Şrift:
Osmanlı Türkiyəsinin 1876-cı il Anayasası – Tarixdən bu günə
17.04.2017 [10:37] - Xəbərlər, DAVAMın yazıları
Osmanlı Türkiyəsinin ilk Konstitusiyası (Kanun-u əsası) 1876-cı il de­kab­rın 23-də elan edilmişdir. Bir qrup mütərəqqi fikirli ziyalı və dövlət xadimlərinin təşəbbüs və zəhməti hesabına hazırlanan həmin sənəd Osmanlı hüdudlarında ya­şayan əhaliyə Sultan Əbdülhəmidin «Könüllü hədiyyəsi» kimi təqdim edildi. Dövlətin bu yeni Konstitusiyası 12 fəsildən və 119 maddədən ibarət idi. Bəri baş­dan qeyd edək ki, baş nazir (başbakan) Midhət paşanın bilavasitə başçılığı ilə hazırlanan həmin Konstitusiya Türkiyə tarixinə Midhət Konstitusiyası adı ilə daxil olmuşdur.
Beləliklə, Konstitusiyanın birinci fəslində Osmanlı dövlətinin və dövlət başçısının hüquqi vəziyyətindən (mad. 1-7), ikinci fəslində əhalinin hüquqi və­ziy­­yətindən (mad. 8-26), üçüncü fəslində icra hakimiyyətindən (mad. 27-38), dör­düncü fəslində dövlət məmurlarından (mad. 39-41), beşinci fəslində qanun­veri­cilik hakimiyyətindən (mad. 42-59), altıncı fəslində yuxarı palatadan (mad. 60-64), yeddinci fəsildə deputatlar palatasından (mad. 81-91), doqqu­zun­cu fəslində ali məhkəmənin hüquqi vəziyyətindən (mad. 92-95), onuncu fəslində maliyyə sistemindən (mad. 96-107), on birinci fəslində yerli idarəçilikdən (mad. 108-112), nəhayət on ikinci fəslində isə Konstitusiyanın dəyişdirilməsi qaydası və bəzi digər qaydalardan bəhs edir (mad. 113-119).
Konstitusiyanın müəllifləri hakimiyyətin bölünməsi barədə burjua nəzəriyyəsini Türkiyənin feodal-monarxiya dövlət quruluşuna tətbiq edərək for­mal surətdə də olsa qanunverici, icra və məhkəmə hakimiyyətinin ayrıldığını əsas qanunda qeyd etmişdilər.
Ancaq əslində isə türk tarixçilərinin özlərinin etiraf etdikləri kimi, Os­man­lı Türkiyəsində bütün hakimiyyət sultan-xəlifəyə məxsus idi. Dövlət həyatının bütün məsələlərinə dair (şəriət qanunlarına zidd olmamaq şərtilə) sultanın qəbul etdiyi fərman və digər aktlar qanun qüvvəli hüquqi aktlar hesab olunurdu.
Sultan tərəfindən təsdiq edilməyən dövlət aktları hüquqi qüvvəyə malik deyildi. Bu, sultanın qeyri-məhdud səlahiyyətlərə malik olmasından irəli gəlirdi.
Türkiyənin 1876-cı il Konstitusiyası sultan-xəlifənin hüquqi statusunda müəyyən dəyişiklik etməsinə baxmayaraq, o, yenə də əvvəlki kimi çox geniş səlahiyyətə malik idi.
Belə ki, Konstitusiya Osmanlı imperiyasında ali idarəçiliyin sultana aid olmasını (mad. 3), onun islam rəhbəri sayılmasını (mad. 4) əsaslandırırdı. Ana­yasa sultanın şəxsiyyətinin müqəddəs və toxunulmaz elan etməklə dövlətin fəa­liy­yətini həyata keçirərkən onun heç kimin qarşısında məsuliyyət daşımadığını (mad. 5) qanunlaşdırdı.
Əsas qanunda nəinki təkcə sultanın hətta bütün Osmanlı sülaləsindən olanların şəxsiyyəti əmlakı toxunulmaz və müqəddəs elan edildi (mad. 6). Kons­titusiya imperiyasının qanunverici, icraiyyə və həmçinin məhkəmə hakimiy­yətini sultanın əlində mərkəzləşdirirdi. Belə ki, sultan nazirləri təyin və azad etmək, xarici dövlətlərlə müqavilə bağlamaq, müharibə elan etmək, sülh bağla­maq, təltif etmək, əfvümumi keçirmək, qanun və qərarları təsdiq etmək hüquqlarına malik idi. Bundan başqa, o, dövlətin bütün silahlı qüvvələrinin baş komandanı sayılırdı.
Konstitusiya baş naziri (baş bakanı) və Şeyxülislamı təyin etməyi, nazirlər şurasının qərarlarını qanuni qüvvəyə minməsi üçün təsdiqini, yuxarı palatanın sədr və üzvlərini, deputatlar palatasının isə sədrinin təyin edilməsini sultan-xəlifəyə həvalə edirdi (Bax: Türkiyənin 1876-cı il Konstitusiyası, maddə 27, 28, 60, 77). Beləliklə də 1876-cı ildə qəbul edilmiş bu akt sultan-xəlifəyə qeyri-məhdud hüquq və səlahiyyət verilməsini qanuniləşdirirdi. Türk tarixçisi R.Okandan Konstitusiyanın mürtəce mahiyyətindən bəhs edərək yazır: «…1876-cı il Konstitusiyasında Osmanlı taxt-tacına qarşı yönələ bilər hər cür təzahürlər məhdudlaşdırılırdı. Orada əsas etibarilə hökmdarın hüquq və səlahiyyətlərini mühafizə edən-qaydalar öz əksini tapmışdı.
Ən yüksək hüquq və səlahiyyətin hamısı hökmdarda mərkəzləşdi­rilərək hər şey onun iradəsinə tabe edilmişdi. Məhz buna görə də həmin əsas qanun əslində hökmdarın hüquqi statusunu müəyyən edən akt mahiyyətində olub, Konstitusiya səviyyəsinə yüksələ bilməmişdir…». Müəllifin bu tezisi ilə qismən razılaşmaq olar. Çünki mütləqiyyətin hökmran olduğu o dövrün Osmanlı Türkiyəsinin həmin əsas qanunu heç də ictimai-siyasi inqilabın məhsulu olma­yıb, Konstitusiyalı monarxiya tərəfdarlarının dövlət quruculuğunda müvəffəq olduqları islahat idi.
Maraqlıdır ki, Konstitusiyada imperiyanın bütün vətəndaşları dinindən və milliyyətindən asılı olmayaraq «Osmanlı» adlandırılır (mad. 8) və bütün millətin qanun qarşısında bərabər hüquqa malik olması (mad. 17) elan edilirdi.
Tarixçi Hiçri Fişek 1961-ci ildə Ankarada çap etdirdiyi «Anayasa və vatandaşlık» əsərlərinin 14-cü səhifəsində həmin məsələyə toxunaraq yazır ki: «Osmanlı əhalisinə birbaşa «Osmanlı» adının verilməsi özlüyündə imperiyanın bütün təbəqələrini vahid bir ad altında toplamaq və bunu bir «konstitusiya» termini şəklinə salmaq zərurətindən irəli gəlmişdir».
Ancaq, əslinə qalsa, bu Konstitusiyanın qəbul edildiyi dövrün şəraiti ilə əlaqədar idi. Belə ki, XIX əsrin ikinci yarısında Osmanlı İmperiyası özünün siyasi və iqtisadi zəifliyi ucbatından Avropa dövlətləri qarşısında məhv olmaq təhlükəsilə üz-üzə idi. Özlərini «Yeni Osmanlılar» adlandıran türk ziyalıları imperiyanın xilasını «panosmanizm» cərəyanının təbliğində görürdülər. Məhz buna görə də onlar dinindən və milliyyətindən asılı olmayaraq bütün Osmanlı təbəqələrinə «bərabər hüquq bəxş edən» Konstitusiyanın qəbulu üçün az əmək sərf etməmişdilər. Onların fikrincə, bu tədbir bütün Osmanlı cəmiyyəti arasında vahid birlik yaratmaqla ölkədəki erməni zümrəsinin milli-azadlıq hərəkatından əl çəkmələrinə xüsusilə səbəb olmalı idi. Lakin «panosmanizm» həyatda özünü doğrultmadı və tarix bunun yanlış bir cərəyan olduğunu sübut etdi.
Konstitusiyada sultan-xəlifənin müsəlmanların dini başçısı edilməsi heç də təsadüfi olmayıb, müsəlman xalqlarının milli azadlıq hərəkatına qarşı «yeni osmanlı» cəmiyyətinin irəli sürdüyü mürtəce bir tədbir idi. Bu tədbir müsəlman xalqlarının birliyini möhkəmləndirmək və Osmanlı İmperiyasının dağılıb məhv olması təhlükəsinin qarşısını almaq məqsədilə meydana atılmışdı.
Konstitusiyada vətəndaşların şəxsiyyət azadlığı, məhkəmənin qərarı olmadan heç kəsin məsuliyyətə cəlb edilə bilməməsi elan edilirdi. Lakin şəx­siy­yət azadlığından dövlət əleyhinə istifadəyə yol verilmirdi. Qanun çərçivəsindən kənara çıxmamaq şərtilə Konstitusiya Osmanlı zəhmətkeşlərinə mətbuat azadlığı da verirdi. Qanunda vətəndaşların mənzil toxunulmazlığı qeyd olunurdu. Lakin dövlət məmurlarının bu hüququ poza bilmələri rəsmən qanunlaşdırılırdı. Vətəndaşların dövlət xidmətində olmaq hüququ var idi, lakin bunun üçün onların türk dilini bilmələri vacib idi (müasir dövrdə Gürcüstan dövlətinin yeritdiyi milli siyasət kimi).
Türkiyənin 1876-cı il anayasası vətəndaşlar üçün bir sıra hüquq və azad­lıqlar elan etsə də, onların həyata keçirilməsi üçün heç bir təminat nəzərdə tutulmurdu, hətta müəyyən qeyri-şərtlərlə onları pozur və yaxud məhdudlaş­dırırdı. Bu hal özünü 113 maddədə daha aydın surətdə nəzərə çarpdırırdı.
Həmin maddəyə görə, sultan şübhələndiyi hər bir şəxsi ölkədən qovmaq səlahiyyətində idi. Həmin qayda bilavasitə monarxiya əleyhinə çıxanlara şamil edilirdi. Buna görə də mütərəqqi türk ədəbiyyatında Konstitusiyanın 113 mad­dəsi haqlı olaraq «türk xalqının başına gətirilən bir bəla» adlandırılırdı. Bu doğrudan da belə idi. Sultan Əbdülhəmid özünün mütləq hakimiyyətinə qarşı çıxan mütərəqqi fikirli ziyalıları məhz həmin maddənin tələblərini pozmaq kimi qiymətləndirərək ölkədən kənara çıxarırdı. Hətta Konstitusiyanın müəlliflərin­dən biri və əsas yaradıcısı hesab olunan baş nazir Midhət paşa da 113-cü mad­dənin qurbanı oldu.
Belə ki, o sultan Əbdülhəmidin qardaşı Əbdüləzizin sui-qəsd nəticəsində öldürüldüyü zamanı bu işdə baş nazirin mütləq iştirakı olduğunu bəhanə gətirərək şübhəli şəxs kimi onu 1877-ci ilin fevral ayında ölkədən qovduruldu.
Məhkəmə qərarı olmadan, heç kəsin məsuliyyətə cəlb edilə bilməyəcəyini elan edən əsas qanun özünün başqa bir maddəsi ilə vətəndaşların həmin hüququnu kobud surətdə pozurdu. Bunu xalqın hüquq və azadlıqları ilə bir araya sığmayan monarxiya quruluşunun mürtəce mahiyyəti ilə izah etmək olar. Tür­kiyənin 1876-cı il Konstitusiyasında vətəndaşlar üçün elan edilən burjua demok­ratik xarakterli qırıq-sökük hüquq və azadlıqlar üçün istismarçı dövlətlərin ha­mısında olduğu kimi, heç bir təminat nəzərə çarpmırdı, onlar tamamilə formal xarakter daşıyırdı.
Bu barədə türk tarixçisi Orhan Aldıkaçtı özünün tarixi əsərində («Anayasa hukukumuzun gelişməsi və 1961-ci il Anayasası», İstanbul, 1966-cı il cild 2, səh.87-88) göstərir ki, «…lakin buna baxmayaraq, Türkiyənin dövlət qurucu­lu­ğunda ilk dəfə olaraq tətbiq edilən həmin tədbir öz-özlüyündə mütərəqqi bir hadisə idi və feodal-monarxiya rejimi şəraitində burjua azadlıqlarından şəxsiyyət və mətbuat azadlığı, əmlak toxunulmazlığı və s. Konstitusiyada təntənəli surətdə elan edilməsi faktının özü irəliyə doğru ciddi addım idi…».
Konstitusiya Osmanlı imperiyasının dövlət idarəçiliyində dini əsasları nəinki məhdudlaşdırmırdı, əksinə dövlətin teokratik mahiyyətini qanunvericilik yolu ilə təsbit edirdi. Dövlətin dini başçısı olan Şeyxülislamın hüquq və səlahiyyətini Konstitusiya baş nazirin hüquqi statusu ilə eyniləşdirirdi. Baş nazir (baş bakan) və Şeyxülislam şəxsən sultanın özü tərəfindən, nazirlər isə onun xüsusi fərmanı ilə təyin edilirdi (mad. 27).
Göründüyü kimi, Konstitusiya sultanın həm dövlət başçısı və həm də dini başçı olmasını əsaslandırırdı. Ancaq buna baxmayaraq, o, dövlət işlərini baş nazirin, dini işləri isə Şeyxülislamın vasitəsilə həyata keçirirdi.
Məhkəmə funksiyasını isə inzibati məhkəmələr və şəriət məhkəmələri vasitəsilə həyata keçirilməsini elan etməklə Konstitusiya dövlətin teokratik mahiyyətdə olduğunu bir daha təsdiq edirdi.
Türkiyənin 1876-cı il Konstitusiyası icra orqanının məclis qarşısında cavabdehliyini tanımırdı. Maraqlı cəhət burasıdır ki, Konstitusiya Nazirlər Kabi­ne­­tinin (baş bakanlığın) öz fəaliyyətinə görə kollektiv məsuliyyət daşımasını müəyyən etsə də (mad. 30), əslində hər bir nazir ayrı-ayrılıqda sultanın qarşı­sında məsul idi. Ona görə ki, bu nazirlərin vəzifəyə baş nazir tərəfindən deyil, bilavasitə sultanın özü tərəfindən fərdi qaydada təyin edilməsindən irəli gəlirdi.
Əsas qanun bir tərəfdən ölkənin daxili və xarici siyasətinə dair bütün iş­lə­rin Nazirlər Kabineti (başbakanlık) tərəfindən yerinə yetirilməsi elan edilirdi, di­gər tərəfdən isə baş bakanlığın qərarlarının yalnız sultan tərəfindən təsdiq edil­dik­­dən sonra qanuni qüvvəyə malik olmasını əsaslandıraraq hökuməti monarx­dan tam asılı vəziyyətə salırdı. Konstitusiyada baş nazirin Nazirlər Kabi­ne­­tinin (baş ba­kan­lığın) sədri elan edilməsi əslində formal xarakter daşıyırdı. Ona görə ki, baş ba­kanın mövqeyi digər nazirlərin mövqeyindən heç nə ilə fərqlənmirdi. On­ların arasında münaqişə baş verdikdə bu münaqişəni sultan özü həll edirdi (mad. 29).
Osmanlı Türkiyəsi tarixində belə münaqişələr əksər hallarda baş bakanın istefa verməsi ilə nəticələnirdi.
Türk müəllifi R.G.Okandan «Anne hükukumuzun anna hatları», İstanbul. 1957- ci il əsərinin bir köşəsində haqlı olaraq yazır ki, «Osmanlı imperiyasında baş nazirin və Nazirlər Kabi­ne­­tinin əslində heç bir səlahiyyəti olmamışdır. Dövlət İdarəçiliyini az-çox Konstitusiyaya uyğun həyata keçirməyə cəhd edən baş nazir dərhal vəzifəsindən kənar edilmiş, Sultan Əbdülhəmidin hakimiyyətdə olduğu 31 il ərzində 25 baş nazirdən 21 nəfəri vaxtından əvvəl vəzifəsindən qovul­muşdur. Başbakanlığın səlahiyyətinə aid olan məsələləri sultan özü həll edərək, öz mütləq hakimiyyətindən azacıq da olsa çəkinmirdi…».
Konstitusiya nazirlərə qanunvericilik təşəbbüsü hüququ verirdi. Nazirin təqdim etdiyi qanun layihəsi deputatlar palatasında təsdiq edilmədikdə məsələni sultan özü fərdi qaydada həll edirdi.
Belə ki, o, qanun layihəsini öz fərmanı ilə elan edirdisə, bu zaman mütləq parlament buraxılırdı. Əks halda nazir istefaya getməli idi. Göründüyü kimi, bu qaydanı əsaslandıran Konstitusiyanın 35-ci maddəsi deputatlar palatasını açıq­dan-açığa sultan-xəlifədən tam asılı bir vəziyyətə salırdı. Deməli, deputatlar pala­tası öz fəaliyyəti xatirinə istər-istəməz sultanın iradəsini ifadə edən aktları qəbul etməyə məhkum idi.
Şübhə yoxdur ki, Konstitusiya yolu ilə monarxın mütləq hakimiyyətinə tabe edilən bir məclis həmin Konstitusiyada dövlətin təəbələri üçün nəzərdə tutulan hüquq və azadlıqlar barədə əsl mənada heç bir təminat yarada bilməzdi. O dövrün mütərəqqi fikirli simalarından biri yazırdı: «Konstitusiya xalqımıza bir sıra hüquq və azadlıqlar bəxş edir. Həmin hüquqlar mövcud olan monarxiya üsul idarəsi tərəfindən qəsb edilmişdir. Biz bu hüquqların sözün həqiqi mənasında xalqa verilməsini tələb edirik».
Konstitusiyanın 42-ci maddəsinə əsasən, ölkənin qanunverici orqanı olan parlament (məclis – utiti) senat (Heyati Avan) və deputatlar palatası (Heyati mebusan) olmaqla iki palatadan ibarət tərkibdə təşkil edilirdi. hər iki palatanın sessiyası sultanın fərmanına əsasən eyni vaxtda, yəni noyabrın 1-də bağlı elan edilirdi (mad.43). Palataların birgə təntənəli açılışında ölkənin daxili və xarici siyasət məsələləri barədə ya sultanın özü, ya da onun tapşırığına əsasən baş nazir məruzə edirdi.
Deputatlar palatasının üzvləri kişilərdən ibarət Osmanlı əhalisi tərəfindən hər əlli min nəfərdən bir deputat hesabı ilə gizli səsvermə yolu ilə 4 il müddətinə seçilirdi. Nazirlər müstəsna olmaqla, deputat seçilənlər eyni zamanda dövlət qulluğunda ola bilməzdilər. Bununla bahəm Konstitusiya əhalinin geniş təbəqəsini deputat seçilmək hüququndan məhrum edilirdi. Belə ki, Türkiyə təəbəliyini qəbul etməyənlər, 30 yaşı tamam olmayanlar, digər şəxsin xidmətində olanlar, müflisləşənlər, istintaq altında olanlar, hüquqdan məhrum olunanlar, vətəndaşlığı olmayanlar deputat mandatı ala bilməzdilər.
Deputatlar palatasının sədri və onun iki müavini deputatlar arasından onların səs çoxluğu ilə müəyyən etdiyi doqquz nəfərin içərisindən sultanın xüsusi fərmanı ilə təyin edilirdi. Yeri gəlmişkən qeyd edək ki, sultan Əbdülhəmid məclisin birinci çağırış birinci sessiyasında Konstitusiyanın müəyyən etdiyi bu qaydanı pozaraq öz yaxın dostu və tərəfdarı Əhməd Vəfiq paşanı birbaşa palatanın sədri təyin etmişdi.
Beləliklə, Türkiyənin 1876-cı il Konstitusiyası qanunverici orqan olan deputatlar palatasını əslində hökmdardan tam asılı bir vəziyyətə salmışdı. Yuxarı palata olan senatın sədri və üzvləri də sultan tərəfindən qırx yaşına çatmış və dövlət qarşısında xüsusi xidməti olan yüksək rütbəli şəxslərdən ömürlük təyin edilirdilər. Onların sayı deputatlar palatası üzvlərinin ümumi miqdarının üçdə birindən çox ola bilməzdi. Senatın hüquq və vəzifələri Konstitusiyanın 64-cü maddəsində öz əksini tapmışdı. Həmin maddəyə əsasən, senatın veto hüququ göstərilirdi. Belə ki, aşağı palata olan deputatlar palatasının qəbul etdiyi qanun layihələrini senat ya qəbul edib təsdiq edilməsi üçün sultana təqdim edirdi və yaxud da öz qeydləri ilə yenidən müzakirəyə qoyulmaq üçün aşağı palataya geri qaytarırdı.
Həmin maddədə rəsmən elan edilirdi ki, Konstitusiyaya zidd olan və sultanın hüquqlarını məhdudlaşdıran və təsadüfən ona yönələn qanun layihəsi senat tərəfindən ləğv edilməlidir.
Beləliklə, senat əslində deputatlar palatasının funksiyası üzərində nəzarət vəzifəsini ifa edirdi. Deməli, o heç də bəzi türk müəlliflərinin iddia etdikləri kimi «qanunların Konstitusiyaya uyğunluğunu siyasi yolla həll edən» orqan olmayıb, əslində sultanın hüquqlarını müdafiə edən yüksək nəzarət aləti idi.
1876-cı il Konstitusiyası qanunvericilik təşəbbüsünün hüququnu əslində Nazirlər Kabi­ne­­tinə verirdi. Buna görə də deputatlar palatası bu hüquqdan bilavasitə yalnız dolayısı ilə istifadə edə bilərdi. Belə ki, deputatlar palatası özünün qanunvericilik barədəki təklifini gərək baş nazir vasitəsilə sultana təqdim edəydi. Həmin təklif sultan tərəfindən bəyənildikdən sonra dövlət şurasına göndərilirdi. Öz növbəsində dövlət şurası qanun layihəsi hazırlayıb deputatlar palatasına qaytarılırdı. Burada müzakirədən sonra layihə senata verilir və o da bəyəndikdən sonra isə təqdim və elan olunmaq üçün təzədən sultana təqdim edilirdi. Palataların biri tərəfindən rədd edilən qanun layihəsi həmin il ikinci dəfə müzakirə obyekti ola bilməzdi (mad. 54). Sultanın mütləq veto hüququna malik olması və qanunvericilik təşəbbüsünün ancaq onun icazəsi ilə mümkün olması faktı əslində Osmanlı məclisinin formal xarakter daşımaqla Türkiyədə sultanın mütləq hökmranlığını pərdələmək üçün bir vasitə olduğunu aydın surətdə təsdiq edir.
«Osmanlı dövlətində qanunvericilik hakimiyyətinin əslində sultan-monarxa məxsus olmasını» dəfələrlə önə çəkən istedadlı türk alimi R.G.Okan­dan bu başlıca cəhətləri yazdığı əsərində çox düzgün qiymətləndirmişdir.
Bütün bu dediklərimizlə yanaşı, Osmanlı Türkiyəsinin ilk məclisinin yaradılması faktının özü hər halda müsbət hadisə idi. O, fəaliyyət göstərdiyi 3-4 ay ərzində ölkənin zəruri ehtiyaclarını az-çox təmin edən müəyyən qanunlar qə­bul etmişdir. Buna misal olaraq vilayətlərin təşkili haqqında, mətbuat, bələdiyyə, deputat seçkiləri, maliyyə, vergi və s. barədə olan qanunları göstərmək mümkündür.
Həmin qanunlar məclisin türk xalqına «bəxş etdiyi» ilk hədiyyə idi. Sovet türkşünas alimi Y.A.Petrov tərəfindən qələmə alınmış («Новые Османы» в борьбе за Конституции 1876 г. в Турции, M. 1958 q. səh. 150) əsərinin həmin səhifəsində yazır: «Türkiyə parlamenti dövlət işlərinin açıq müzakirə edilməsində, sultan hökumətini tənqid etməkdə, Osmanlı tarixində ilk forum olmaqla, vətəndaşlıq hüququ uğrunda leqal mübarizə məktəbi idi…».
Konstitusiyaya əsasən Osmanlı imperiyasının məhkəmə işləri şəriət və inzibati məhkəmələr tərəfindən həyata keçirilirdi (mad. 87).
Bir qayda olaraq müsəlman xalqlarının ailə, kəbin, vərəsəlik və digər mülki işlərinə şəriət məhkəmələrində baxılırdı. Cinayət işləri isə inzibati məhkəmələrdə həll edilirdi. Konstitusiyada hakimlərin dəyişən olmadığını, onların yalnız öz xahişləri ilə və yaxud cinayət törətdikdə işdən götürüldükləri göstərilirdi (mad. 81). Məhkəmələrin təşkili qaydası, onların fəaliyyətinin forma və metodları Konstitusiya ilə deyil, xüsusi Nizamnamə ilə müəyyən edilirdi (mad. 81-88). Konstitusiya bir tərəfdən hər hansı bir orqanın məhkəmə işlərinə qarışmasını qadağa edirdi (mad. 86), digər tərəfdən isə dövlətin marağına zidd olan işlərin yalnız hökumətin təyin etdiyi şəxsin iştirakı ilə baxılması qaydasını əsaslandırırdı (mad. 91). Beləliklə, Konstitusiya məhkəmələrin heç kəsdən asılı olmadığını formal elan edərək, yeri gələndə onu icra orqanına tabe edirdi. Konstitusiya Osmanlı Türkiyəsində daimi ali məhkəmə orqanı nəzərdə tutmurdu. O, yüksək vəzifəli şəxslərin cinayət işlərinə baxmaq zəruri olduqda sultanın fərmanı ilə 10 nəfər senatordan, 10 nəfər apellyasiya məhkəməsinin üzvündən və 10 nəfər hökumətin təyin etdiyi şəxslərlə birlikdə 30 nəfərdən ibarət tərkibdə təşkil edilirdi (mad. 92). Göstərilən onluqların hər birindən üç nəfər olmaq şərtilə 9 nəfər ibtidai təhqiqat aparırdı və üçdə iki səs çoxluğu ilə işi məhkəməyə keçirirdi (mad. 93, 94). Hər bir onluqdan 7 nəfər olmaq şərtilə qalan 21 nəfər isə məhkəmə rolunu ifa edirdi. Hökm üçdə iki səs çoxluğu ilə çıxarılmaqla qəti idi, ondan şikayət vermək olmazdı (mad. 95).
Nəticə etibarilə Türkiyənin 1876-cı il Konstitusiyası formal xarakter daşısa da, o ölkədə parlamentarizmin inkişafı istiqamətində ilk zəmin oldu. Anayasanın qəbulu ilə zəhmətkeşləri adi insan hüquqlarından məhrum edən mütləq monarxiya öz yerini formal da olsa, əhali üçün müəyyən hüquq və azadlıqlar elan edən Konstitusiyalı monarxiyaya verməli oldu. Parlament, ümumi seçki hüququ – bütün bunlar cəmiyyətin inkişafı nöqteyi-nəzərindən o dövr üçün böyük bir tərəqqi hesab olunmalıdır.
Deməli, Türkiyənin 1876-cı il Konstitusiyası ölkədə bir sıra ictimai-mədəni tədbirlərin həyata keçirilməsinə zəmin hazırlamaqla, həm də zəhmətkeşlərin siyasi sinif kimi yaranmasına və gələcək inkişafına əlverişli şərait yaratmış oldu.
Mürsəl İrəvanlı
Turkustan.info üçün
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed