Şrift:
Gürcüstanda 150-dən çox soydaşımız pulsuz müayinə olunub
04.04.2017 [10:37] - Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Ağbulaq rayonunun Kosalar kəndində növbəti pulsuz müayinə və müalicə aksiyası keçirilib.

Aksiya Gürcüstan Aktiv Qadınlar Assosiasiyasının təşəbbüsü ilə reallaşdırılan “Sağlam yaşam” layihəsi çərçivəsində təşkil olunub.

Tbilisidə fəaliyyət göstərən “Lancet” klinikasının həkimləri Kosalar kəndində 150-dən çox soydaşımızı müayinə ediblər. Onlara məsləhətlər, müalicə üçün lazımi göndərişlər verilib.

Gürcüstan Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva deyib: “Kosalar kəndi rayon mərkəzindən xeyli aralıdır. Bu kəndin yolları da bərbad haldadır. İnsanlar xəstələnəndə çox acınacaqlı vəziyyət yaranır. Bəzilərinin isə müayinə və müalicə üçün rayon mərkəzinə getməyə maddi imkanları yoxdur. Aksiyanı təşkil etməkdə məqsədimiz soydaşlarımıza qayğı göstərmək, onların problemlərini həll etməkdir. “Lancet” klinikasının rəhbərliyi bizim təşəbbüsümüzü bəyəndi və azərbaycanlıların pulsuz müayinə və müalicəsini öz üzərinə götürdü. Buna görə də klinikanın rəhbərliyinə minnətdarlıq edirik”.

Onun sözlərinə görə, Gürcüstanın başqa bölgələrində yaşayan soydaşlarımızın da pulsuz müayinə və müalicəsi təşkil olunacaq.

Klinikanın şöbə müdiri Miranda Kvavilaşvili Ağbulaq rayonu sakinlərinin ən müasir avadanlıqlarla müayinə edildiyini, onlara düzgün diaqnoz qoyulduğunu və müvafiq məsləhətlər verildiyini bildirib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed