Şrift:
Nəqliyyatın icbari sığortasını onlayn şəkildə həyata keçirmək mümkündür
07.03.2017 [14:40] - Gündəm, İqtisadiyyat
Artıq dünyada olduğu kimi, Azərbaycan vətəndaşları da sığortanın ən sadə və ən rahat modeli olan onlayn sığortadan “Elektron hökumət” portalı üzərindən istifadə edəcəklər. Belə ki, “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “İcbari nəqliyyat sığortası” adlı xidmət elektronlaşdırılaraq, portala inteqrasiya edilib.

Portaldan bildirilib ki, nəqliyyatın icbari sığortasını onlayn etmək üçün “Elektron hökumət” portalına daxil olub, “Digər” xidmətlərin içərisindən “İcbari nəqliyyat sığortası” xidməti seçilir. Açılan pəncərədə nəqliyyat vasitəsinin qeydiyyat nişanını daxil edib, “Davam et” düyməsini sıxdıqdan sonra avtomobilin ban nömrəsini qeyd etmək tələb olunur. Ban nömrəsi daxil edildikdən sonra ekranda avtomobilin markası və modeli görünür. Bundan sonra vətəndaş şəxsi məlumatlarını sistemə daxil edib, “Davam et” düyməsini seçir. Sonra sığortanın qüvvəyə minmə tarixi müəyyənləşdirilir. Əslində, sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir, lakin vətəndaş 30 gündən artıq olmamaq şərtilə digər tarixi də seçə bilər. Açılan səhifədə sığorta şirkətlərinin adları və ödəniləcək məbləğ görünür. Vətəndaş istənilən sığorta şirkətini seçir, şığorta haqqını ödəyir və sığortasını əldə edir.

Qeyd edək ki, klassik formadan fərqli olaraq, onlayn sığorta təhlükəsizlik və rahatlığına görə bir sıra üstünlüklərə malikdir. Elə buna görə də dünyada əksər insanlar birbaşa sığortaya üstünlük verirlər. Statistikaya görə, britaniyalıların 70 faizi, Fransada isə yerli əhalinin 50 faizi onlayn sığortadan istifadə edir.

Onlayn sığortanın müsbət cəhətlərindən biri də burada vasitəçinin olmamasıdır. Yəni, elektron sığorta broker və ya agentlərin iştirakı olmadan sığortaçı və müştəri arasında birbaşa əlaqə yaradılması deməkdir. Bu isə öz növbəsində, sığorta xərclərini azaldır.

Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/514 linkindən əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed