Şrift:
Azərbaycanın Dini Komitəsi İran ayətullahına cavab verdi
16.04.2012 [18:30] - Xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Əliheydər Zülfüqarov Ayətullah Nuri Həmədaninin fikirləri ilə bağlı mətbuata açıqlama verib.

Davam.az-ın məlumatına görə şöbə müdiri bildirib ki, Ayətullah Nuri Həmədaninin Azərbaycanda dini durumla bağlı fikirləri hər hansı əsasa deyil, sırf qərəzə söykənir. Bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, ölkəmizlə bağlı böhtanlar söyləməsi və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir. Buna görə də din xadimi adına yaraşmayan belə açıqlamaların altında hansı “niyyətlərin” yatdığı göz qabağındadır.

Bu sayaq yalan və böhtanlar bir daha göstərir ki, Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tutduğu yol – dini etiqad azadlığının tam təmin olunması, tolerant prinsiplərin prioritetliyi, dinlərüstü və məzhəblərüstü siyasət yürütmək - totalitar düşüncə sahibi ayətullahları bərk narahat edir və pat vəziyyətindən çıxmaq üçün zaman-zaman azərbaycanlı dindarları dövlətə qarşı qoymağa cəhd göstərirlər. Görəsən, Həmədani və digər bu tipli ayətullahlar dini şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin dindarlarla üz-üzə dayandığını iddia etməklə İslamda ən böyük günahlardan olan böhtana əl atdıqlarını niyə “unudurlar”? Yoxsa, bu “unutqanlıq” “ümumi məqsəd”dən irəli gəlir?

Bəyanatlarında bəzən açıq, bəzən isə üstüörtülü şəkildə “cihad”, “şəhadət” kimi sözlərdən istifadə etmələri belələrinin həm dini, həm də siyasi səbatsızlıqlarının bariz göstəricisidir. Görünür, Azərbaycan üçün nəzərdə tutduqları “planların” iflasa uğraması din adından danışan bəzi şəxsləri xeyli qıcıqlandırıb.

Hər kəs bilməli, birdəfəlik qəbul etməlidir ki, Azərbaycan müstəqil, dünyəvi dövlətdir və başqa ölkələrin dövlət-din münasibətləri sistemini buraya ixrac etmək fikrinə düşmək hərdəmxəyallıqdır.
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed