Şrift:
Ramil xristian doğulmalıydı…
18.04.2012 [10:02] - DAVAMın yazıları
Və ya “77-yə görə 21 il, 1-ə görə ömürlük”

Norveçin paytaxtı Osloda 77 nəfəri öldürmüş terrorçu Anders Breyvikin məhkəmə prosesi başlayıb. Məhkəmədə qatil törətdiyi cinayətləri etiraf etsə də, bildirib ki, bu əməli xristian təəssübkeşliyindən irəli gəlib.

Əgər məhkəmə A.Breyvikin bu qətliamı anlaqlı vəziyyətdə törətdiyini üzə çıxarsa, onu 21 il həbs cəzası gözləyir. Bu o deməkdir ki, Andersdə şizofreniya əlamətlərinin olması haqda əvvəl irəli sürülən mülahizə təsdiqlənsə, 77 insanın qatili psixiatrik xəstəxanaya müalicəyə göndəriləcək.

Olay Avropanın göbəyində, Norveç kimi dünyanın ən cazibədar ölkəsində baş verir. 77 insanı (onların arasında uşaqlar və qocalar da var) qətlə yetirən 150 nəfəri yaralayan qatil maksimum 21 il cəza alacaq.

Televiziyada Andersin məhkəmə salonuna gətirilməsi səhnəsinə baxdıqca və yuxarıda qeyd etdiyim bilgiləri dinlədikcə gözümün önünə Macarıstanda ömürlük həbsə məhkum edilmiş zabitimiz Ramil Səfərovun məhkəmə prosesi gəldi.

Məkan yenə də Avropadır - Macarıstan. Özlərini insana, insan haqlarına dəyər verən məkanın parçaları hesab etdikləri üçün yəqin ki, Macarıstanla Norveç qanunvericiliyi arasında o qədər də böyük fərq yoxdur.

Ancaq Avropa məkanının bir ölkəsində 1 nəfəri öldürənə ömürlük həbs cəzası, 77 nəfəri öldürənə 21 il iş istənilir...

Avropanın, eləcə də xristian aləminin dünyada bir çox məsələlərə ikili standartdan yanaşmasından əziyyət çəkənlərdənik. Adətən, Azərbaycanın işğal olunmuş torpaqlarına münasibətdə bu ayrıseçkiliyi görmüşük. Ancaq Avropada xristian təəssübkeşliyinin hətta onlarla insanı qətlə yetirən qatilin işinə belə yaradığını düşünəndə, adamın tükləri biz-biz olur.

Dünya siyasətində ikili standartlar anlaşılandır, hər dövlətin öz marağı var. Amma əndazəsiz ikili yanaşma nə qanuna, nə dinə sığır.

Bu müqayisədə məqsədim, nə üçün Andersə də ömürlük həbs cəzası verilməməsini ortaya çıxarmaq deyil. 21 il həbsdə yatmaq da, ona "həyatı başa sala bilər". Ancaq Anderslə müqayisədə 76 dəfə az cinayətdə ittiham olunan Ramil Səfərova ömürlük həbs cəzası verilməsində artıq nə Avropa dəyəri, nə ədalətli hökm, nə də insan hüququ var.

Ramilin başlıca günahı müsəlman, azərbaycanlı, türk, qafqazlı olmasıdırmı? Və ya qatil olmaq üçün mütləq avropalı, xristian olmaq şərtdirmi?

Aqil CAMAL
Bu xəbər oxucular tərəfindən 1487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed