Şrift:
Bakıda idman gimnastikası üzrə dünya kubokunun açılış mərasimi keçirilib
17.03.2017 [10:57] - İdman
Martın 16-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kubokunun təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan xalqının milli bayramına - Novruza həsr olunan açılış mərasimində tamaşaçılar Bahar qızın, Kosanın və Keçəlin ifasında əyləncəli tamaşanı izləyiblər. Rəngarəng şənlik proqramı ilə yanaşı, böyük ekranda Azərbaycanın füsunkar təbiəti, mənzərələri, milli dekorasiya elementləri, əl işləri və xalçalar nümayiş etdirilib.

Kompozisiyalarda bədii gimnastika, idman gimnastikası, tamblinq, akrobatika və aerobika növlərini təmsil edən müxtəlif yaş qruplarından olan idmançılar iştirak ediblər.

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, son illər Azərbaycan idmanının yüksəlişi dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq, belə tədbirlərin Vətənimizdə keçirilməsinə məmnunluqla razılıq verirlər. Bu etimadı doğrultmaq üçün biz dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

İ.İsmayılov dünya kuboku yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edərək deyib: “İdman gimnastikası dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra idmanın bu növünün inkişafında yeni mərhələ başlayıb. Nəticədə gimnastikaya maraq xeyli artıb və nəticədə idmanın bu növü üzrə bütün tədbirlər yüksək səviyyədə təşkil olunur. Fürsətdən istifadə edərək idman gimnastikası üzrə dünya kuboku yarışının bütün iştirakçılarına uğurlar arzulayıram”.

Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızda keçirilən turnirdə 23 ölkədən idmançılar güclərini sınayırlar.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Hazırkı Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydalarına əsasən kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed