Şrift:
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası
21.04.2012 [15:48] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


Qədim dövrlərdən eyni tarixi, mədəniyyəti, soykökü, dili, dini inancları və s. paylaşan Türkiyə və Azərbaycan türklərinin XIX əsrdən etibarən islamçılıq, türkçülük və yeniləşmə ideyalarının yaranmasında, inkişafında və formalaşmasında bərabər iştirak etmələri təbii bir proses olmuşdur. Coğrafi baxımdan böyük bir ərazidə (Orta Asiya, Turan-Altay, Qafqaz-Azərbaycan, Anadolu və b.) məskunlaşmış türklərin ortaq ideyalardan çıxış etməsinin ən başlıca amilləri kimi soykök və dil birliyini, din birliyini, mədəniyyət birliyini və sairəni göstərə bilərik. Əslində bu ideyalar, hansı türk elindən yaranmasından asılı olmayaraq vahid türk təfəkkürdən, türk inancından, türk düşüncə sistəmindən və s. qaynaqlanmışdır. Bu baxımdan soykökü, dili, dini, mədəniyyəti, adət-ənənələri və s. bir olan türkləri üçün həmişə Türkiyədən Azərbaycana əsən türk­çü­lük və islamçılıq yelləri ilə, Azərbaycandan Türkiyəyə əsən küləklər rəmzi xarakter daşımışdır. Yəni burada söhbət birinin digərinə zorla ideya aşılamasından deyil, qarşılıqlı şəkildə bir-birini tamamlamasından, inkişaf etdirməsindən gedə bilər.
Qeyd edək ki, Türkiyə və Azərbaycan türkləri üçün türkçülük ideyası istər XIX əsrdə, istərsə də XX əsrin əvvəllərində eyni mahiyyət daşımış, hər iki bölgədə fikir cərəyanları, dövrün çağdaş tələbləri ilə uzlaşmağı da nəzərə almaqla onun əsasında yaranmışdır. Ona görə də, bu dövrdə türkçülüyün «Türkiyə türkçülüyü», «Azərbaycan türkçülüyü» və s. kimi adlandırılması yalnız türklərin həm Osmanlı İmperiyasında, həm də Rusiyada, o cümlədən Azərbaycanda və b. bölgələrdə islamçılıq və yeniləşmə ilə yanaşı, türkçülük əsasında mübarzə aparması ilə bağlı olmuşdur. Yəni Osmanlı İmperiyasında türkçülük uğrunda mübarizə aparanlar Türkiyə türkçülüyünü, Azərbaycanda eyni ideyanı daşıyanlar isə Azərbaycan türkçülüyü və s. kimi tarixə düşmuşlər. Şübhəsiz, vaxt keçdikcə Türkiyə türkçülüyü Azərbaycan türkçü­lüyünün, Azərbaycan türkçülüyü isə Türkiyə türkçülüyünün inkişafında mühüm rol oynamışdır ki, bu da çox təbii bir proses olmuşdur.
Fikrimizcə, bu baxımdan türkçülüyün tarixi-fəlsəfi mahiyyətinə aydınlıq gətirmək, həmişə olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır.
Qeyd edək ki, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Türkiyə və Azərbaycan ziyalılarını birləşdirən islamçılıq və yeniləşmə ilə yanaşı, əsas ideyalardan biri türkçülük olmuşdur. Şübhəsiz, bu ideya öz əksini ilk növbədə milli-dini və demokratik ruhlu aydınların dünaygörüşündə tapmışdır. Belə ki, XIX əsrin ikinci yarısından başlayaraq Türkiyə, Azərbaycan, Quzey, Krım və başqa türk ellərində yaşayan aydınlardan İ.Şinasi, Ə.Vefiq, Ziya Paşa, M.Cəlalləddin Paşa, Ə.Cevdət, A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zər­dabi, Həmzə Nigari, Ş.C.Əfqani, Ş.Mərcani, İ.Qaspıralı və b. islamçılıq və türkçülük uğrunda birgə mübarizə aparmışlar. Azərbaycan, Türkiyə, Quzey və b. türk ellərində yaşayan türklərin islamçılıq və türkçülük uğrunda birgə mübarizələri Ə.Hüseyn­zadə, H.Tunalı, Ə.Ağaoğlu, Z.Gökalp, Ə.Topçubaşov, N.Asim, Y.Akçuraoğlu, Ə.Cavad, N.Yusifbəyli, M.Ə.Rəsulzadə, M.Kamal Atatürk və başqalarının timsalında XX əsrdə də eyni sürətlə, istəklə davam etmişdir.
Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, çar Rusiyası və SSRİ dövründə olduğu kimi, indinin özündə də bu məsələ obyektiv qiymətləndirilmir, bir çox hallarda Türkiyə türkçülüyü ilə, Azərbaycan türkçülüyü ayrı-ayrı, müstəqil ideyalar kimi təqdim olunur. Burada əsas vurğu ona yönəldilir ki, hər bir müstəqil dövlətin yaranmasında başqası ilə bağlı olmayan milli ideya dayanmalıdır. Yəni hər bir millətin müstəqil varlığı, dövlətçiliyi yalnız və yalnız özünəməxsus milli ideyası ilə bağlıdır. Bəzilərinin mülahtzlərinə görə, bu mənada Azərbaycan Cümhuriyyətinin milli ideyası azərbaycançılıq, Türkiyə Cümhuriyyətinin milli ideyası isə türkçülükdür. Doğrudur, Azərbaycanın bəzi ideoloqları azərbaycançılığı milli ideya kimi irəli sürməklə yanaşı, onun vaxtilə türkçülükdən qaynaqlandığını da iddia edirlər. Ancaq onlar bu zaman da əsas mili ideya kimi üstünlüyü azərbaycançılıq amilinə verərək, türkçülüyü onun yaranmasında müəyyən rol oynamış mücərrəd, yaxud da ümumi bir ideya kimi təqdim edirlər. Türkiyənin bəzi ideolqları isə türkçülüyü milli ideya kimi yalnız Türkiyə ilə bağlamaqla səhvə yol verirlər. Onlar buna nümunə olaraq türkçülüyün, əsasən 20-ci əsrdə Türkiyə Cümhuriyyətinin milli dövlət ideyası olmasını göstərirlər. Ancaq bu zaman onlar unudurlar ki, söhbət türkçülüyün dövlət səviyyəsində tətbiq olunmasından gedirsə, ilk dəfə bunu dövlət ideologiyası kimi Azərbaycan Cümhuriyyəti qəbul etmiş, hətta SSRİ işğalının ilk dövrlərində müəyyən qədər onu qoruyub saxlamışdır.
Bu isə o deməkdir ki, türkçülük bir-birinə yaxın iki coğrafi ərazidə (Anadolu və Azərbaycan) yaşayan türklər üçün eyni dərəcədə doğma olmuş, onlar hər bir fürsətdə türkçülüyü milli ideya olaraq qəbul etmişlər. Sadəcə olaraq, türk coğrafiyasının bir hissəsində (Azərbaycanda) yaşayan türklər SSRİ imperiyasının təzyiqi və zorakılığı nəticəsində mənən olmasa da, zahirən türkçülüyü bir müddət yaşada bilmədiyi halda (türkçülüyü milli ideya kimi yaşatmaq istəynələr isə SSRİ imperiyasının repressiyalarına məruz qalmış, böyük əksəriyyəti fiziki cəhətdən məhv edilmişdir), türk elinin digər hissəsində (Anadoluda) məskunlaşmış türklər həm mənən, həm də zaihrən bunu, bacarmışlar.
Şübhəsiz, bütün bunların əsil tarixi-fəlsəfi mahiyyətini dərk etmək üçün, istər Azərbaycanda, istərsə də Türkiyədə milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixlərdən, ədəbiyyatdan, qeyri-milli ideyalardan deyil, vahid bir millətin min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, ədəbiyyatdan, milli ideyalardan çıxış etməliyik. Yəni, vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün Azərbaycan və Türkiyə türkləri üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ortaq türk tarixini, türk fəlsəfəsini, türk ədəbiyyatını və s. Azərbaycan və Türkiyə türkləri eyni dərəcədə tədris etmədən, türkçülüyün (türk dili, türk kimliyi və s. baxımdan) sözün həqiqi mənasında onların həyatında onydaqları ortaq yeri və rolu qavraya bilməyəcəklər.
Məsələn, Mahmud Kaşğarlı, Məhəmməd Farabi, Əbu Reyhan Biruni, Yusif Bala­saqunlu, Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Yunus Əmrə, Əlişir Nəvai və b. türk ziyalılarının Azərbaycan mədəniyyətinə-fəlsəfəsinə aid edil­məsi üçün, fikrimizcə onların hökmən Azərbaycanda doğulması, Azərbaycan türkcəsində yazması, eləcə də konkret vətən anlayışı baxımından azər­baycanlı, Azərbaycan türkü olması vacib deyil. Burada baş­lı­ca məsələ bu türk dühalarının dünyagörüşləri ilə türk dün­ya­sının, türk coğrafiyasının bir hissəsi olan Azərbay­cana, Azərbaycan xalqının fəlsəfəsinə-mədəniy­yətinə təsir göstər­mə­ləri, onun formalaşmasında bu və ya digər dərə­cədə iştirak etmələridir. Ən başlıcası isə, bu dahilərin dini-fəlsəfi dünyagörüşü ilə Azərbaycan türk ziyalılarının (X.Təb­rizi, N.Gəncəvi, Ş.Y.Sührəvərdi, Xaqani, F.Nəimi, M.Şəbüstəri, N.Tusi, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli və b.) dini-fəlsəfi, mədəni düynagörüşlərinin bir çox cəhət­lərə görə vəhdət təşkil etməsidir. Belə olduğu təqdirdə, nə üçün Azər­bay­can fəlsəfəsində, Azərbaycan ədəbiyyatında, Azər­bay­can tarixin­də və s. yuxarıda adları çəkilən və çə­kil­mə­yən türk bili­ci­lə­rinin elmi, dini, fəlsəfi, ictimai-siyasi dün­ya­gö­rü­şü­nü Azərbaycan gəncləri öyrən­məməlidir? Fikri­mizcə, bü­tün türk aydınları arasında heç bir ayrı-seçkilik ol­ma­dan (Türkiyə, Azərbaycan, Türk­mənis­tan, Qırğızıstan və b.) türk dünya­sının ziyalıları kimi qəbul edilməli (sözdə yox, əməldə) və onların yara­dıcılığı bütün türk dövlətlərinin fəlsəfə, ədəbiyyat, tarix və sairənin tərkib hissəsi kimi yeni yetişən gənc nəsilə çatdırılmalıdır.
Bir sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsə­fə­si, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiy­yatı, türk tarixindən də bəhs olunmalı, tədris edil­mə­li­dir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq ye­ni­cə müs­təqil­lik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi məna­sında türkçülüyü - türk kimliyini, türk mədəniyyətini, türk fəlsə­fə­si­ni, türk tarixini və s. daha dərindən və yaxından anlamış olacaqlar.
Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed