Şrift:
Kubanın mətbu orqanları Azərbaycanda Novruz adətləri haqqında məqalələr yayıb
31.03.2017 [10:37] - Mədəniyyət
Kubanın kütləvi informasiya vasitələrində Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən mövzuların işıqlandırılması davam edir.

Kuba və Latın Amerikasında ən qədim jurnal hesab edilən “Bohemia” jurnalında və Kubanın Mədəniyyət Nazirliyinin rəsmi “CUBARTE” mətbu orqanında Azərbaycanda Novruz bayramının qeyd edilməsi adətləri və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixindən bəhs edən məqalələr dərc edilib.

Məqalələrdə zəngin mədəniyyətə sahib olan Azərbaycan xalqı tərəfindən Novruz bayramının ən qədim zamanlardan bəri qeyd edildiyi bildirilir. Hər il olduğu kimi, Azərbaycanın Prezidenti İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə sülh və qarşılıqlı hörmət ideyalarını özündə təcəssüm etdirən bu bayramı xalqın arasında böyük sevinclə qeyd etdiyi diqqətə çatdırılır.

Məqalələrdə Azərbaycanda Novruz bayramının özünəməxsus adətləri və xalqımızın qədim folklorundakı yeri, bayram şirniyyatları və mətbəxi, habelə ölkəmizin əlverişli coğrafi mövqeyi və təbii zənginliyi haqda söz açılır.

Novruz bayramının ümumdünya miqyasda əhəmiyyətindən bəhs edilir və bu bayramın 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mənəvi İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi, 2010-cu ildə isə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” kimi elan edildiyi diqqətə çatdırılır.

Məqalələrdə, həmçinin 2017-ci il martın 21-də Azərbaycan səfirliyində Novruz bayramı ilə bağlı Kubada fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilmiş bayram tədbirindən danışılır. Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edildiyi vurğulanır, ölkələrimiz arasında bu müddətdə siyasi və mədəni əlaqələrin uğurla inkişaf etdiyi vurğulanır.

Yusif Babanlı / AZƏRTAC
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed