Şrift:
“Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfrans
16.04.2012 [18:43] - Hadisə
Xocavənd rayonunun Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə-xatirə kompleksinin önündə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü ilə, Xocavənd rayon İcra Hakimiyyəti və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfrans keçirilib.

Davam.az-ın məlumatına görə, konfransda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən, QHT və KİV təmsilçiləri, təşkilatçı qurumların rəhbərləri, müharibə veteranları, yerli ictimai fəallar iştirak ediblər.

Konfransda çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları salamlayaraq, belə bir konfransın ön cəbhədə keçirilməsinin, burada Azərbaycan və Türkiyə parlament üzvləri və QHT rəhbərlərinin iştirakını xüsusi vurğulayaraq, Sovetlərin çöküşü və müstəqilliyin ilk illərində Xocavənddə yaşananlar və Xocavəndin bu günü barədə ətraflı məlumat verib.

Konfransın digər təşkilatçısı olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva öz çıxışında qondarma erməni soyqırımına, erməni yalanlarına dair, habelə Azərbaycan həqiqətlərinin dünyada tanıdılması yönündə görülən və görülməli olan işlər barədə öz fikir və düşüncələrini bölüşüb. Millət vəkili Qənirə Paşayeva erməni işğalından, erməni zülmündən bilavasitə əziyyət çəkən, canlı şahidlərin yaşadığı bir rayonda - ön cəbhədə bu gün belə bir konfransın keçirilməsinin çox əhəmiyyətli olduğunu, bunun xalqımızın dostlarına da, düşmənlərə də mesaj olduğunu, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının daha bir örnəyi olduğunu vurğulayıb.

TBBM-nin üzvü İsmail Safi Azərbaycana iki gün öncə başlayan səfərindən, bu səfər çərçivəsində Xocavəndi ziyarətindən, burada – ön cəbhədə yaşayanların ümidli və nikbin olmasından məmnunluğunu bildirib.

İstər Xocavənd rayon İcra Hakimiyyətinin başçısı və millət vəkillərinin çıxışında, istərsə də yerli ictimai fəalların çıxışında Azərbaycan həqiqətlərinin qondarma “erməni soyqırımı” iddialarına ən tutarlı cavab olduğu, beynəlxalq səviyyədə ardıcıl olaraq erməni yalanlarına məruz qalan Azərbaycan və Türkiyənin birgə hərəkət etməsinin və bu hərəkətdə QHT-lərin, vətəndaş cəmiyyəti qurucularının daha aktiv yer almasının zəruriliyindən danışılıb.

Konfransdan sonra səngərdə keşik çəkən əsgərlərlə görüş keçirilib.
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed