Şrift:
Putin MDB ölkələrini potensial terror hədəfi hesab edir
06.04.2017 [10:16] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: ''Kreml rəhbərliyi nə vaxtsa, belə bir terrora hədəf olacaqlarını bilirdi''

“Müstəqil Dövlət Birliyi (MDB) ölkələrinin hər birini praktiki baxımdan potensial terror hədəfidir”.

Ria-Novostinin xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin aprelin 3-də Sankt-Peterburq şəhərində metroda baş verən terror aktından danışarkən deyib.

Prezident xatırladıb ki, ölkələrini terrorizmlə bərabər başqa təhlükələr də təhdid edir, bunlar narkotrafik, korrupsiya, mütəşəkkil cinayətkarlıq ki, xarici qüvvələr tərəfindən daxili situasiyaya təsir edir.

Putin Müstəqil Dövlətlər Birliyinin xüsusi xidmət orqanlarının bu təhdidlərin qarşısını almaq üçün effektiv əməkdaşlıq etdiyini vurğulayıb.

V.Putinin fikirlərinə münasibət bildirən deputat Fərəc Quliyev Meydan TV-yə deyib ki, Kreml rəhbərliyi nə vaxtsa, belə bir terrora hədəf olacaqlarını bilirdi: “Çünki Dağıstan və Çeçenistandakı olaylar bu təhlükəni artırırdı. Bundan əlavə, Rusiya postsovet məkanının əksər ölkələrində münaqişələri alovlandırıb. Keçmiş SSRİ ərazisində bütün süni münaqişələrin səbəbkarı Rusiyanın özüdür. Qarabağda separatçılığa da Rusiya dəstək verib. İŞID-da döyüşənlərin əksəriyyəti Rusiyadan gedənlərdir, bu qruplaşma məğlub olandan sonra onların bir hissəsi ölkələrinə qayıdacaq və Rusiya təhlükə ilə üz-üzə qalacaq. Eyni zamanda, Türkiyədə PKK terrorçularında dəstəyi də Rusiya verib. Yəni bu dövlət terrora dəstək verən dövlətdir”.
Fərəc Quliyev bildirib ki, Putin bu təhdidi ilə keçmiş respublikarı öz ətrafında birləşdirmək, yeni birlik formatları axtarmaq və guya terrora qarşı birlik yaratmaq uğrunda niyyətini göstərir: “Bu dövlət hər bir olaydan fayda güdür. Amma mən hesab etmirəm ki, Putinin dedikləri gerçəkləşə bilər. Bəli, Azərbaycanda terror olayları olub, 90-cı illərdə metro partlayışları faktdır. Sadəcə, Rusiyada baş verənlərin Putinin dediyi kimi digər respublikalara dalğavar yayılacağını proqnozlaşdırmıram. Bu, Rusiyanın öz daxili situasiyasından doğan məsələdir".


Siyasi şərhçi Sülhəddin Əkbər isə hələ bir neçə ay əvvəldən dünyada və regionda terror təhdidi səviyyəsinin yüksəldiyi ilə bağlı fikir bildirdiyini xatırlatdı:

"Azərbaycan cəmiyyəti və dövləti terror təhlükəsinə hazır olmalıdır. Dövlət terrorun narıncı - yüksəliş səviyyəsinə uyğun tədbirlər həyata keçirməlidir. Məsələnin xüsusi tərəfinə gəldikdə, bütün postsovet respublikaları beynəlxalq terror təşkilatlarının hədəfindədir. Zaman-zaman bu təşkilatlar Azərbaycan da daxil olmaqla digər keçmiş sovet respublikalarını açıq təhdid edirlər. İkinci, Azərbaycan və digər respublikaların vətəndaşları terror təşkilatlarının sırasında İraqda, Suriyada döyüşürlər. Üçüncü, onlara qarşı məhkəmə işləri aparılır, fiziki cəhətdən aradan götürülür. Belə olduqda, yüzlərlə azərbaycanlı terror təşkilatlarında vuruşduqlarını nəzərə aldıqda təhlükənin gözlənilən olduğunu demək mümkündür".

Konfliktoloq Elxan Mehdiyev düşünmür ki, Putin postsovet respublikalarını təhdid edir: “Sadəcə, Putin İŞID və digər terror təşkilatlarına qoşulanlara MDB ölkələrinin liderlik etdiyini demək istəyir. Bu gün Rusiya, Orta Asiya və Qafqazdan olan minlərlə adam Suriya və İraqdakı terror təşkilatlarıında döyüşür. Rusiya prezidenti də bu amili əsas götürüb belə bir bəyanat verib”.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed