Şrift:
Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”
29.03.2017 [10:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Vahid Əhmədov: “Dövlət başçısı bu barədə öz qərarlarını verəcək”; Mehman Əliyev: “İslahatlar hələ başlamayıb”
Hazırda siyasi sferada müzakirə olunan məsələlərdən biri də Azərbaycan hakimiyyətinin iqtisadi və siyasi sahələrdə həyata keçirəcəyi islahatlardır. Novruzdan öncə bayram istirahəti bitdikdən sonra iqtidarın sürətlə islahatlara başlayacağı deyilirdi…
Əsas diqqətlər vitse-prezidentlik institutunun formalaşmasına yönəlib. I vitse-prezident təyinatı olsa da, vitse-prezident postları boş qalıb. Bu postlara yaxın günlərdə təyinatlar olacağı ilə bağlı fikirlər dolaşır. İqtisadi böhranın səngimək bilmədiyi bir zamanda hökumətin əsas diqqəti islahatlara yönəldəcəyi deyilir. Büdcəyə qənaət üçün bir çox paralel qurumların birləşdiriləcəyi vurğulanır. Vəzifə təyinatlarında isə gənc kadrlara ciddi önəm veriləcəyi ilə bağlı fikirlər təkcə ölkə ictimaiyyəti daxilində deyil, hakimiyyət dəhlizlərində də dolaşır. Nazirlər Kabinetinin taleyinin necə olacağı isə hələ bilinmir. Vitse-prezidentlik institutunun yaradılmasından sonra formal quruma çevrilən Nazirlər Kabinetinin ləğvi ilə bağlı da anonslar verilir. Bayramqabağı parlamentin son iclasında bununla bağlı səslənən fikirlər bir çox mətləblərdən xəbər verir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, islahatları bayramla bağlamaq doğru deyil: “Əsas olan odur ki, Strateji Yol Xəritəsi bütün istiqamətlərdə müəyyənləşib. Doğrudan çox sanballı, yaxşı işlənən sənəddir. İslahatlarla bağlı gecikmək olmaz. Dövrün də tələbi odur ki, islahatlara gedilməlidir. Neftin qiyməti ilə bağlı yaranmış vəziyyət, müharibə şəraitində yaşadığımızdan yaranan situasiya, bölgədəki mövcud vəziyyət onu deyir ki, biz təcili şəkildə iqtisadi sferada, eləcə də idarəetmə sistemində islahatlara getməliyik, paralelliyi aradan qaldırmalıyıq. Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb. Daim demişəm ki, idarəetmədə mərkəzləşmə ona görə vacibdir ki, paralellik olmasın, yəni Nazirlər Kabineti və Prezident Administrasiyası bir-birini tamamlamasın. Yerlərdə olan idarəetmədə də iş bölgüsü aparılmalıdır. İcra hakimiyyətləri ilə bələdiyyələr arasındakı paralellik aradan qaldırılmalıdır. Son parlament iclasında da bildirdim ki, bəzi məmurlar işlərinə məsuliyyətsiz, israfçı yanaşırlar, islahatlarla ayaqlaşa bilmirlər. Məncə, kadr islahatlarına çox ciddi şəkildə ehtiyac var. Bir daha deyirəm ki, bu məsələlərin bayrama aidiyyəti yoxdur, bu, dövrün tələbidir. Buna adekvat olaraq, müəyyən addımların atılması vacibdir”

İqtisadçı deputat Vahid Əhmədov bu təyinatlarda səlahiyyətlər prezidentə məxsus olduğuna görə qərarları da onun verdiyini söylədi: “Qərarların nə vaxt veriləcəyi cənab prezidentin səlahiyyətindədir. Amma əlbəttə, müəyyən gözləntilər var. Bunu mətbuatdan da oxuyuruq. Əsas məqsəd hazırlanan Strateji Yol Xəritəsinin həyata keçirilməsidir. Bununla 2018-19-cu illərdə Azərbaycanda ciddi inkişafa nail olmağa çalışmalıyıq. Bunu da həyata keçirmək üçün islahatlar aparmaq lazımdır. Yəqin ki, dövlət başçısı bu barədə öz qərarlarını verəcək”.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev aprel ayından başlayaraq, vitse-prezidentlər institutunun formalaşması və digər proseslərin gedəcəyini qeyd etdi: “İslahatların olacağını gözləyirəm. Burada təkcə söhbət vitse-prezidentlər institutunun formalaşmasından getmir. Digər sahələrdə də dəyişikliklər olmalıdır. Siyasi məhbusların bir çoxunun həbsdə qalmasını islahatlara mane olmaq kimi qələmə vermək düzgün deyil. Çünki islahatlar hələ başlamayıb”.


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed