Şrift:
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyinin yaranması və fəaliyyəti
30.03.2017 [11:04] - Xəbərlər, Siyasət, DAVAMın yazıları
Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 23 aylıq bir müddətdə hökumət tərəfindən görülən işlər, yaradılan nazirlik və müəyyən qurumlar haqqında məlumatları oxucularına təqdim edir. Növbəti materialımız Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yaranması və fəaliyyəti haqqındadır:

Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi - Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini həyata keçirən dövlət orqanı idi. 1918-ci il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün Fətəli xan Xoyski tərəfındən Tiflisdə təşkil olunmuş Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci Hökumət kabinələrində xarici işlər naziri vəzifəsinə Məmməd Həsən Hacınski təyin edilmişdi. Hökumət Gəncədən Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da F.X.Xoyski hökumətində dəyişikliklər edilərkən xarici işlər naziri vəzifəsi Əlimərdan bəy Topçubaşova həvalə olundu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan (1918-ci ilin dekabrında) sonra Parlamentin tapşırığı ilə F.X.Xoyski tərəfindən dekabrın 26-da formalaşdırılmış 3-cü Hökumət kabinəsində F.X.Xoyski Baş nazir vəzifəsi ilə yanaşı xarici işlər naziri vəzifəsini də icra etmişdir. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəni Məmməd Yusif Cəfərov, 1919-cu il dekabrın 24-də 5-ci Hökumət kabinəsində isə F.X.Xoyski tutmuşdur.
1918-ci ilin mayında yaradılmış Cümhuriyyət Hökumətinin və onun XİN-nin qarşısında duran başlıca vəzifələrindən biri ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfındən tanınmasına nail olmaq idi. Cəmi iki ilə yaxın fəaliyyəti dövründə nazirliyin gərgin fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il yanvarın 11-də Paris sülh konfransının (1919-20) iştirakçısı olan böyük dövlətlər tərəfındən de-fakto tanındı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən. yaxın qonşuları ilə əlaqələrini dostluq və qarşılıqlı həmrəylik prinsipləri əsasında qurmağa çalışmış, bütün fəaliyyətini bu vəzifələrin yerinə yetirilməsinə yönəltmişdi.

Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yarandıqdan sonra qarşıda, ilk növbədə, müvəqqəti də olsa, onların sərhədlərini müəyyənləşdirmək və Qafqaz canişinliyindən miras qalmış əmlakı bölüşdürmək vəzifəsi dururdu. Canişinlikdən qalmış əmlakın bölüşdürülməsi məsələsi az-çox məqbul şəkildə həll olunsa da, ərazi məsələlərinin həlli daha mürəkkəb idi. Ermənistanın ərazi məsələsinə münasibəti və azərbaycanlıların ata-baba torpaqları olan, həm də çoxluq təşkil etdiyi ərazilərə əsassız iddiaları, həmin ərazilərin müsəlman əhalisinin Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməyə meylli olmalarına daşnakların məhəl qoymamaları vəziyyəti daha da gərginləşdirirdi. Bütün mübahisəli ərazi məsələlərinin sülh yolu ilə həllinə çalışan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məsələni mürəkkəbləşdirməməyə çalışır, XİN vasitəsilə Gürcüstan və Ermənistan hökumətlərinə müraciət edərək, mübahisəli ərazi məsələlərini həll etmək üçün üç Cümhuriyyətin hökumət nümayəndələrindən ibarət müştərək komissiya yaratmağı təklif edirdi. Uzunmüddətli danışıqlar nəticəsində 1918-ci ilin noyabrında Tiflisdə bu məsələ ilə bağlı konfrans çağırıldı. Lakin Ermənistan nümayəndə heyəti konfransa gəlməkdən imtina etdi. Nəticədə, məsələ həll edilməmiş qaldı. Lakin sərhəd bölgələrində azərbaycanlılara qarşı soyqırımları, milli zəmində toqquşmalar, habelə iqtisadi xarakterli məsələlərin bu və ya digər şəkildə həll olunması zərurəti yeni yaranmış bu üç dövlət arasında danışıqlar aparılmasını tələb edirdi.

Buna görə də, Cənubi Qafqaz cümhuriyyətlərinin hökumətləri arasında çoxlu nota mübadiləsindən sonra, nəhayət 1919-cu ilin aprelində Tiflisdə bu ölkələrin nümayəndələrinin konfransı keçirildi. Konfransda Şimali Qafqaz xalqlarının yaratdığı Dağlılar Respublikasının nümayəndələri də iştirak edirdi. Lakin bu dövrdə Denikin ordularının Dağlılar Respublikasını işğal edib, Azərbaycanın sərhədlərinə yaxınlaşması və Cənubi Qafqaz respublikalarının müstəqilliyini təhlükə altına alması nəticəsində konfrans öz işini dayandırmağa məcbur oldu. Denikinin Cənubi Qafqaz cümhuriyyətlərinə qarşı yaratdığı təhlükəyə qarşı 1919-cu il iyunun 27-də Azərbaycan və Gürcüstan hökumətləri arasında müdafıə ittifaqı yaratmaq barədə müqavilə bağlandı. Öz qonşularına xəyanət edərək Denikinlə gizli əlaqə saxlayan Ermənistan isə bu ittifaqa qoşulmadı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və onun XİN öz fəaliyyəti dövründə Ermənistanla münasibət məsələlərinin sahmana sahnmasına daha çox vaxt sərf edirdi. Ermənistan hökumətinin Naxçıvan, Şərur-Dərələyəz, Böyük Vedi bölgələrində və başqa ərazilərin yerli əhalisi olan azərbaycanlılara qarşı yeritdiyi soyqırımı siyasəti, habelə Qarabağ və Zəngəzur məsələlərindəki barışmaz ilhaqçılıq siyasəti, Azərbaycan hökumətinin apardığı uzunmüddətli diplomatik danışıqlar, habelə İngiltərə və Amerika kimi xarici dövlətlərin də bu işə qatılması nəticəsində 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətləri başçılarının Tiflisdə görüşü keçirildi. Burada Azərbaycan və Ermənistan nümayəndələrinin birgə konfransını keçirmək barədə razılıq əldə olundu. 1919-cu il dekabnn 14-də konfrans işə başladı. Mehriban qonşuluq münasibətləri yaratmaq üçün bütün mübahisəli məsələləri silah gücünə deyil, sülh yolu ilə həll etmək haqqında ümumi razılıq əldə olundu. Lakin Ermənistan işdə bu razılığa əməl etmədi və özünün riyakar, təcavüzkar siyasətini yenə də davam etdirdi:

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilk günlərdən başlayaraq, bütün ölkələrlə dostluq və əməkdaşlığı özünün xarici siyasətinin başlıca məqsədi elan etmişdi. Hökumət hələ qalib ölkələr tərəfındən rəsmən tanınana qədər müstəqil dövlət kimi öz suveren hüquqlarını həyata keçirməyə başlamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İrəvan, Kuban və Donda diplomatik nümayəndəlikləri, Batum və Ukraynada baş konsulluqları, Krım və Petrovsk-Portda konsul agentləri, Bakıda isə Gürcüstan və Ermənistan Cümhuriyyətlərinin diplomatik nümayəndəlikləri, İranın baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, İsveç və İsveçrənin konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri fəaliyyət göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və onun XİN bütün mövcudluğu dövründə Birinci dünya müharibəsinin (1914-18) qalib ölkələri olan İngiltərə, ABŞ və Fransadan öz suverenliyinin tanınmasını təkidlə tələb edirdi. 1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti bu yöndə yorulmadan çalışırdı. Nümayəndə heyətinin nə qədər gərgin fəaliyyət göstərdiyini Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sədrinə ünvanladığı məktublar aydın sübut edir. Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin varlığını yalnız Denikin orduları Sovet Rusiyası tərəfindən məğlub edildikdən, keçmiş Rusiyanı bərpa etmək ümidləri boşa çıxdıqdan sonra de-fakto tanıdılar.

Azərbaycan Xalq Cümhuriyyəti, özünün son dərəcə mürəkkəb beynəlxalq vəziyyətinə baxmayaraq, xarici siyasətində qardaş türk xalqlarına, qonşu Dağıstan və çarizm zülmündən xilas olmuş başqa xalqların azadlıq mübarizəsinə yardım göstərirdi.

Sovet Rusiyasının xalq xarici işlər komissarı G.Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti XİN-nin iki dövlət arasında diplomatik əlaqələr yaratmaq barədə Sovet Rusiyasına təkidli təkliflərini qulaqardına vururdu. Bunun əvəzində isə, o, Azərbaycanı Şimali Qafqazdakı Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etməyə çalışırdı. Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı sonrakı təcavüzü və Şimali Azərbaycanı işğal etməsi bolşevik Rusiyasınm antiazərbaycan siyasətinin iç üzünü açıb-göstərdi.

Aprel işğalı (1920) başqa nazirliklərlə yanaşı, XİN-nin də fəaliyyətinə son qoydu.

QEYD: Materialın hazırlanmasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan istifadə edilib.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed