müstəqilliyimizin bərpasından sonra qazanılmış medalların ümumi sayının 47-yə çatdırılması təqdirəlayiq haldır. Bütün bunlar artıq dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Milli Olimpiya Komitəsinin himayəsi ilə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının da lazımi səviyyədə mütəşəkkil keçiriləcəyinə tam əminlik yaradır.
Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed