Şrift:
Ağır atletika üzrə Azərbaycan çempionatının birinci günü gərgin idman mübarizəsi ilə yadda qalıb
03.03.2017 [12:51] - Gündəm, İdman
Martın 2-də kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatına start verilib. Martın 3-dək davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən 150-dək atlet qüvvəsini sınayır.

Çempionat qadınların mübarizəsi ilə başlayıb. Yarışda Elnarə Abbasova qızıl medala sahib olub. O, ümumilikdə 190 kiloqramlıq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib. Çempiondan az fərqlə geri qalan Səbinə Əzimova (73+94 kiloqramlıq nəticə və 250.06 xal) ikinci yerlə kifayətlənməli olub. Bürünc medala isə 170 kiloqramlıq (75+95) nəticə göstərən və 230.92 xal toplayan sumqayıtlı atlet Firuzə İbrahimova layiq görülüb.

Qadınların mübarizəsindən sonra çempionatın təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov bildirib ki, bu, cari ildə AAAF tərəfindən təşkil edilən ölkə miqyaslı üçüncü yarışdır. Federasiya ağır atletlərimizə maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq onların beynəlxalq yarışlarda uğur qazanmalarına çalışır. Bu çempionat qarşıdan gələn Avropa çempionatına, Tailandda yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli dünya birinciliyinə, ən əsası da Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır. Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən atletlərin seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlanması da əsas məqsədlərdəndir.

Azərbaycanda ağır atletikanın böyük ənənələrə malik olduğunu vurğulayan T.Heydərov bildirib ki, AAAF hazırda idmanın bu növünün ölkəmizdə daha da inkişafı istiqamətində fəaliyyətini davam etdirir. O, atletlərimizin beynəlxalq yarışlarda uğurlar qazanacaqlarına, ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini diqqətə çatdıraraq, yarışın təşkilinə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra çempionat rəsmən açıq elan edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış mərasimindən sonra yarışlar kişilər arasında 56 kiloqram çəki dərəcəsində mübarizə ilə davam etdirilib. Bu yarışda 225 kiloqramlıq (98+117) nəticə göstərən lənkəranlı atlet Ruslan Rzazadə birinci yeri tutub. Gümüş medala 209 kiloqramlıq (99+110) nəticə ilə lerikli Emin Mirzəyev, bürünc mükafata isə daha bir lənkəranlı atlet Rüstəm Qasımov (195 kiloqram, 88+107) layiq görülüb.

Kişilər arasında 62 kiloqram çəki dərəcəsində yarışda əsasən paytaxt atletləri güclərini sınayıblar. Bu çəki dərəcəsində 262 kiloqramlıq (120+142) nəticə ilə Allahyar Abışov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 250 kiloqramlıq (113+137) nəticə göstərən Rauf Nəbiyev ikinci, 245 kiloqramı (105+140) qaldıran Elmar Alıyev isə üçüncü yeri tutublar.

Çempionatın birinci gününün sonuncu yarışında körpücük üzərinə 69 kiloqram çəki dərəcəsində kişi atletlər çıxıblar. Goranboy təmsilçisi İsa Rüstəmov 275 kiloqramlıq (125+150) nəticə ilə qızıl medala sahib olub. Samux rayonunu təmsil edən Sənan Quliyev 266 kiloqramla (116+150) gümüş, İsmayıllıdan olan Məhəmməd Məmmədli isə 260 kiloqramlıq (115+145) nəticə ilə bürünc medallara layiq görülüblər.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed