Şrift:
Litva Seyminin 21 üzvü Xocalı faciəsi ilə əlaqədar Avropa Parlamentinə müraciət edib
24.04.2012 [17:10] - Diaspor
Litva Seyminin 21 üzvü Xocalı soyqrımının 20-ci ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət edib.

Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, müraciəti imzalayanlar arasında Seym üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digərləri var.

Müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının üzüntüləri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə ediblər.

Litva Seyminin üzvləri Avropa parlamentarlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi 2216 saylı Qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, bu sənəddə erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını və sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulayıblar.

Seym üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

Litva parlamentarları Avropa Parlamentinin 2216 saylı Qətnaməsinin tələblərinin ciddi şəkildə yerinə yetiriləcəyinə və bu yolla tarixi ədalətin bərpa olunacağına ümidvar olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed