Şrift:
“PolyMart” “Caspian Energy Forum Baku–2017”nin sponsoru olub
10.03.2017 [14:38] - İqtisadiyyat
“PolyMart” bu il aprelin 12-də Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum–2017”nin (www.caspianenergyforum.com) sponsoru olub.

“Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Caspian Energy Forum–2017”də Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkət rəhbərləri qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edəcək.

“PolyMart” ASC-nin direktoru Rəşad Məmmədov deyib ki, “Caspian Energy Forum–2017” Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının perspektivli istiqamətlərinin müzakirə meydanına çevriləcək.

“Forum çərçivəsində Azərbaycanın dövlət başçısının təsdiq etdiyi yol xəritələrinə uyğun ölkədə həyata keçirilən islahatlar müzakirə olunacaq ki, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafını gücləndirəcək, ixracyönümlü məhsulların istehsalını təşkil etməyə yardım edəcək. Forumda Şərq-Qərb dəhlizi çərçivəsində tranzit axınının genişlənməsinə yönəlmiş nəqliyyat dəhlizlərinin inkişafına da toxunulacaq”, - deyə o vurğulayıb.

“PolyMart” ASC CEIBC ilə fəal əməkdaşlıq edir, beynəlxalq şirkətlərlə fəal əməkdaşlığa və xarici investisiyanın ölkəmizə cəlb olunmasına yönəldilmiş “Caspian Energy Forum–2017” kimi Xəzər-Qara dəniz regionu üçün əhəmiyyətli hadisəni dəstəkləyir”, - deyə R.Məmmədov əlavə edib.

2015-ci ildən fəaliyyət göstərən “PolyMart” ASC-nin əsas fəaliyyət istiqaməti Azərbaycanda “P-Plast” markalı plastik boruların və boru birləşmələrinin istehsalı, eləcə də ölkədə və onun hüdudlarından kənarda su, qaz və kanalizasiya sistemlərinin quraşdırılması üçün tələb olunan materialların satışının təşkilidir. Şirkət, həmçinin bir sıra xarici istehsalçıların rəsmi nümayəndəsidir.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

IV Beynəlxalq “Caspian Energy Forum–2017”nin sponsoru “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” ASC və “SİNAM”dır.

Forumda iştirak üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək olar.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed