Şrift:
“Azərbaycanın nəyə qadir olduğunu bütün dünya bilir – Ermənistan özünü yormasın” – Hərbi ekspert
17.04.2017 [15:28] - Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev
Aprelin 13-də saat 11:00-dən etibarən Ermənistan silahlı qüvvələri işğal altında olan Ağdamın Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıb. Erməni hərbçiləri irimiqyaslı hərbi təlimlərdə əsasən, ağır artilleriya qurğularından istifadə edir. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən, aprelin 16-da Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başladığını açıqlayıb. Aprelin 21-dək davam edəcək təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcəyi bildirilib. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən çox tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, müxtəlif təyinatlı 25 döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacağı da qeyd edilib.


İki tərəfin keçirtdiyi irimiqyaslı hərbi təlimlərin nə vəd etdiyini və məqsədin nədən ibarət olduğunu Yeniçağ.az-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, hər iki tərəf keçirilən təlimlərlə oyun oynayırlar:

“Azərbaycan çox gözəl bilir ki, Rusiyanın razılığı olmadan heç bir müharibəyə başlaya bilməz. Ermənilər isə yaxşı bilirlər ki, Rusiya razılıq verməsə heç bir addım atıla bilməz. Amma onlara tapşırılıb ki, hər iki tərəf təlimlər vasitəsilə hərbi sahədə öz məharətini, ötkəmliyini, mərdliyini, bacarığını və qətiyyətini nümayiş etdirsinlər. İstənilən halda Ermənistan hökuməti erməni xalqını aldadır. Bu təlimlər Moskvanın oyunudur. Moskva münaqişəni dondurub, münaqişə vasitəsilə də Ermənistanı və Azərbaycanı təzyiq altında saxlayır. Bunun üçün də Moskva əmr verməsə heç bir müharibə olmayacaq”.

Hərbi-ekspert Şair Ramaldanovun sözlərinə görə, qarşı tərəf Azərbaycanın irimiqyaslı təlimlər keçirtməsinə görə çox narahatdır:

“Ermənistan ordusu müəyyən tədbirlər görməyə çalışır. O tədbirlərdən biri də keçirtdiyi təlimlərdir. Onlar Azərbaycanın keçirtdiyi təlimlərdən böyük narahatçılıq hiss keçirirlər. Hər bir təlim hər zaman hansısa əməliyyatın başlamasını vəd edə bilər. Keçirilən təlimlər torpaqlarımızın azad edilməsinə və konkret döyüşə çevrilməsinə işarə verir. Çünki təlimdə qarşıya müəyyən məqsədlər qoyulur. Bizim məqsədimiz də hərbi hissələrin döyüşə hazırlıq qabiliyyətini yoxlamaqdır”.

Millət vəkili Fərəc Quliyev isə qeyd etdi ki, Ermənistan tərəfi işğal etdiyi Azərbaycan ərazilərində çox böyük qanunsuzluqlara yol verirlər:


“Bu, artıq birinci hal deyil. Ermənilər narkobiznesin inkişafında işğal etdikləri ərazilərdən tranzit yol kimi istifadə edir, kimyəvi və digər vasitələrin basdırılması, başqa ölkələrdən olan insanların Qarabağda qanunsuz şəkildə məskunlaşdırılması, səngərlərin qazılması və s… kimi işlərlə məşğul olurlar. Onların bizim ərazilərdə hərbi təlimlər keçirtməsi bir az qabaqlayıcı tədbirlər kimi nəzərdə tutulub. Çünki Azərbaycanın irimiqyaslı hərbi təlimlər keçirtmək planından xəbərdar idilər. Yəni bu, bir növ əzələ nümayişidir. Hesab edirəm ki, bu cür əzələ nümayişinin də heç bir mənası yoxdur. Çünki kimin hansı gücə malik olduğu göz önündədir. Və kimin də kimə güvəndiyindən nə işlər gördüyü göz önündədir. Ermənistan Rusiyanın əyalətidir və onun istəklərinə uyğun davranır. Əslində, heç müharibə də bitməyib, sadəcə olaraq fazadadır. Əgər qısa zaman ərzində danışıqlar heç bir nəticə verməsə və böyük güclər üzərilərinə götürdükləri işi yerinə yetirməsələr, məsələnin dinc yolla həllinə nail olmasalar, bütün hallarda Ermənistan müharibəyə başlamasa, bizim başlamağımız labüddür. Biz torpaqlarımızı azad etməliyik, bunun başqa alternativi də yoxdur”.



Gülnarə Eynullaqızı
Yeniçağ.az
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed