Şrift:
Azərbaycanda həbs olunan terrorçulara “Əl-Qaidə” təlim keçib – MTN
19.04.2012 [13:03] - Xəbərlər
Milli Təhlükəsizlik Nazirliyi həyata keçirdiyi antitrror əməliyyatı ilə bağlı açıqlama yayıb. Nazirliyi mətbuat xidmətindən bildirilir ki, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilib.

Müəyyən edilmişdir ki, 2011-ci ilin yay aylarında Azərbaycan Respublikasının vətəndaşı Padarov Vüqar İspaxan oğlu Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatla təchiz edilib. Məlum olub ki, silahlı birləşmənin bəzi üzvləri əvvəlcə «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatının nümayəndələrinin köməkliyi ilə Suriya Ərəb Respublikasındakı mədrəsələrdə cihadda iştiraka hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçiblər.

Sonra silahlı birləşmənin üzvlərinin bir hissəsi Pakistan İslam Respublikasının Vəziristan əyalətinə gəliblər. Onlar «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatına daxil olan «İslami-cihad» terrorçu qrupunun tərkibində bir neçə ay ərzində hərbi-dini təlimlər keçərək müxtəlif növ atıcı silahlardan, artilleriya, raket və minomyotlardan atəş açmaq, partlayıcı qurğular hazırlamaq və minalar quraşdırmaq vərdişlərini mənimsəyiblər. Bundan sonra, həmin şəxslər «İslami-cihad» terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.

Dəstənin bir qrup digər üzvü İran İslam Respublikasında atəş və fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və digər istiqamətlər üzrə iki ay xüsusi təlim keçiblər.

Silahlı birləşmənin fəal üzvü “Maqa” ləqəbli Elmir Nurəliyev hələ 2010-cu ilin avqust ayında Dağıstana gedərək «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan “əmir” Əbu-Hureyranın, “Dağıstan cəbhəsinin əmirləri” “Həsən” ləqəbli İsrapil Velicanovun və “Saleh” ləqəbli İbrahimxəlil Daudovun dəstələrində Dağıstan ərazisində terrorçuluq aksiyalarının və digər cinayətkar əməllərin törədilməsində iştirak ediblər.

Həmin ilin sonlarında Elmir Nurəliyev Dağıstanın Kadar kəndi yaxınlığında İbrahimxəlil Daudovun dəstəsinin gizli düşərgəsində «Busra» ləqəbli Vüqar Padarov ilə tanış olub. Vüqar Padarov Elmir Nurəliyevə Azərbaycanda da cihad aparılmasını təklif edib. Məqsəd Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq aksiyalarının keçirilməsi, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və respublikanın nüfuzuna xələl gətirmək olub. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin və başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması nəzərdə tutulub. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək, əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü, terrorçuluq aksiyalarının törədiləcəyi hədəflərin və yerlərin sxemi, iş rejimi, xidməti personalın sayı, snayperlərin mövqeləri və digər faktorlar müəyyənləşdirilib. Dağıstanla həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulub. Elmir Nurəliyev ilə razılaşma əldə etdikdən sonra Vüqar Padarov planları barədə Əbu-Hureyraya və İbrahimxəlil Daudova bildirib. 2011-ci ilin fevral ayında İbrahimxəlil Daudov Kadar kəndi yaxınlığında “Dağıstan əmirlərinin şurası”nı təşkil edib və onlar “əmir” Əbu-Hureyranın əvvəllər bu barədə irəli sürdüyü analoji təklifləri Vüqar Padarov və Elmir Nurəliyevin iştirakı ilə müzakirə edtblər. Sonda “Əmirlər şurası” tərəfindən Vüqar Padarova və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilib. Yaradılacaq yeni silahlı birləşməyə İbrahimxəlil Daudov Vüqar Padarovu “əmir” təyin edib və bu barədə videogörüntülü müraciətini sonuncunun mobil telefonunun yaddaşına yazıb.

2011-ci ilin iyul ayında Vüqar Padarov və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarovla Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılayıb və onları idarə etdiyi avtomaşınla Zaqatala şəhərinə aparıb. Elmir Nurəliyev, Əmir Muradov, Nəsrullah Yunusov, Məcid Aşurov və Faiq Sultanov adlı şəxslərin beyətini qəbul etdikdən sonra Vüqar Padarov dəstə üzvlərilə birlikdə Zaqatala rayonunda müxtəlif yerlərdə gizlənib. Vüqar Padarov eyni zamanda dəstə üzvlərini silahlandırmaq məqsədilə silah-sursatın alınması üçün Nəsrullah Yunusov vasitəsilə ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb.

Həmin ərəfədə davamlı terrorçuluq aksiyalarına hazırlıq işlərinin başa çatdırılması üçün Vüqar Padarov Elmir Nurəliyevlə birlikdə mütəmadi olaraq Bakı şəhərinə gəlib-gediblər. Bundan sonra, Vüqar Padarov silahlı birləşmənin gücləndirilməsi və digər təşkilati məsələlərin həlli üçün dəstənin üzvləri Əmir Muradov və Faiq Sultanov ilə birlikdə 2012-ci ilin mart ayının əvvəlində Gəncə şəhərində mənzil kirayə edərək ora köçüblər.

Ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilib.

Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimət göstərilməsi cəhdlərinin qarşısı alınmış, silahlı birləşmənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları – Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu yaxalanıb.

Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərkisilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açmış və əl qumbarası atıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilib, Faiq Sultanov və Əmir Muradov isə tutulub.

Ümumən silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd avtomat silah, 1 ədəd «RPK» tipli əl pulemyotu, 4 ədəd müxtəli tipli tapança, xeyli sayda patron, 33 ədəd müxtəlif tipli əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, 36 ədəd «Kenwood» markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr – 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülüb.

Hazırda göstərilən faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri üzrə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed