Şrift:
Turan Cavidin atası Hüseyn Cavid haqqında xatirəsi - Onun bu əsərləri əlimizdə deyil
06.03.2017 [10:49] - Xəbərlər, DAVAMın yazıları
Hüseyn Cavidin qızı Turan Cavidin atası haqqında xatirəsini təqdim edirik:

Bəllidir ki, Hüseyn Cavid ədəbi yaradıçılığa şeirlə başlamışdır. Dramaturgiya janrına isə 1910-cu ildə müraciət edərək ilk birpərdəli “Ana” pyesini yazmışdır.

Onun 1910-1937-ci illər arasında yazmış olduğu pyeslərinin sayı 20-dən çoxdur. “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı”, “Telli saz”, “Şəhla”, “İblisin ilhamı”, “Atilla”, “Koroğlu” kino ssenarisi və başqa əsərlərini göstərmək olar. Təəssüflə qeyd etməliyik ki, son 4 pyes, ssenari və adları bizə bəlli olmayan daha başqa əsərlər əlimizdə deyildir.

1920-ci ildən yazmağa başladığı “Azər” dramatik poeması üzərindəki işini 1937-ci ilə qədər davam etdirmiş, lakin tamamlaya bilməmişdir.

Hazırda əlimizdə olan 13 dram əsərindən 11-i müxtəlif vaxtlarda səhnədə tamaşaya qoyulmuşdur.

Məlum hadisələrlə əlaqədar olaraq atamın arxivi mühafizə edilməmişdir. Lakin əlyazmalarından “Şeyx Sənan”, “Şeyda”, “Knyaz” və “Səyavuş” pyeslərinin, eləcə də “Azər” poemasından bir sıra parçaların ilk variantları müəyyən xoş təsadüf nəticəsində bizdə qalmışdır.

Atam, Firdovsinin anadan olmasının min illiyinə həsr etdiyi “Səyavuş” pyesi üzərində 1932-ci ildən işləməyə başlamışdır. Bir ümumi dəftərin sol səhifələrində pyesin nəsrlə yazılmış variant işlənmişdir. Sağ səhifələrində isə faciənin nəzmlə yazılmış variantına rast gəlirik. Pyesin ilk variantının adı “Südabə” olmuşdur.

“Azər” dramatik poemasından bizim əlimizdə bir ümumi və bir neçə şagird dəftəri vardır. Poemanın bəzi parçaları, misal üçün “Azər düşünürkən”, “Məsciddə”, “Əsgərlər təlim edərkən”, “Şərqə doğru”, “Yaşamaq və yaşatmaq” və başqaları bu əlyazmasından istifadə edilərək 1958-ci ildə “Seçilmiş əsərlər”də ilk dəfə nəşr olunmuşdur.

1935-ci ildə tamamlanmış “Xəyyam” pyesi Azərbayçan SSR-nin on beş illiyi münasibətilə elan olunmuş müsabiqədə mükafata layiq görülmüşdü. Pyesin avtoqrafı olmasa da, vaxtilə başqası tərəfindən üzü köçürülmüş əlyazması 1957-ci ildə bu sətirlərin müəllifinə əsəri İrəvan şəhərindən tapıb gətirmək nəsib oldu. Atam, vaxtilə “Xəyyam” pyesini İrəvanda yaşayan dostlarından birinə göndəribmiş.

Atam həmişə yanında cib dəftəri saxlayardı. Ora hər cür qeydlər edərdi. Zaman və məkandan asılı olmayaraq onu düşündürən obrazların monoloqunu, müxtəlif dialoqları həmin dəftərçəyə yazardı. Əlimizdə olan bir neçə cib dəftərlərində “Knyaz”, “Səyavuş”, “Xəyyam” və başqa pyeslərdən, “Azər” poemasından və digər əsərlərdən monoloq və dialoqlara, başqa-başqa şeir parçalarına və bir sıra qeydlərə rast gəlmək olar.

Atam bir dramaturq kimi, səhnə əsərlərinin tamaşa taleyi ilə çox maraqlanar və onların səhnədəki təcəssümündə yaxından iştirak edərdi. O, əsərlərinin quruluşunda iştirak edən yaradıcı heyətlə: rejissor, aktyor, rəssam, bəstəkar və başqaları ilə çox tez-tez söhbət edər, onlara məsləhətlər verərdi. Tamaşanın hazırlandığı ilk gündən ta ilk tamaşa gününə qədər məşqlərə müntəzəm gedərdi.

Sonralar da, vaxtı olduqca pyesin növbəti tamaşasına gedib baxar, aktyorların oyununu izlərdi. Tamaşa zamanı hər hansı bir aktyorun mətni özbaşına dəyişməsinə, özündən söz artırmasına qəti etiraz edərdi. Belə halları heç xoşlamazdı.

İncəsənət xadimləri arasında da onun çoxlu dostları var idi. A.M.Şərifzadə, R.Təhmasib. İ.Hidayətzadə, Kazım Ziya, H.Sarabski, M.H.Atamalıbəyov, Ülvi Rəcəb, Mərziyə xanım, M.A.Əliyev, Sidqi Ruhulla, A.Tuqanov və başqaları ilə görüşləri zamanı teatra, ədəbiyyata və incəsənətə aid məsələlər haqqında uzun-uzadı söhbətlər edərdi.

Teatr sənətini çox sevdiyi üçündür ki, o uzun müddət məhz teatr texnikumunda Azərbaycan ədəbiyyatından dərs demişdir. Yadımdadır... Atamın yaxın dostları bizə qonaq gələrkən o ya saatlarla oturub onlara qulaq asar, dərin xəyala dalardı, bəzən isə öz adətinin əksinə, müəyyən bir hadisə ilə əlaqədar olaraq çox alovlu, ehtiraslı, uzun-uzadı danışardı. Belə hallar, xüsusilə Azərbaycan xalqının tarixindən, ədəbiyyat və sənət məsələlərindən danışarkən olardı.

Turan Cavid

Atamı yaxşı xatırlayıram. Onun bəzi xasiyyətləri, hərəkətləri, rəftarı aradan uzun illər keçməsinə baxmayaraq indi də mənim xatirimdədir. O, ailədə çox həssas, qayğıkeş, mülayim, xoşrəftar idi. İşlədiyi zaman sakitliyi sevərdi. Ona görə də yeni əsər üzərində adətən gecələr və səhər tezdən işləyərdi. O, təxminən gecə saat üçə qədər işlədikdən sonra bir qədər yatar, dan ağarmamış oyanıb səhər saat 7-ə qədər işləyərdi. Buna görə də qardaşımı və məni məktəbə o, yola salardı. Biz oyanarkən, artıq çayımız, yeməyimiz hazır olardı. Anamın səhər tezdən oyanıb bizi yola salmasına heç razı olmazdı.

O, bizim dərslərimizlə də maraqlanar, dərslərimizin hazırlanmasına, bədii əsərlərin mütaliəsinə nəzarət edərdi. Maraqlandığımız məsələlər barəsində, xüsusən ədəbiyyat və incəsənətə aid suallara o həmişə çox geniş və ətraflı məlumat verərdi. O bunu çox səbirlə, təmkinlə və böyük həvəslə edərdi.

Atam gündüzlər ya gecə yazdıqları hissələrin üzərində yenidən işləyər, ya da yazdıqlarının üzünü köçürməklə məşğul olardı. Gündüzlər və ya axşamçağı o işləyərkən evdəkilər çox sakit hərəkət edər, yavaş səslə danışar, ona mane olmamağa çalışardılar. Atamın əsərləri, xüsusilə pyesləri üzərindəki işi çox maraqlı idi. O işlədiyi zaman ətrafındakıları hiss etməzdi. Bəzən uzun müddət sakit vəziyyətdə yazı masasının arxasından durmadan çalışardı. Bəzən isə otaqda var-gəl edə-edə bir obrazın sözünü və ya monoloqunu, müəyyən bir dialoqu və ya yazdığı şeirin bir bəndini ucadan deyərdi, həm də müxtəlif surətlərin sözlərini onların xarakterinə müvafiq şəkildə söylərdi. Görünür, yazdıqlarının yaratdığı qəhrəmanların dilində necə səslənəcəyi də onu maraqlandırırdı. Sonra yenə susar, yazı masasının arxasına keçərək düşüncəyə dalar və yenidən yazardı...

Atam hələ gənclik illərində çox mütaliə etdiyinə görə gözlərini həddindən artıq yormuş, zəiflətmişdi. Həkimlərin məsləhətilə o nisbətən az oxumalı, gözlərini qorumalı, özünü çox yormamalı idi. Mütaliəsiz isə keçinmək mümkün deyildi. Ona görə də ailə üzvləri: anam, qardaşım və mən ərəb əlifbasını da bildiyimiz üçün bacardığımız köməyi edə bilirdik. Bizə ərəb əlifbasını müxtəlif vaxtlarda onun özü öyrətmişdi. Əvvəlcə, yeni evləndikləri zaman anama dərs demiş, sonralar qardaşıma öyrətmişdi. Mənə isə, 4-cü sinifdə oxuduğum zaman öyrətdi. Bu əlifbanı bilməyim, atamın əlyazmalarından, eləcə də çox əvvəllərdə nəşr edilmiş əsərlərindən, həm də müxtəlif ədəbiyyatdan və dövri mətbuatdan istifadə etməyə imkan verir. Əlifbanı öyrəndiyim vaxtdan keçən illər ərzində, hər dəfə bu əlifba ilə nəşr olunmuş ədəbiyyatdan, sənədlərdən, əlyazmalarından və s. istifadə etdikdə, atamı böyük minnətdarlıqla yad edirəm.

Evdə kimin hansı saatda vaxtı olurdusa onun üçün oxuyurdu. Bəzən bu işi anam daha çox görməli olurdu. Mən atamın “Koroğlu” kino ssenarisi üzərindəki işini yaxşı xatırlayıram. Yeddinci sinifdə oxuyurdum. Bu onun üzərində işlədiyi son əsərlərindən idi. Bununla əlaqədar olaraq istifadə etdiyi ədəbiyyatın, kitabların böyük əksəriyyətini mən oxuyurdum. Bu sadəcə oxu çərçivəsində qalmırdı. Yeri gəldikcə çox maraqlı, ətraflı izahlar verir, təhlil edirdi.

Əsərlərinin üzünü köçürməkdə də kömək edirdik. İndi onun əlimizdə olan son pyesi “İblisin intiqamı” əsərinin üzünü anam köçürmüşdü. Bəzi səhifələrdə pyesə etdiyi əlavələri, dəyişikliyi görmək mümkündür.

Atam yazdıqları haqqında, planları, düşüncələri haqqında müntəzəm olaraq anamla söhbət edərdi. İndiki kimi xatırlayıram... Anam kresloda oturar, atam da bütün söhbəti müddətində otaqda gəzişərək bəzən sakit, təmkinlə, bəzən isə çox ehtirasla, həyəcanla danışardı. Belə hallarda nə anam yerindən qalxar, nə də biz söhbətlərinə mane olardıq. Belə vəziyyət çox vaxt bir saatdan da artıq çəkərdi. Biz belə halların çox tez-tez şahidi olurduq.

Kitablarımın içərisində mənə çox əziz olan bir kitab var. Atamın mənə hədiyyə verdiyi “Səyavuş” pyesi! O günü yaxşı xatırlayıram... Atam yenicə çapdan çıxmış “Səyavuş” pyesindən bir neçə nüsxə almış, kitablardan qohumlara, dostlara, tanışlara hədiyyə vermək üçün onları yazmaqla məşğul idi. Mən də yazı masasının yanında dayanıb yazılanları bir tərəfə qoyur növbəti kitabın yazılmasına baxırdım. Hələ hamısının yazılıb qurtarmasını gözləmədən bir uşaq sadəlövhlüyü və marağı ilə: “Bəs mənim kitabım hanı?” sualı ilə müraciət etdim. Əvvəlcə gülumsündü. Sonra adəti üzrə alnımdan öpdü. Böyük məhəbbət və səmimiyyətlə, çox sakit və mülayim səslə: “Bütün kitablarım sənin deyilmi?” cavabını verdi. Şubhəsiz ki, növbəti kitablardan birini qardaşıma, birini də mənə hədiyyə verdi. Qardaşıma verdiyi kitabda “Sevgili Ərtoğrula bir yadigar. Bakı, dekabr, 1934”, mənim kitabımda isə “Sevgili Turanıma bir yadigar. Bakı, dekabr, 1934” sözləri yazılmışdı... Hər iki kitab çox səliqə ilə saxlanmışdır.

Teatr sənətinə maraq məndə çox kiçik yaşlarından oyanmışdı. Hələ orta məktəbdə oxuyarkən bizi məktəbdən müntəzəm olaraq Gənc Tamaşaçılar Teatrına aparardılar. Eyni zamanda ailə üzvlərilə birlikdə Azərbaycan Dövlət Dram teatrının tamaşalarına da baxmağa gedirdim. Atam bir qayda olaraq baxdığımız tamaşaların bizə – qardaşıma və mənə necə təsir etdiyi ilə və necə başa düşməyimizlə maraqlanar və müxtəlif suallar verərdi. Ərtoğrol məndən bir neçə yaş böyük olduğuna görə və yaxşı hazırlığına görə onun cavabları daha doğru və əsaslı olurdu. Bizi dinlədikdən sonra özü gördüyümüz tamaşanı təhlil və izah etməyə başlar, çox maraqlı fikirlər, mülahizələr söylərdi. Onun teatr sənəti haqqında dediklərini indi xatırlaya bilmədiyim üçün çox-çox təəssüflər edirəm.

Lap kiçik yaşlarımdan müntəzəm olaraq baxdığım tamaşalar və evdə onların ətrafında gedən danışıqlar, atamın bizə qonaq gələn sənət dostları ilə görüşləri zamanı etdiyi söhbətlər məndə teatr sənətinə maraq və məhəbbət oyatmış, sonralar bu məhəbbət daha da dərinləşmiş, nəhayət, teatrşünas ixtisasını seçməyimə səbəb olmuşdur. Bunun üçün isə mən yalnız və yalnız atama minnətdaram.

1981
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed