Şrift:
Vurğun Həsənli: “Ermənilər düşünürlər ki, Rusiya həmişə onları qoruyacaq”
19.04.2012 [15:07] - Gənclik
Ankara Universitetinin əməkdaşı, politoloq Vurğun Həsənli ilə müsahibəni təqdim edirik:

- Vurğun bəy, bu günlərdə Beynəlxalq Gənc Demokratlar İttifaqının Beyrutda Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul etməsi faktoru münaqişənin həllinə hansısa formada təsir göstərə bilər?

- Artıq dünyanın bir çox ictimai-siyasi həyatında gənclərin səsinin daha gur çıxdığını görürük. Gənclərin arasından millət vəkilləri, nazirlər, ictimai şəxslər çıxdığının şahidi oluruq.

Onun üçün gənclər təşkilatlarının da digər təşkilatlar qədər əhəmiyyətli olduğunu, təsir mexanizminin mövcudluğunu ciddi qəbul etməliyik. Yəni təşkilatın kateqoriyasından asılı olmayaraq hər lehimizə olan təbliğatın ölkəmiz üçün müsbət nəticələrinin olacağına şübhə etməməliyik.

Nəticə etibarilə, sözügedən iclasda da Beynəlxalq Gənc Demokratlar İttifaqının 80-dən çox ölkədən nümayəndəsi iştirak edib. Bu o deməkdir ki, 80-ə yaxın ölkənin fəal gənclərinin Ermənistanın təcavüzkar siyasətindən, Azərbaycanın haqlı mövqeyindən məlumatları olmuşdur.

- Artıq, bır sıra beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul edirlər. Bu, proses Ermənistan üçün nələr vəd edir?

- Ermənilər hələ şirin yuxudadırlar. Onlar düşünürlər ki, Rusiya həmişə onları qoruyacaq və İran həmişə Azərbaycan əleyhinə – Ermənistan lehinə işlər görməyə davam edəcək. Amma bunun keçici proses olduğunu və İranın da, Rusiyanın da gün gələcək Ermənistana qarşı tutduğu mövqedə ciddi dəyişikliklər olacağına inanıram.

Bunu o dövlətlər istəməsə belə, dünyada gedən proseslərin təbii nəticəsi olaraq olacaqdır. Ona görə, zaman keçdikcə biz Dağlıq Qarabağ prosesindən ümidimizi kəsmək yerinə, dünyada gedən siyasi, iqtisadi və digər proseslərin axarını düzgün oxuyaraq lehimizə dəyişdirmək üçün çalışmalıyıq.

Bu qəbildən, zamanın tələbinə uyğun olaraq Dağlıq Qarabağ üçün yeni həmlələr hazırlamalıyıq. Tarixdə böyük səhvlərə yol verilə bilir və yaxud əlində olmayan səbəblərə görə Dağlıq Qarabağ kimi problemlərlə üzləşmək mümkündür. Ancaq onun həlli variantı həmişə var və mümkündür.

Beynəlxalq təşkilatların qərarları əhəmiyyətlidir. Bir də, Türkiyənin artan nüfuzunu ölkəmiz üçün istifadə etməliyik. Türkiyənin nüfuzu artıqda beynəlxalq təşkilatlarda da rolu artacaqdır. Beynəlxalq təşkilatların əsas mahiyyəti isə, müəyyən metodlarla ölkələrə təsir etməkdir. Münaqişələri, anlaşmazlıqları həll etməkdir. Bunun üçün beynəlxalq təşkilatlarla əməkdaşlığı əhəmiyyətsiz görməmək lazımdır. Hətta get-gedə beynəlxalq təşkilatların fəaliyyətlərində sıx rol almaq lazımdır.

- Ümumiyyətlə, bu gün münaqişələrin həllində beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar nə qədər əhəmiyyət daşıyır?

- Beynəlxalq təşkilatların qəbul etdiyi qərarları əhəmiyyətsiz hesab etməyin düzgün yanaşma olacağını düşünmürəm. Sadəcə Dağlıq Qarabağ məsələsində qəbul olunmuş qərarlar “ölü” vəziyyətinə gətirilmişdir. Sözügedən münaqişə ilə yalnız Minsk qrupuna məsuliyyətin yüklənməsi digər beynəlxalq təşkilatların manevr gücünü zəiflətməkdədir.

Yoxsa sabah hər hansı yeni mexanizmlərin ortaya atılacağı təqdirdə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların lehimizə müsbət nəticələrinin olacağından heç kimin şübhəsi olmamalıdır. Məsələn, Minsk qrupunu daha istəkli, daha güclü bir təşkilat əvəzlərsə qəbul olunmuş qərarlar da öz işləkliyini geri qaytaracaq və Ermənistanı meydanda yalnız qoymağa da zəmin yaradacaq.

Hələ ki, beynəlxalq hüququn üstünlüyü öz təsir gücünü qorumaqdadır. İstənilərsə, qəbul olunmuş bütün beynəlxalq qərarlar öz gücünü göstərə bilər.

- İctimaiyyətdə, belə bir fikir hakimdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatiyadan daha çox gücə üstünlük verilməlidir. Sizcə, bu yeganə vasitədir?

- Xeyr, heç kimə sirr deyil ki, Ermənistan regionda yalnız deyil. Yalnız olsaydı Dağlıq Qarabağ münaqişəsi çoxdan öz həllini tapardı. Hər kəsin bildiyi kimi Ermənistanı Rusiya himayə etməkdədir. Bundan başqa beynəlxalq aləmdəki erməni diasporunun müharibədəki “qaralama” kampaniyasını da göz ardı etməmək lazımdır.

Ermənilərin törədəcəyi qırğınları belə, dünya mediasında Azərbaycanın ayağına yazıla biləcəyini bilməliyik. Biz bunu 1988-92-ci illər arasında da gördük. Mən hazırda “Türkiyə mediasında Azərbaycanın müstəqilliyi” adlı elmi məqalə üzərində işləyirəm. 1990 və 1991-ci illər Türkiyə mediasında Azərbaycanla bağlı gördüyüm xəbərlər məni təəccübləndirir.

Çünki 1991-ci ilin payızına qədər türk mediası Sovet İttifaqı haqqında xəbərləri əsasən Qərb mediasından götürərək yazmışdır. 1991-ci ilin payızına qədər olan xəbərlərin əksəriyyəti, Dağlıq Qarabağda münaqişənin olduğu və “Azərbaycanlı milis güclərinin erməniləri qətl etdiyi” şəklindədir. Bu məsələdə Türkiyəni günahlandırmamaq lazımdır. Çünki onlar məlumatları Qərb qəzetlərindən alaraq veriblər.
Demək istədiyim odur ki, o illərdə ermənilər törətdikləri vəhşiliyi, qırğını güclü diasporları vasitəsilə dünya mediasında Azərbaycanın ayağına yazmışlar.

Yəni dünya artıq o yerdədir ki, ölkələr zəncirvarı şəkildə bir-birinə bağlanmışlar. Biz Ermənistanın Azərbaycana qarşı həyata keçirmiş olduğu işğalçılıq siyasətini dünya ictimaiyyətinin əksəriyyətinə çatdırdıqdan və Ermənistanı Rusiyanın himayəsi altından çıxardıqdan sonra müharibə variantını düşünə bilərik. Yoxsa Rusiyanın Gürcüstanda etdiklərin hər kəs gördü. Bunun bizim başımıza gəlməyəcəyi zəmanətini heç kim verə bilməz.

Həmçinin Dağlıq Qarabağ problemində, Azərbaycan lehinə çox güclü diplomatik həmlələrin mövcudluğuna inanıram. Burada ən böyük əngəllərdən biri də Minsk qrupunun fəaliyyətsizliyi, siçan-pişik oyunudur. Bu oyunu poza bilsək, çox məsafələrin qət olunacağı inancındayam. Hələlik, get-gedə güclənən diplomatiyamızı bu işdə “çox işlətmək” variantını düşünməliyik.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed