Şrift:
Qabil Hüseynli:"Bununla bağlı Türkiyənin əlində kəşfiyyat materialları var”
18.04.2012 [12:20] - Siyasət
“Rusiyanın Şimali Qafqazda gördüyü işlər və xüsusən də Xəzər dənizi ilə bağlı Türkiyənin əlində kəşfiyyat materialları var”

Aviqdor Libermanın Bakıya gəlişi məsələsinin nədən xəbər verəcəyinə münasibət bildirən siyasi şərhçi Qabil Hüseynli qeyd edib ki, belə səfər baş tutarsa, İsrail Azərbaycana qarşı son günlər atılan təhdidlərə qarşı ölkəmizin yanında olduğunu bildirmək naminə ediləcək. Eyni zamanda ikitərəfli digər danışıqlar da həyata keçirilə bilər. “Azərbaycan üçün Rusiyanın törətdiyi digər əngəllər, eləcə də İranın Azərbaycana qarşı olan münasibətinin qarşısında Azərbaycanın tək olmadığını və onun arxasında İsrailin və onun müttəfiqlərinin olması mesajını vermək üçün belə bir səfərə ehtiyac duyulur. Fikrimcə, belə bir səfər baş tutacaq”-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, Türkiyə bizim vəziyyətimizi anlayacaq, çünki , Rusiyanın Şimali Qafqazda gördüyü işlər və xüsusən də Xəzər dənizi ilə bağlı Türkiyənin əlində kəşfiyyat materialları var. Rusiya Transxəzər qaz boru kəmərinin xəttini əngəlləmək istəyir. Bu da Türkiyənin maraqlarına ziddir. Politoloq bildirib ki, bütövlükdə regionda Rusiyanın etdiyi hərəkətlər təkcə Azərbaycanın yox, Türkiyənin də maraqlarına qarşı yönəlib. “Rusiya və İran sözsüz ki, məsələyə fərqli münasibət bəsləyəcək. Bu fərqli baxışlardan asılı olmayaraq Libermanın Bakıya gözlənilən səfərini bu dövlətlər zəruri ediblər. Rusiya Şimali Qafqaza qoşun toplayır, İran isə bir birinin ardınca nota verir. Bunun qarşısında təbii ki, Azərbaycan vəziyyətdən çıxış yolu axtarmalıdır”-deyə, əlavə edib. Liberman gəlsə də gəlməsə də Rusiyanın Azərbaycana olan münasibətində hər hansı prinsipial dəyişiklik olmayacağını qeyd edən politoloq bildirib ki, eyni sözləri İran haqqında da ehtiyatla demək mümkündür. “Azərbaycan öz xarici siyasətini müstəqil qurduğuna və hər hansı dövlətlə yaratdığı münasibət üçüncü bir dövlətin əleyhinə çevrilmədiyinə görə bu situasiyanı başa düşən düşəcək , düşməyən isə əvvəlki mövqeyində qalacaq”-deyə, fikrini tamamladı.
Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed