Şrift:
"Prezidentin söylədikləri həm də böyük dövlətlərə bir mesaj idi" AÇIQLAMA
11.04.2017 [16:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanla bağlı söylədiyi fikirlər faktlara əsaslanır. Azərbaycan prezidenti bütün çıxışlarında olduğu kimi, budəfəki çıxışında da yenə çağırış edərək bildirdi ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv çıxış etməlidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Ölkə başçısının da iclasda bildirdiyi kimi ATƏT-in minsk qrupu vəziyyətdən çıxış yolu axtarmalı, məsələni tərəflərin öhdəsinə buraxmalı deyil, onun həllində təşəbbüskar olmalıdır: “Minsk qrupunun missiyası təkcə atəşkəsi saxlamaqdan ibarət deyil. Bu tamamilə absurd məsələdir. Onlar atəşkəsi Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra saxlamalıdırlar. Azərbaycan prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, ölkəmiz mövcud status-kvo ilə qətiyyən razılaşmır, məsələnin ədalətli həllinə dair əlindən gələni edir və bundan sonra da edəcək. Burada beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir”.

Azərbaycan prezidentinin Nazirlər Kabinetinin iclasında Ermənistan tərəfinin təxribatları ilə bağlı səsləndirdiyi fikirləri xatırladan F. Quliyev qeyd edib ki, ölkə başçısının iclasda söylədikləri həm də böyük dövlətlərə bir mesaj idi: “Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman səbr edib, məsələnin həllini böyük güclər tərəfindən həllinə üstünlük verib. Lakin Azərbaycan prezidenti son iclasda onlara mesaj verərək səbrimizin tükəndiyini bildirdi. Azərbaycan Prezidenti bəyan etdi ki, günün birində səbrimiz tükənsə, ölkəmiz beynəlxalq konvensiyaları, BMT-nin qətnamələrini, Konstitusiyamızı əsas götürüb məsələni həll edə bilər. Biz beynəlxalq qanunlara hörmət etdiyimiz kimi böyük güclər də öz qanun və qərarlarına hörmət etməlidirlər. Bundan artıq qınaq ola bilməz. Amma təəssüf ki, məsələnin həlli ilə bağlı nə Ermənistan hər hansı addım atır, nə də onun ağaları tərəfindən qulaq burması verilir”.

Millət vəkili bildirib ki, BMT məsələnin həlli ilə bağlı cəza mexanizmi olmalıdır: “Bu mexanizmin olmamasından istifadə edən Ermənistan da status-kvonu qoruyub saxlamağa çalışır. Lakin hərəkətlilik üçün kifayət qədər zəmin var və hərəkətsizliyə son qoymağın zamanıdır. Dövlət başçısının söylədiyi fikirlər xalqımızın iradəsidir və hər kəs bu fikirləri dəstəkləyir”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed