Şrift:
Dünya Bankında Azərbaycan mətbəxinə səyahət
17.03.2017 [10:40] - Mədəniyyət
Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində martın 16-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dünya Bankının (DB) baş qərargahında Azərbaycanın bu ölkədəki səfirliyinin və Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Tədbirdə Dünya Bankının əməkdaşları və həmin təşkilatda işləyən həmvətənlərimiz iştirak ediblər.

2014 və 2015-ci illərdə ölkəmizin ABŞ-dakı səfirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə nəşr edilmiş kitab Amerika ictimaiyyətinə təqdim olunan Azərbaycan mətbəxi haqqında ilk nəşrdir.

İşıq üzü görəndən beş böyük beynəlxalq mükafata layiq görülən 317 səhifəlik kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur “azcookbook.com” bloqundan seçilmiş reseptlər daxil edilib. Bundan başqa, nəşrdə Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlarmız haqqında məlumatlar da əks olunub.

Dünya Bankının icraçı direktoru Verner Gruber çıxış edərək tədbirlə bağlı təəssüratlarını bölüşüb.

Daha sonra kitabın müəllifi qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verib. Azərbaycanın müxtəlif bölgələrinin mətbəxlərinin xüsusiyyətlərindən danışan F.Buyuran ölkəmizdə fərqli ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib cəmiyyətin mövcud olduğunu deyib.

Təqdimatdan sonra qonaqlara Azərbaycan milli mətbəxinin şirniyyatlarından ibarət müxtəlif təamlar təqdim olunub.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Konqresinin kitabxanasında nəşrin uğurlu təqdimatı keçirilib.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed