Şrift:
Torpaqlarımızı xilas etmək!
20.04.2012 [11:51] - DAVAMın yazıları
Gözəl arzudu, amma...

Qafar ÇAXMAQLI


AXC dövrünün dəli- dolu naziri İsgəndər Həmidov uzun susqunluqdan sonra deyir ki, ona hakimiyyət 500 nəfər adam versin, o Kəlbəcəri azad edəcək. Çoxdan bəri torpaqların azad olunması ilə bağlı belə konkret təklif və ya buna bənzər təşəbbüs eşitməmişdim. Buna İsgəndər bəyin növbəti populizmi də deyə bilərsiniz, onu “hardaydın indiyəcən, niyə səsin çıxmırdı” da deyə qınaya da bilərsiniz. Eləcə də keçmiş bir zamanlarda “ordu sahiblərini”, məsələn, Surət Hüseynovu, Rəhim Qazıyevi... yada salıb niyə ağızlarına su alıb susduqlarına irad tutaraq onları suçlaya və hətta satqınlıqda da günahlandıra bilərsiniz, ifadə azadlığından kefiniz istəyən kimi yararlanaq söyə də bilərsiniz... Həqlısınız! Çünki doğma yurdumuz düşmən tapdağı altındadır. Bizdən qeyrət gözləyir.
Amma mən İsgəndər bəyin bu hərəkətinə bir azca da sevindim ki, hər nə olur – olsun, insanımızda hələ ki, torpaqlarımızı geri qaytarmaq arzuları tükənməyib, itməyib. Bizdən fərqli olaraq ermənilərin “Qarabağ qəhrəmanları”- “Yerkrapa”, “Sardarabad” liderləri iki gündə bir çıxıb deyirlər ki, biz bu torpaqları verməyəcəyik, hətta yeni müharibə başlasa belə Azərbaycanı məğlub edəcəyik, yeni əraziləri də ələ keçirəcəyik- deyirlər. Biz isə işğal altında olan torpaqları azad etmək arzularını dilə gətirəndə sevinirik. Əslində mənim bu sevincim mənasız sevincdi, öz-özümə verdiyim yalançı təsəllidir. Nə İsgəndər bəyə 500 “atlı” ayrılacaq, nə də o Kəlbəcəri azad etmək üçün bir addım atacaq. Bizdə belə şeylər çox olur. Qışqıra- qişqıra 20 ildir ermənilərin “bağrını yarmışıq”. Amma işə gələndə... Yəqin yaxşı yadınızdadır, deputat Azay Quliyev Ermənistanda bir- iki həqiqəti ermənilərin üzünə deyəndən sonra gördünüzmü necə hay- küy qaldırdılar, necə topa tutdular Azay müəllimi. Jirayr Sefilyan çıxdı TV- yə və dedi ki, ”Azərilər Dağlıq Qarabağ və azad etdiyimiz(!) digər torpaqlara qayıtmağı ancaq arzu edə bilərlər, onlar oranı heç zaman görməyəcəklər. Azərbaycanın deputatı da sadəcə olaraq arzusunu ifadə etmişdir”. Azay müəllim isə bilə- bilə ki, bu ərazilərə ermənilər əhali yerləşdirir, baxın rəhbərlik etdiyi təşkilata təqdim olunmuş və bütün bunları araşdırıb ortaya qoyacaq bir layihəni kənarda buraxır. Özü də bu birinci dəfə deyil. Sohbət məndən və ya qeyri birisindən getmir, kim nəyə qadirdir, hər kəs bilir, bunu bilə-bilə mənim sədri olduğum Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının verdiyi layihələr dörd ildir ki, Şuradan geri çevrilir. Bir dəfə deyirlər ki, sənədlərin içinə nəyisə qoymamısan. Bir dəfə deyirlər büdcəsini çox göstərmisən (onsuz da sənin əlindədi-azalt!). Bir dəfə A. Quliyevin katibəsi onun özünün istədiyi və hətta ingiliscəyə cevirtdiyim layihə mətnini “itirir“. Əlbəttə, bizim layihələrin hamısının içəriyi nə təsərrüfat həyatıdır, nə də mülkiyyət, məişət məsələlərindən bəhs edir. Bizim layihələr ermənilərlə, onların işğalçılıq siyasəti və bizim onların ideoloji təxribatları ilə bağlı nə edəcəyimizlə əlaqədar olmuşdur. Hər halda QHT-lərə Dəstək Şurasında da bilməmiş deyillər və təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, şəxsən mən bu sahədə Azərbaycanda (daha çox da Türkiyədə) bilinən 3-5 nəfərdən biriyəm. Erməni dilini ermənilərdən də yaxşı bilən , “erməni məsələsi” ilə bağlı dissertasiya müdafiə etmiş fəlsəfə doktoruyam, araşdırmaçıyam. Erməni məsələsi ilə bağlı elə bir konfrans olmaz ki, oraya mən dəvət olunmayım. Verdiyim layihə də qeyri-ciddi ola bilməz. Dəstək Şurasından bu dəfə geri çevrilmiş layihənin adını olduğu kimi yazıram: “Erməni işğalı altında olan ərazilərdə vandalizmlər, bu torpaqlara əhali yerləşdirmə planları və onların beynəlxalq səviyyədə ifşası” Görəsən, nəymiş burada xoşa gəlməyən? Bu gün bizim üçün bundan da aktual bir məsələ varmı? Bəli ermənilər işğal etdikləri ərazilərimizə əhali yerləşdirirlər və buna dünyanın diqqətini çəkməyin görəsən nəyi xoşa gəlməyib? Allah eləməsin ki, mən kimisə ermənipərəstlikdə ittiham edim. Amma gerçəkdən mənim özüm üçün də çox maraqlıdır.
Və bundan sonra mən QHT-lərə Dövlət Dəstəyi Şurasına çətin bir daha layihə verim. Bakıya dönəndən sonra da bu qurumla və onun yan quruluşları ilə bütün əlaqələri kəsməyi düşünürəm. Görünür, onların da istədiyi elə budur. Qoy onlar torpaqlarımızı işğal edib buraya əhali yerləşdirməklə məşğul olan ermənilərlə mübarizəyə deyil, başqa daha “vacib əməllərə” dəstəklərini verməkdə davam etsinlər. Bədbəxtçilik odur ki, bəlkə də biz birinci dərəcəli işlərlə mininci dərəcəlinin arasındakı fərqi ya anlamırıq, ya da görmürük. Onu görmək və anlamaq istəmirik ki, düşmənimizin ideoloji üstünlüyü nədədir, necə olur ki, əlində güclü ideolji silahlara malik ola bilir və ac-yalavac Ermənistanda nə səbəbdən sayı- hesabı bilinməyən belə çox araşdırma mərkəzləri fəaliyyət göstərir və onların mənim haqqımda nə yazdıqlarına QHT başbilənləri bir açıb baxsınlar. Onlar bizi bir şey zənn edirlər, amma bilmirlər ki....
Bizdə isə iş görmək istəyənlərin önünə çəpər-sədd çəkilir, onlar ruhdan salınır. Məni doğru anlayaın. Söhbət fərd olaraq yalnız məndən getmir. Bu görəvi üstəndiyimizdən nə edək ki, bizdən sorulur bir çox şeylər, mətbuat nə iş gördüyümüzlə ilgilənir, daim maraqlanır, insanlar haqlı olaraq soruşurlar: Bəs nə oldu elan etdiyiniz Erməni Araşdırmaları Mərkəzinin taleyi? Mən belə şəraitdə buna da müsbət, olumlu cavab verə bilmirəm.
Baxın, Kəlbəcəri azad etmək arzusu ilə ermənilərlə vuruşmaq üçün İsgəndər Həmidov 500 adam istəyir, mənsə açılacaq Erməni Araşdırma Mərkəzi üçün cəmi- cümlətanı 6 adam istəmişdim, özü də ermənicə bilən, analitik təffəkkürə sahib, bu işin həqiqi uzmanı olan 6 nəfəri cəlb edəcəkdim bu “mərkəzə”. Çox xəyallar etmişdik. BDU-nun məktubunu 9 ay saxlayandan sonra Təhsil Nazirliyimiz 2,5 nəfər olmasını uyğun görmüşdür, maaşlar da çox aşağı. İndi gəl peşəkarları buraya cəlb et. Gəl Melkonyanın, Melik- Şahnazarovun... qarşısına çıx. Bu mərkəzin taleyinin necə olacağını anladınızmı? Düşmən də olsa, deyəsən Sefilyan doğru deyir, biz bəzi şeyləri yalnız arzu edə bilərik. Bu cəhətdən İsgəndər Həmidovun arzuları ilə bizim arzularımız üst-üstə düşür. Torpaqları xilas etmək arzusunu deyirəm. Heç olmasa mən arada bir Türkiyədə bu arzuların reallaşması üçün bir azca çaba göstərirəm və Azərbaycana nəzərən burada iş görmək bir az asandı. Amma bu illərdə gördüyüm odur ki, çox zor işdi “müsəlman içində” erməniyə qarşı mübarizə etmək...Bu gedişlə də deyəsən biz hamımız işğal altında olan torpaqların azad olunmasını yalnız arzu edəcəyik.
Bu xəbər oxucular tərəfindən 1406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed