Şrift:
Fərəc Quliyev: Pensiyaçılara dövlət dəstəyi təmin olunmalıdır
10.03.2017 [15:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin Milli Məclisin bu gün- 10.03.2017 tarixində keçirilən plenar iclasındakı çıxışının tam mətni:

" Dövrün vacib çağırışlarından biri keyfiyyətli islahatlar aparmaq və eyni zamanda yaranmış vəziyyətdə sosial itkiləri azaltmaqdan ötrü sosial müdafiəyə ehtiyacı olan təbəqələrin sosial müdafiəsinin qeydinə qalmaqdır.
Bu qanun layihəsində dəyişikliklərdən birində pensiya yaşının tədricən kişilər üçün 63 yaşdan, qadınlar üçün isə 60 yaşdan 65 yaşa çatdırılması nəzərdə tutulur.
Doğrudur,pensiya yaşının artırılmasını istəyənlər də var,amma ,bu insanların əksəriyyəti sağlamlıq durumu , iş qabiliyyəti yüksək səviyyədə olduğuna görə yox, iqtisadi məcburiyyətdən, maddi problemlər onları çox sıxdığından bunu istəyirlər. Çünki vətəndaş pensiyaya çıxan kimi işlədiyi müddətdə aldığı məsələn, 350-400 manat maaşın müqabilində 130-160 manat pensiya almağa başlayır.
Bəzən ,inkişaf etmiş ölkələrlə pensiya yaşı ilə bağlı müqayisə aparılır. Bu ölkələrdə təbii artım çox aşağı səviyyədədir. Əhalinin azalması fonunda ahıl yaşda olanların xüsusi çəkisi artır. Əmək qabiliyyətli yaşda olan əhali isə azalır. Belə vəziyyət iqtisadiyyatın inkişaf perspektivləri üçün ciddi təhlükə yaradır. Belə ölkələrdə əmək qabiliyyətli yaşda olan insanların sayının azalması şəraitində iqtisadiyyata dəyən ziyanı azaltmaq üçün pensiya yaşının artırılması tələbat yaranıb.
Biz isə öz iqtisadi, sosial, demoqrafık situasiyamızdan çıxış etməliyik. Azərbaycanda əhalinin təbii artımı 1,3 faizdir. Əmək qabiliyyətli yaşda olan əhali artır. Pensiyaçılar əhalinin cəmi 13 faizi səviyyəsindədir.Əgər bu ölkələrdəki kimi Azərbaycanda da əhalinin təbii artımı, doğum göstəriciləri, əmək qabiliyyətli yaşda olan əhali azalsaydı, yaşlı əhalinin sayı kəskin surətdə artmağa başlasaydı, orta pensiya 1500 dollar olsaydı, onda bizdə də pensiya yaşının kişi və qadınlar üçün 65 yaşa çatdırılması situasiyanın tələb etdiyi məntiqi addım olardı.
Bizdə demoqrafik trend fərqlidır, orta pensiya cəmi 110 dollardır. Pensiyaçını da daha çox bir şey maraqlandırır: bu dəyişikliklər onun pensiyasının məbləğinin artmasına səbəb olacaqmı? Ona görə də İslahatlar pensiyaçıların aldıqları pensiyanın məbləğinin qorunub saxlanılması və artırılması ilə müşayət olunmalıdır.
Beləliklə,pensiya islahatını həyata keçirməkdən ötrü siyasi, iqtisadi, sosial, demoqrafik və s. cəhətdən əsaslar və şərait olmalıdır. Nə iqtisadi, nə sosial, nə də demoqrafik baxımdan indi pensiya yaşının kişi və qadınlar üçün artırılıb 65 yaşa çatdırılmasının zamanı hələ yetişməyib. Əhalinin xeyli hissəsi belə bir qərara hazır deyil. Xüsusən də kişilər və qadınlar üçün pensiya yaşının bərabərləşdirilməsi indi münasib deyil.
Maddə 13 və maddə 12.1-də nəzərdə tutulan dəyişikliklər 2-ci və 3-cü qrup əlillərin böyük bir hissəsinin pensiyadan məhrum olunmasına səbəb olacaq.
Maddə 7-də sığorta stajının 12 ildən 25 ilə qaldırılması da xüsusən qadınlar üçün münasib deyil.
Eyni zamanda maddə 18-də ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərinə münasibətdə də alınan vəsaitin azalmasına səbəb olan dəyişiklik nəzərdə tutulur.
Belə bir fikir üstünlük təşkil edir ki, hazırkı pensiya islahatı büdcə vəsaitinə qənaət eləmək üçün həyat keçirilir.
Onda pensiya yaşı qaldırılanda Pensiya Fondu (DSMF) vəsaitinə və büdcədən həmin fonda transfertərinə nə qədər qənaət ediləcəyinə də aydınlıq gətirilməlidir. Bütün hallarda pensiyaya çıxanların sayı artdıqca nəzərəçarpan qənaətlər mümkün olmayacaq. Azərbaycan vətəndaşlarının layiqli pensiya alması məsələsi hökumətin siyasətində önə çəkilməlidir. Ona görə də bu istiqamətdə müvafiq mexanizmlər işə düşənə qədər ,pensiyaçılara dövlət dəstəyi təmin olunmalıdır".

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed