Şrift:
Torpaqlarımızda düşmən OYUNU: Qarabağ necə Rusiyanın oldu?
01.04.2017 [11:28] - Xəbərlər, DAVAMın yazıları
Qədim Azərbaycan torpağı olan Qarabağ 1805-ci ilin 26 mayında Rusiya İmperiyasının tərkibinə daxil edilib.

Qarabağ 212 il bundan öncə Qarabağ xanlığı kimi (Dağlıq və Aran Qarabağ daxil olmaqla) Rusiya İmperiyasının tərkibində olub. Bu, 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xanın imperator I Aleksandr qarşısında and içməsi ilə baş tutub. Qarabağ xanlığı rus imperiyasını çoxdan maraqlandırırdı, amma onun istilası üçün kifayət qədər pulu və gücü yox idi.

Nadir şah öldürüldükdən sonra İranda Səfəvilər yenidən hakimiyyəti əla aldılar. Azərbaycanda isə XVIII əsrin ortalarında müstəqil xanlıqlar yarandı. Qarabağ da bu tarix də yaranmış xanlıqlardan biridir. Qarabağ xanlığının əsasını Pənahəli bəy (1748-1763) 1748-ci ildə qoyaraq özünü xan elan etmişdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Qarabağ xanlığı İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi.
Pənahəli xan xanlığın əsasını qoyandan sonra müdafiə işlərini gücləndirmək üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını tikdirdi. Lakin Şahbulaq qalası da çox qısa müddətdə - cəmi 3-4 il ərzində Qarabağ xanlığının paytaxtı funksiyasını yerinə yetirə bildi. Bölgədə getdikcə qızışmaqda olan ara müharibələri Pənahəli xanı daha etibarlı, əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir şəhər-qala tikdirməyə məcbur edirdi. Uzun axtarışlardan sonra dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylası xanlığın yeni paytaxtı üçün əlverişli hesab olundu və 1753-1754-cü illərdə onun tikintisinə başlanıldı. Şuşa monqolların yürüşlərindən (XIII əsr) sonra dağılmışdı. Şəhərin normal fəaliyyəti üçün zəruri olan işlər başa çatdırıldıqdan sonra, daha doğrusu, 1756-1757-ci illərdə xanlığın paytaxtı Şahbulaq qalasından buraya köçürüldü. Yeni şəhər-qala mövcud olduğu ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırıldı və Qarabağ xanlığının daimi paytaxtına çevrildi.

Pənahəli xanın yeritdiyi düzgün siyasət nəticəsində qonşu xanlıqlar və xanlığın tərkibində olan məliklər ona xana yaxınlaşmışdılar. Buna görə də Urmiyalı Fətəli xan Araşlı-Avşar, Məhəmmədhəsən xan Qovanlı-Qacar Qarabağ xanlığına hücum etmişdilər. Lakin xanlığı yalnız Fətəli xan özünə tabe etdirə bilmişdi. Ancaq Kərim xan Zəndin Fətəli xana müharibə elan etməsi Qarabağ xanlığını asılılıqdan qurtarmasına səbəb oldu.
Kərim xan Zənd də Fətəli xanı məğlub edib Urmiyanı tutduqdan sonra Qarabağ xanlığını tabe etdirib onun idarəsini Pənahəli xanın oğlu İbrahimə tapşırmış, Pənahəli xanı isə Şiraz qonaqlığına aparmışdı. Bununla da Qarabağ xanlığına böyük zərbə vurulmuşdu. Hakimiyyəti ələ almaq istəyən İbrahim atasının xan təyin etdiyi qardaşı Mehrəli bəylə mübarizəyə başlayır. Mübarizədə İbrahim qalib gəlir. 1780-ci illərdə məliklər yenidən mübarizəyə başlayırlar. Lakin İbrahim xan onların hamısını Şuşaya toplayıb Qarabağ xanlıqlarına etdikləri xəyanətə görə həbs edir.
Həmin ərəfədə Gürcüstan rəsmən Rusiya İmperiyası ilə ittifaqını bəyan etmişdi və bu, o zamankı İran şahı Ağa Məhəmməd şah Qacarı məyus etməyə bilməzdi. Uşaq vaxtı axtalanması səbəbindən həddən artıq qəddar və qəzəbli olan “Xacə şah”dan bu, gözlənilən idi. Nəzərə alsaq ki, İbrahimxəlil xan da artıq Qacarlara baş əymək istəmirdi, şahənşah qabaqlayıcı tədbir və ya gözdağı kimi Gürcüstanı tamamilə məhv eləməyə çalışdı, amma buna müyəssər olmadı. Çünki şahın zalımlığından boğaza yığılmış öz qulluqçuları ona sui-qəsd etdilər.
XIX əsrin əvvəlində Kartli-Kaxetin (Borçalı), Meqreliya və İmeretin çarlığı Rusiyanın tərkibinə girməyə qərar verərkən bölgədə vəziyyət dəyişdi. Ağa Məhəmməd Qacarın qardaşı oğlu Fətəli şah çox düşünmədən Böyük Britaniya ilə birləşib 1804-cü ildə Rusiyaya müharibə elan etdi. Lakin qacarların öz müttəfiqindən aldığı dəstək heç bir il davam eləmədi. Rusiya ordusu qələbə çalaraq daha da dərinliklərinə girdiyi əraziləri özününküləşdirdi. Kiçik xanlıqlar müqavimət göstərməyə macal belə tapa bilmədilər.
Əvvəlcə ərazilərinin xristian dövlətinə birləşəcəyindən ehtiyat edən İbrahimxəlil xan Rusiya ilə dialoqa girməyə qərar verdi. O, bunu hələ 1783-cü ildə etməyə çalışırdı, amma həmin dövrdə imperatriça II Yekaterina knyaz Qriqori Potemkin vasitəsilə onun durumunun təsəlliverici olmadığını xana çatdırmışdı.

Lakin illər sonra İbrahimxəlil xan bir yandan İran və onun müttəfiqi, digər yandan Rusiya boyunduruğundan qurtulmağa çalışsa da daha qəliz duruma düşmüşdü – indi onun torpaqlarında qızğın rus-qacar müharibəsi gedirdi. Xan 1805-ci ildə dövrünün ən əsas sərkərdələrindən olan Pavel Sisiyanovla görüşdü. Həmin ilin 14 mayında Kürəkçay müqaviləsi bağlandı və 11 gün sonra xan imperatora tabe olaraq rus ordusunun general-leytenantı adını aldı.
“Mən, Şuşa və Qarabağın xanı – İbrahimxəlil xan özümün və məndən sonrakı varislərimin adından dünyaya bəyan edirəm ki, hansı rütbə altında olursa-olsun Qacar, yaxud digər ölkələrin vassallığı və istənilən asılılığından imtina edir, özümün, eləcə də varislərimin ümumrusiya ali hökmdarı, əlahəzrət imperatora və onun xələflərinə sadiq qulluqçu kimi sədaqətlə xidmət göstərəcəyimə təntənəli surətdə, müqəddəs Quran qaydalarına əsasən and içirəm”, - deyə müqavilənin ilk hissəsində belə bir andiçmə yer alır.
Yeri gəlmişkən, elə məhz Kürəkçay müqaviləsi Dağlıq Qarabağın kimə aid olması mübahisəsində Azərbaycan tərəfinin əsaslandığı sənədlərdən biridir.
Amma İbrahimxəlil xanın andı möhkəm olmadı. O, 1806-cı ildə Qarabağ xanlğının Rusiya tərkibindən çıxarılmasına cəhd şübhəsi ilə rus müttəfiqləri tərəfindən öldürüldü. Onunla yanaşı xanın bütün zövcələri və bəzi azyaşlı uşaqları da qətlə yetirildi. Onun yerinə taxta çıxmış böyük oğlu Mehdiqulu xan Cavanşir də atasının yolunu davam etdirərək Rusiya imperiyasından qurtulmağa can atıb. Lakin xanın planları ifşa olduğundan o, İrana qaçmalı olub. Qarabağ xanlığı isə Qarabağ əyalətinə çevrilib.

Şəfiqə ŞƏFA / Publika.az
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed