Şrift:
Eldar İsmayılov: “Şaumyan Azərbaycan və Gürcüstanı parçalamağı planlaşdırırdı”
19.04.2012 [12:41] - Müsahibə
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Eldar İsmayılovun müsahibəsini təqdim edirik:

-Bu yaxınlarda sizin “Stepan Şaumyan - unudulmağa məhkum edilmiş. Retuşsuz “əfsanəvi kommunar”ın portreti” kitabınız işıq üzü görüb. Sovet komissarı Şaumyan barədə kitab hazırlamaq zərurəti hardan yarandı?

- İlk növbədə, kitabda Şaumyanın Azərbaycan xalqının düşməni olduğunu təsdiq edən danılmaz faktlar öz əksini tapıb. Bu faktlar, əsasən Bakı və Moskvada saxlanılan arxiv materialları, sənədli kolleksiyalar, Şaumyanın öz siyasi baxışlarını, erməni-Azərbaycan qarşıdurmasına münasibətini ifadə etdiyi məqalələrinin tədqiqi əsasında aşkar olunub.

Arxiv materialları, tarixi faktların öyrənilməsi isə 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın Şaumyan tərəfindən təşkil olunduğunu üzə çıxardı. O, Bakı quberniyasında müsəlmanların qırılması və soyqırımının təşəbbüskarı olub.

Şaumyanın siyasəti mahiyyət etibarı ilə faşizm idi. Onu kimin idarə etdiyi və hansı məqsədləri güddüyündən asılı olmayaraq milli zəmində kütləvi qırğın həqiqətdə əsl faşizm idi.

- Azərbaycan Milli Elmlər Akademiyası 2009-cu ildə 26 Bakı komissarının heykəlinin sökülməsindən sonra bəyan etdi ki, orada Şaumyanın meyiti tapılmayıb. Bu, bir sıra alimlərin Şaumyanın 1918-ci ildə qaçdığına və Hindistanda gizləndiyinə dair ehtimallarını təsdiq edirmi?

- Məsələ burasındadır ki, əgər Şaumyan 1918-ci ildə öldürülməsəydi, o zaman bir müddət sonra bolşeviklərin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü təyin edilərdi. Çünki nüfuzu Şaumyandan az olan Anastas Mikoyan artıq 1926-cı ildə bolşeviklərin Siyasi Bürosunun üzvü təyin olundu.

Başqa sözlə desək, Şaumyan dövlətin dördüncü, üçüncü və ola bilsin ki, ikinci şəxsinə çevrilə bilərdi. Ona görə, Şaumyanın yerində başqa biri olsaydı Hindistana qaçmazdı.

Biz azərbaycanlı tarixçilər Şaumyanın Hindistana qaçması ilə bağlı tarixdə həqiqəti axtarıb tapmalıyıq. Məsələ burasındadır ki, əgər Şaumyan Hindistana qaça bilibsə, o zaman Sovet kəşfiyyatı sonrakı illərdə onun yerini aşkar edə bilərdi. Hesab edirəm ki, Şaumyan digər komissarlarla birgə güllələnib.

- Siz Bakı komissarlarının güllələnməsinə dair yeni faktlar aşkar etmisinizmi?

- Həmin tarixi hadisələrin xronologiyası belədir ki, 1918-ci il 30 avqust tarixində eser Kaplan Lenini vurdu, bundan sonra bolşevik partiyası sentybarın 5-də “qırmızı terror»”un başlandığını elan etdi. Bu qərar əsasında bütün eserlər güllələnməli idilər. Məhz həmin dövrdə Türksmənistanda hakimiyyətə eserlər gəldilər və “qırmızı terror”a müqavimət göstərmək barədə qərar qəbul etdilər. Başqa sözlə desək, eserlər Bakı komissarlarını güllələməklə bolşeviklərdən qisas aldılar.

- Bir sıra tarixçilərin dediyi kimi, Şaumyanı ingilislərin öz tərəflərinə çəkməsinə dair fakt varmı?

- Şübhəsiz ki, Bakı komissarlarının arasında ingilislərin öz tərəflərinə çəkmək istədikləri adamlar var idi. Arxivlərdə ingilis emissarların məktubları saxlanılıb, lakin onlarda Şaumyanın adı qeyd olunmayıb. Bu məktublarda başqa bir komissarın - Caparidzenin adı hallanır. Məktublara əsasən, ingilislər onu öz tərəflərinə çəkməyi yalnız planlaşdırıblar. Eyni zamanda, 1926-cı ildə Xəzəryanı hökumətin başında olan Fedor Funtikov da Bakı komissarlarının qətlinə görə günahı ingilislərin üzərinə atmaq istəyib.

Bundan əlavə, ilkin təhqiqatlar aparan eser Çaykin də komissarların ölümünə görə günahı ingilislərin boynuna atmağa çalışıb. Lakin, fakt budur ki, komissarların gizli güllələnməsi qərarı eserlər tərəfindən qəbul olunub.

- Həmin dövrün tarixi şəxsiyyətlərinin bir sıra xatirələrində məlumatlar var ki, Stalin Bakı komissarlarına qarşı yaxşı münasibətdə olmayıb. Bu məlumatlara müvafiq təsdiq tapmısınızmı?

- Yaxınlarından birinin sözlərinə görə, Stalin 1947-ci ildə Bakı komissarlarının, xüsusilə də Şaumyanın ünvanına sərt ifadələr işlədib və “onların özlərini düzgün aparmadıqlarını” qeyd edib. 1918-ci ildə Bakıda azərbaycanlıların soyqırımından bir gün sonra Stalin Şaumyana məktubunda yazır ki, “müsəlmanlar muxtariyyət istəyirlər. Əgər şərtlər qane edirsə, onlara muxtariyyət verin”. Başqa sözlə, Stalin Şaumyanın apardığı millətçi siyasətdən narazı olub.

Bundan iki ay sonra Stalin bolşevik Bünyad Sərdarov və Muxtar Hacıyevi qəbul edir. Bünyad Sərdarov öz xatirələrində yazır ki, Stalin Şaumyanın fəaliyyətindən narazı idi. Sərdarov Stalinin sözlərini sitat gətirərək bildirir ki, “Şaumyan milli barışıq yaratmaq əvəzinə, milli ədavəti qızışdırdı”. Yəni Stalinin Şaumyana münasibəti yaxşı olmayıb. Stalin 1918-ci ildə Şaumyanı Cənubi Qafqaz üzrə fəvqəladə komissar vəzifəsindən çıxartmaq istəyib, lakin regionda gərginləşən vəziyyət bu qərarın reallaşdırılmasına imkan verməyib.

- Şaumyanın milli siyasət sahəsində atdığı hansı addımlar Stalinin narazılığına səbəb ola bilərdi?

- Bildiyiniz kimi, Şaumyan 1917-ci ildə Qafqaz üzrə fövqəladə komissar təyin olundu. Şaumyan Tbilisidə oturmaqla Qafqazı idarə etməli idi. Ona görə, Bakıdan Tbilisiyə getməklə o öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Şaumyan Qafqaz Ordusunun 1917-ci ilin mayında Tbilisidə keçirilən qurultayında Cənubi Qafqazda üç dövlətin yaradılmasını təklif edir.

Lakin, o, bu dövlətlərin adlarını açıqlamır. Bununla belə, gürcü menşeviklərin lideri Noy Jordaniya öz xatirələrində yazır ki, Şaumyan Tbilisi quberniyasının Gürcüstandan ayrılması və Ermənistana birləşdirilməsini təklif etdi. Axı həmin dövrdə Tbilisi əhalisinin 30 faizini ermənilər təşkil edirdi, Bakıda isə cəmi 18 faiz erməni yaşayırdı. Şaumyan İrəvan və Tbilisi quberniyları, həmçinin Naxçıvaınn birləşdirilməsi yolu il Ermənistan yaratmağı planlaşdırırdı. Bu halda, Azərbaycana yalnız Yelizavetpol quberniyası qalırdı.

Bakı quberniyasına gəldikdə isə, Şaumyanın planına görə, o azərbaycanlılara qalmırdı. Yəni Şaumyan Azərbaycanı dağıtmaq və prçalamaq niyyətində idi. Şaumyanın planları Gürcüstana da aid idi.
Bu xəbər oxucular tərəfindən 1612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed